Kreml Bəşər Əsədi qurban verir - BÖYÜK XƏYANƏT


Kreml Bəşər Əsədi qurban verir - BÖYÜK XƏYANƏT

Suriya məsələsinin yenidən savaş müstəvisinə keçməsi orada söz sahibi olmağa çalışan dövlətləri üz-üzə gətirib.

Bir müddət əvvəl Türkiyə, Rusiya və İran üçlüyü Suriya məsələsində müttəfiq ölkələr idi. Amma son proseslərdə Rusiyanın Suriyada Türkiyəyə qarşı atdığı addımlar münasibətlərdə soyuqluq yaratdı. Hazırda Türkiyə İdlibə hərbi müdaxilə etmək üçün hazır vəziyyətdə olduğunu rəsmi şəkildə bəyan edib. Bu da gərginliyi bir qədər artırıb.

Maraqlıdır, Suriya məsələsində yaşanan son hadisələr Türkiyəni Rusiya və İranla üz-üzə qoya bilərmi?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, bu proses Rusiya və İranın xeyrinə işləməyəcək:

“Türkiyə NATO ölkəsidir. Türkiyəni arxasında aşağı-yuxarı nə qədər istəməsələr belə NATO var. Ona görə də onlar Türkiyənin ərazi bütövlüyü üçün təhlükə yarada bilməzlər. Onlar əgər bacarsalar Suriyada Türkiyəyə güclü zərbə vura bilərlər. Amma vəziyyət heç də Rusiya və İranın xeyrinə inkişaf etməyəcək. Çünki ötən gün ABŞ rəsmiləri Türkiyənin mövqeyini müdafiə edən bəyanatla çıxış etdilər. Bildirdilər ki, Türkiyənin atəşkəslə bağlı çağırışını dəstəkləyirlər. Eləcə də Makron, Merkel və Putin arasında olan telefon danışığı zamanı da Türkiyə ilə bağlı məsələyə diqqət çəkilib.

Bəyan olunub ki, Suriya məsələsini Ərdoğanla müzakirə etmək lazımdır. Bütün bunlar özü- özülüyündə Türkiyənin mövqeyinin üstünlüyünü təsdiqləyən amildir. İran və Rusiya ABŞ-ın və Qərbin müxtəlif səviyyəli sanksiyalarına məruz qalıb. Rusiya və İran Suriyada bir növ Qərbdən acıq çıxmağa çalışır və özlərini göstərməyə cəhd edirlər. Odur ki, ABŞ İran və Rusiya ilə vuruşan tərəf kimi Türkiyəni seçirlər. Bu, heç də Rusiya ilə İrana başucalığı gətirməyəcək. Çünki Türkiyə həm İranı, həm də Rusiyanı beynəlxalq aləmdə müxtəlif məsələlərlə bağlı müdafiə edib. Eyni zamanda Rusiyanın Türkiyə ilə 2 milyardlıq enerji layihəsi var. "Cənub axını" qaz boru kəməri kimi böyük layihələr var. Rusiya o böyük layihələrə görə çətin ki, Türkiyəni Bəşər Əsədə güzəşt etsin”.

S.Soltan qeyd edib ki, beynəlxalq aləm, o cümlədən Türkiyə Bəşər Əsədi prezident kimi tanımır, öz millətinin qatili kimi görür. Rusiya və İran isə qatil sayılan Bəşər Əsədi müdafiə edir və onu legitim hakimiyyət hesab edir:

“Rusiya və İran beynəlxalq ictimaiyyətin Suriya ilə bağlı mövqeyinə qarşı çıxır. Bu da Suriyada İran və Rusiyanın beynəlxalq aləmə münasibətinin göstəricisidir. Düşünürəm ki, yaxın zamanda Rusiya və İrana qarşı Suriya ilə bağlı da sanksiyalar tətbiq edilsin. Bununla da İran və Rusiya ciddi itkilər verə bilər. O sanksiyaların ardınca Rusiya və İran Suriya məsələsində yumşala bilər. Doğrudur, Rusiya iddia edir ki, Suriyada vuruşanlar muzdlu “Vaqner” dəstəsidir. Amma Rusiyanın Hərbi Hava Qüvvələrinin Türkiyənin müşahidə və yaşayış məntəqələrini bombalaması göstərir ki, “Vaqner” sadəcə olaraq, bir pərdədir. Əslində Rusiya Silahlı Qüvvələri və “Vaqner” dəstəsi Suriyada Bəşər Əsəd tərəfindən Türkiyəyə qarşı savaşır. Bu da nə müttəfiqliyə, nə əməkdaşlığa, nə də qonşuluq prinsipinə yaraşmayan əməllərdir ki, Rusiya həmişəki səhvlərini təkrarlayır”.

Politoloq hesab edir ki, Suriya məsələsi həm də Rusiya və İran üçün beynəlxalq danışıqlarda alver predmeti ola bilər:

“Yəni siz bizə bu güzəştləri edin, biz də qarşılığında Bəşər Əsədi sizə qurban verək. Hər halda gələn həftə Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü nəzərdə tutulur. Bu görüşdə ola bilsin ki, Suriyanın indiki durumu və gələcəyi ilə bağlı müəyyən nəticələr əldə edilsin”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 21-02-2020, 13:52
Xəbəri paylaş





Xəbər lenti