
Elxan Şahinoğlu: "Proporsional seçki sistemi ölkədə partiyalaşmanı gücləndirə, siyasi mübarizəni yeni mərhələyə çıxara bilər"
Vüqar Məmmədov: "Əgər seçilərəmsə, parlamentdə qaldıracağım ilk məsələlərdən biri proporsional seçki sisteminin bərpası ilə bağlı olacaq"
Əhməd Oruc: "Nə qədər ki, bunlar hakimiyyətdədir, Azərbaycanda proporsional seçki sistemi bərpa olunmayacaq"
Bildiyiniz kimi, bu gün ölkədə seçki sistemi majoritar sistemə əsaslanır. Buna görə də millət vəkilliyinə namizədlər parlament seçkilərində fərdi qaydada iştirak edirlər. Proporsional seçki sistemində isə seçicilər səslərini ayrı-ayrı şəxslərə deyil, partiyaların təqdim etdiyi namizədlər siyahısına verirlər. Buradan da aydın şəkildə görünür ki, proporsional seçki sistemi həm Azərbaycanda demokratik mühitin yaradılması, həm vətəndaşların siyasi cəhətdən aktivləşməsi, həm də partiyaların inkişafı, onların ölkənin siyasi həyatına təsir imkanlarının artması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Majoritar sistemdə isə bunun əksinə, siyasi təşkilatlar inkişaf edə bilmir. Məhz elə bu səbəbdən də partiya liderlərinin, politoloqların bir çoxu hakim Yeni Azərbaycan Partiyasının proporsional seçki sisteminin bərpasında maraqlı olmadığını bəyan edirlər. Onların fikrincə, ölkədə partiyaların zəifləməsi, siyasi sistemdə mövqelərinin azalması prosesinə proporsional seçki sisteminin ləğvindən sonra start verilib.
"Ümid edirəm ki, seçkilər demokratik və şəffaf keçəcək, beynəlxalq aləmin təzyiqləri ilə üzləşməməyimiz üçün ciddi pozuntular olmayacaq"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə ilk öncə onu qeyd etdi ki, ötən seçkilərdən fərqli olaraq, bu dəfə müəyyən canlanma hiss olunur: "Belə ki, rəqabət güclüdür, namizədlər arasında yeni şəxsləri görürük. Küçələrdə, zallarda müzakirələr gedir, toplantılar keçirilir. O cümlədən, fərqli fikirlər səsləndirilir. Təbii ki, namizədlər bir-birinə qarşı müəyyən ittihamlarla çıxış edirlər və bu, kifayət qədər normaldır. Əslində, bütün bunlar müsbət görüntü yaradır. Əsas odur ki, seçkilər şəffaf, demokratik keçsin və növbəti parlament öncəkindən keyfiyyətcə fərqlənsin".
Bugünlərdə ölkə başçısının Davosda çıxışı zamanı fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə də toxunduğunu və əhalinin etimad etdiyi şəxslərin seçiləcəyini bildirdiyini deyən politoloq seçkilərin demokratik və şəffaf olacağına ümid etdiyini vurğuladı: "Prezident bu istiqamətdə iki hədəf qoyub. Birincisi, yeni parlamentin üzvləri qanunvericiliklə fəal şəkildə məşğul olmalıdırlar. Yəni artıq notarius rolunu oynamamalıdırlar. İkincisi isə deputatlar öz dairələrinə bağlı olmalıdırlar. Yəni onlar seçici ilə birbaşa təmasda olmalı, mütəmadi insanlarla görüşməlidirlər. Bu dəfəki seçkidə müşahidə etdik ki, namizədlərin bir çoxu vətəndaşlarla ünsiyyətdə maraqlıdır, qapı-qapı gəzib onlarla görüşür, seçiciləri düşündürən sualları cavablandırırlar. Əslində bunun özü də müsbət yenilikdir. Ümid edirəm ki, seçkilər demokratik və şəffaf keçəcək, beynəlxalq aləmin təzyiqləri ilə üzləşməməyimiz üçün ciddi pozuntular olmayacaq".
Prezidentin proporsional seçki sisteminin əleyhinə olduğunu söyləyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, ölkə başçısı açıq şəkildə vurğulayıb ki, Azərbaycan üçün majoritar seçki sistemi faydalıdır: "Çünki bu halda vətəndaş birbaşa deputatını tanıyır, millət vəkili seçicisi ilə bilavasitə təmasda olur. Mənim mövqeyim isə bundan ibarətdir ki, proporsional seçki sistemi daha məqbuldur. Ona görə ki, bu, Azərbaycanda partiyalaşmanı gücləndirə, siyasi mübarizəni yeni bir mərhələyə çıxara bilər. Lakin hazırda majoritar sistemdir və yaxın illərdə proporsional seçki sisteminə keçid gözlənilmir".
"Ölkə başçısının Davosda çıxışı zamanı növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi vəd mənə bu məsələdə prezidentə inanmağıma əsas verir"
"Hürriyyət" qəzetinin sabiq baş redaktoru, 25 saylı Nizami ikinci seçki dairəsindən millət vəkilliyinə namizəd Vüqar Məmmədov isə bildirdi ki, seçki marafonuna qatılmasının əsas səbəbi məhz prosesə olan inamı ilə bağlıdır: "Yəni əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə həm İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın parlament seçkiləri ilə bağlı ortaya iradə qoyması və bunun ardınca prezidentin köməkçiləri tərəfindən ardarda seçkilərlə əlaqədar bəyanatların səsləndirilməsi, o cümlədən ölkə başçısının Davosda çıxışı zamanı növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi vəd mənə bu məsələdə prezidentə inanmağıma əsas verir. Yəni bu, seçkilərin şəffaf və demokratik keçiriləcəyinə əminlik yaradır. Prezident Davosda çıxışı zamanı belə bir fikir ifadə etdi ki, 9 fevralda keçiriləcək parlament seçkiləri Azərbaycanda yeni bir mərhələnin başlanğıcı olacaq. Odur ki, mən ölkə başçısının bu vədinə səmimi qəlbdən inanıram. Bu gün ölkə başçısının ətrafında olan şəxslər həm təhsil, həm yaş, həm də şəxsi keyfiyyət baxımından öncəkilərdən ciddi şəkildə fərqlənirlər. Belə ki, yeni kadrlar köhnələri qədər yalançı ola, prezidenti aldada bilməzlər. Düşünürəm ki, əgər bu qədər vədlərdən sonra 9 fevralda baş tutacaq seçkilərdə total saxtakarlıqlar olarsa, bu işə rəhbərlik edən şəxslər dövlət başçısı tərəfindən ciddi şəkildə cəzalandılacaqlar". Hazırkı mərhələyə qədər seçki prosesində hər hansı bir qanun pozuntusuna rast gəlmədiyini vurğulayan Vüqar Məmmədovun sözlərinə görə, namizədlər arasında rəqabət kifayət qədər şəffafdır: "Hər kəs qanun çərçivəsində istədiyi addımı ata, istədiyi yerdə görüş keçirə bilər. Yəni dairə seçki komissiyası bizə tam sərbəstlik verib, heç birimizə də fərqli münasibət bəslənilmir. Dairə seçki komissiyasının sədri 2-3 gündən bir namizədlərlə əlaqə saxlayır, kimin nə kimi problemi olması ilə maraqlanır və onların həllinə hazır olduğunu bəyan edir".
"Sağlam qüvvələrin partiyalarda toplanması, əhalinin siyasi səfərbərliyi üçün proporsional seçki sistemi mütləq lazımdır"
Eyni zamanda, proporsional seçki sistemi ilə əlaqədar fikirlərini dilə gətirən millət vəkilliyinə namizəd hesab edir ki, sözügedən seçki sisteminə keçid olduqca mühüm əhəmiyyət kəsb edir: "Əgər seçkilər şəffaf, demokratik keçirilərsə və nəticədə millətin seçdiyi şəxslər parlamentdə təmsil olunarsa, o zaman şəxsən mən proporsional seçki sisteminin bərpası ilə bağlı Milli Məclisdə məsələ qaldıracam. Çünki ölkəmizin yerləşdiyi coğrafi mövqeyi və qonşularımızın bizə heç də xoş münasibət bəsləmədiyini nəzərə alsaq, mütləq Azərbaycanda əhalinin siyasi aktivliyini artırmaq, vətəndaşları seçki prosesinə cəlb etmək lazımdır. Əks təqdirdə, yenə də parlament Prezident Administrasiyası tərəfindən formalaşdırılacaq, yəni təyinatla olacaq, ya da ki, milli düşüncəli partiyaların siyasi aktivliyi olmadan seçkilərə getdikdə Milli Məclisə Rusiya və ya İranmeyilli insanlar, o cümlədən pullu şəxslər daxil olacaq. Təbii ki, hər iki variantın heç biri ölkəmizə yaxşı heç nə vəd etmir. Odur ki, siyasi partiyaların aktivliyini artırmaq, əhalinin siyasi proseslərdə daha yaxından iştirakını təmin etmək üçün proporsional seçki sistemi bərpa olunmalıdır. Bundan başqa, dövlət millin düşüncəli partiyalara ciddi şəkildə nəzarət etmək şərti ilə onlara vəsait ayırmalı, fəaliyyətlərini gücləndirmələri üçün siyasi təşkilatlara 1 il vaxt verilməlidir. İnandırım sizi, hər partiyaya aylıq 40-50 min manat ayrılarsa, dövlətimiz bundan kasıblamaz, ziyan çəkməz. Əksinə, dövlət bu məsələdə udacaq. Çünki bu halda siyasi partiyalardan daha aktivi, bacarıqlısı, işinin öhdəsindən gələnləri irəli keçəcək, digərləri isə yerində saydığına görə ayrılan maliyyədən məhrum olacaq. Bunun nəticəsində ölkədə siyasi partiyalar daha da güclənəcək, əhalinin siyasi proseslərə, seçkiyə marağı birə-beş artacaq. Düşünürəm ki, bu, mütləq baş verməlidir. Əks təqdirdə, bir partiyalı sistemlə çox uzağa getmək mümkün deyil. Bildiyiniz kimi, kommunist partiyasında zəifləmə, dağılma baş verən kimi ardınca SSRİ də dağıldı. Odur ki, əgər belə davam edərsə, bu hökumət nə vaxtsa YAP-la dağılacaq. Ona görə də əgər seçilərəmsə, parlamentdə qaldıracağım ilk məsələlərdən biri proporsional seçki sisteminin bərpası ilə bağlı olacaq. Çünki sağlam qüvvələrin partiyalarda toplanması, əhalinin siyasi səfərbərliyi üçün bu, mütləq lazımdır".
"Mahiyyətcə Azərbaycan hakimiyyəti ölkədə hər hansı bir partiyanın inkişafında maraqlı deyil"
Növbədənkənar parlament seçkilərinin ölkədə nəyisə dəyişəcəyinə zərrə qədər də olsun, inamının olmadığını vurğulayan Azadlıq Partiyasının sədri Əhməd Oruc isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, seçkilər müxalifətin bir qədər hazırlıqsız vaxtında, şəraitin ən uyğun olmadığı bir zamanda keçirilir: "Həmin seçki mühiti durur, ölkəni idarə edənlər və həmin seçki komissiyaları yerindədir. Onların isə nə dərəcədə demokratik seçki keçirdiyi son bələdiyyə seçkilərində bir daha özünü göstərdi. Hesab edirəm ki, bu seçkilər müxalifətin bir qədər hazırlıqsız vaxtında, yəni şəraitin ən uyğun olmadığı bir zamanda keçirilir. Bununla da hakimiyyət guya müxalifəti çıxılmaz duruma salır və seçkiləri daha asan yolla saxtalaşdırır, öz istədiklərini yenidən parlamentə seçir. Yəni parlamentin buraxılması, sonradan isə həmin şəxslərin yenidən namizədliyini irəli sürməsi və onların təkrarən parlamentdə təmsil olunması, əslində bunun parlament yox, teatr səhnəsi olduğunu ortaya çıxarır. Ona görə də mən bu seçkilərdən Azərbaycan üçün xeyirli heç nə gözləmirəm".
Proporsional seçki sistemi ilə bağlı məsələyə gəlincə, partiya sədri bildirdi ki, hakimiyyətin davranış və yanaşma tərzi, proseslərə münasibəti formal xarakter daşıyır: "Yəni hakimiyyət çoxpartiyalı sistemdən də özünü sivil dövlət kimi göstərmək üçün istifadə edir. Lakin mahiyyətcə Azərbaycan hakimiyyəti ölkədə hər hansı bir partiyanın inkişafında maraqlı deyil. Əksinə, proseslərə real təsiri olan, iqtidarın siyasətini tənqid edən partiyalara qarşı kəskin mövqe nümayiş edilir. Bildiyiniz kimi, proporsional seçki sistemi ölkədə siyasi institutların, siyasi partiyaların daha da güclənməsinə şərait yaradır. Ona görə də bu seçki sistemi hakimiyyətin maraqlarına qətiyyən uyğun deyil. Bu səbəbdən də nə qədər ki, bunlar hakimiyyətdədir, Azərbaycanda proporsional seçki sistemi bərpa olunmayacaq".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org