
Dünən Meydan TV-nin əməkdaşı, jurnalist Həbib Müntəzir 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində hansı namizədlərin deputat mandatı alacağı ilə bağlı siyahı yayımlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin siyahıda adları keçən şəxslərin böyük əksəriyyəti buraxılmış Milli Məclisin deputatlarıdır. Və jurnalist iddia edir ki, onun açıqladığı siyahı hakimiyyətin seçmək istədiklərindən ibarətdir və dəqiqdir. Lakin seçkilərə qatılmış namizədlərlə yanaşı, siyasi fəallar və təşkilat rəhbərləri belə bir siyahı məsələsinin gündəmə gətirilməsini heç də doğru addım kimi qəbul etmirlər. Hətta bəziləri buna ciddi şəkildə etiraz edirlər.
Anar Məmmədli: “Belə siyahılar hazırlamağın zərərli tərəfi var”
SMDT sədri Anar Məmmədli bununla bağlı yazır ki, parlament seçkisi öncəsi “seçiləcəklərin” siyahısını hazırlamaq çox sadə və asan məsələdir. Onun sözlərinə görə, hər kəsə seçkinin gedişi bir neçə həftədə bəlli olur. “Amma uzun illər seçki mədəniyyətinin darmadağın olduğu ölkə üçün belə siyahılar hazırlamağın zərərli tərəfi də var. Çünki bilərəkdən, və ya bilməyərəkdən seçkidə azad iradənin qələbəsini təbliğ edən qruplara qarşı hörmətsizlik olunur. Bununla da, hakim siyasi iradənin “fövqəlgücünə” inam aşılanır. Şübhəsiz ki, kimslərsə qələbəsini hansısa kabinetdə təmin etməyə çalışır. Ancaq hazırda 5-10 namizəd var ki, maksimum seçiciləri inandırmağa, siyasi fəallığı artırmağa cəhd edir. Vətəndaş qrupları məhdud imkanlar çərçivəsində seçki prosesində ictimai nəzarətin qurulmasını təbliğ edir. Qısası, bu, “Sizif əməyi”nə bənzəsə də, vətəndaş hələ son sözünü deməyib”.
Nazim Bəydəmirli: “Namizədlərə yumşaq desəm haqsızlıq edir”
Deputatlığa namizəd Nazim Bəydəmirli də qeyd edir ki, belə yanaşma doğru deyil. “Müxalifət liderləri 9 fevralda hakimiyyət tərəfindən artıq "seçilmiş deputat siyahıları" elan etməklə milyonlarla seçicilərə, 100-lərlə namizədlərə yumşaq desəm haqsızlıq edir, insanları seçki institutuna inamlarını daha da sarsıtmağa, seçki fəallığını azaltmağa cəhd edir. Mənim mövqeyim ondan ibarətdir ki, seçki günü qalibi hər kim elan etsə də, qalibin legitimliyi bütün sivil dünyada olduğu kimi, ancaq mübarizəyə qoşulanlar tərəfindən tanındıqda keçərlidir. Mən isə öz qalibiyyətimə əminəm!”
Vüqar Əliyev: “Niyə bu cür paylaşım edib, insanları çaşdırırsız?”
Bir digər deputatlığa namizəd Vüqar Əliyev Həbib Müntəzirin açıqladığı siyahıya münasibəti belə olub. “Sadəcə Həbibə bir sualım var. Kampaniya yeni başlayanda sizdən soruşdum ki, mənim görüşlərimdən olan videoları göndərsəm, yaya bilərsiz? Cavab yazdız ki, biz seçki təbliğatına qoşulmuruq, üzrlü sayın. Elə isə, indi niyə bu cür paylaşım edib, insanları çaşdırırsız? Düşünmürsüz ki, bu bizim əməyimizə çox böyük hörmətsizlikdir?”
O bildirir ki, seçkiləri kiməsə normal seçki kimi sırıyan yoxdur. “Seçki hələ başa çatmayıb ki, onun nəticələrini tanıyan olsun. Cəmiyyətdə fərqli mövqelərin olması təbiidir. Hazırda 50-dək seçki dairəsində iqtidaryönlü namizədlərin şansı çox aşağıdır. Bu dairələrdə ciddi seçici fəallığı olarsa, bu siyahıları hazırlamaq mənasız iş olacaq. Hakim siyasi iradəyə qarşı elə bu dairələrdə ciddi müqavimət olarsa, fərqli siyasi mənzərə yarana bilər. Bu imkan varkən, siyahılar paylaşmaq və ya yaymaq elə hakim siyasi qüvvənin marağına uygundur”.