Köhnə qvardiyanın gizli müqaviməti

 

Növbədənkənar parlament seçkiləri prosesinin bura qədər olan mərhələləri yaxşı keçdi - buna söz yoxdur.  Ən əsası deputatlığa iddialı şəxslərin az qala hamısının namizədliyi qeydə alındı, heç kəsə problem yaradılmadı (istisnalar ola bilər). Yaxşı ki, belə oldu, prosesə kölgə salınmadı.

Əgər sonrakı mərhələdə öz namizədliyindən imtina edən şəxslər DSK-da qeydə alınmasaydılar, yəqin ki, onların bir çoxunun qara-qışqırığından qulaq tutulardı. Bəziləri Avropa İnsan Haqları Məhkəməsinə qədər gedərdilər. Amma budur, namizədlikləri qeydə alındı, özləri iddialarından vaz keçdilər.

Demək, bu daha yaxşı variantdır: heç kəsin qarşısını süni baryerlərlə kəsmirsən, adam özü öz gücünü bilir, ya da elə startdaca tamahına məğlub olur, geri çəkilir.

Bəzi dairələrdə isə sırf DSK sədrlərinin təşəbbüsü ilə namizəd olmaq istəyənlərə və namizəd olanlara müəyyən problemlərin yaradılması halları qeydə alındı. Sonradan MSK namizədlərin tələbini yerinə yetirərək ədaləti bərpa etsə də, ortaya çıxdı ki, aşağılarda hələ də köhnə qaydalarla işləmək istəyənlər var.

Onlar belə vərdiş ediblər. Yuxarılardan direktiv gələcək və rayon yerlərində seçki keçirənlər tərəf tutacaqlar. Bəzi DSK sədrlərinin isə tutduqları postun imkanlarından şəxsi maddi marağı üçün yararlanmaq fikrində olduğu barədə informasiyalar yayıldı.

Bir də uzun illərdir (20 ildən çox) deputat olan, bu müddət ərzində xalqın yaralı barmağına ilk tibbi yardım göstərməyən varlı deputatlar var və onlar öz kreslolalarından dördəlli yapışıblar, yenidən mandat qazanmaqdan ötrü hər yola əl atırlar.

“Hər yol” deyiləndə buraya inzibati resurslardan və köhnə əlaqələrdən istifadə, seçicilərin pul-para və sovqatla ələ alınması kimi qara yolla daxildir. Xüsusilə sonuncu lap axırıncı yoldur.

Bu, dövlət rəhbərliyi tərəfindən elan olunmuş islahatlar kursuna ziddir. Parlamentin köhnə tərkibi müasir tələblərə cavab vermədiyi üçün buraxılıbsa, o tərkibin 75-80 faizinin yenidən seçkilərə qatılması absurddur.

Hakim partiya administrativ gücündən istifadə edərək parlamentdə görmək istəmədiyi sabiq deputatları namizəd irəli sürməsə də, belə görünür ki, “bitərəf deputatlar”a təzyiq göstərilməyib. Onlara “namizəd olursunuzsa, olun, özünüz bilərsiniz” eyhamı edilib və onlar az qala hamısı bir nəfər kimi yenidən deputat mandatı əldə etmək eşqinə düşüblər. 

Bu sırada adlarını qeyd etmək istədiyim 2 namizəd var. Bunlardan biri Binəqədidən deputat olan, 30 illik deputatlığı dövründə 3 dəfə danışmayan Madər Musayev, ikincisi Maştağa-Nardaran-Zabrat qəsəbələrini təmsil edən Eldar Quliyevdir. İkincinin iştəkləri haqqında rəqibi Aygün Muradxanlı aşağıdakı qeydləri yazıb:

“Seçicilərlə görüşümə sinif yoldaşım, şəhid Mirəli Mirəliyevin anası Bilqeyis xanımı da çağırmışdım. Tədbirdən sonra Eldar Quliyevin adamları onun evinə gediblər ki, biz sənə ət göndərmişdik, niyə gedib rəqibin məclisində çıxış edirsən? Telefonu susmur qadının... Zəng zəng dalınca... Oxuyun, görün o və çevrəsi nə işlərlə məşğuldur. Maştağada şəxsiyyət vəsiqəsi tapmırıq. Hədə-qorxu ilə, zorla şəxsiyyət vəsiqələrini yığdırır”.

Belə aydın olur ki, bu işdə Quliyevə kömək edənlər var və bunları ölkədə nəzərdə tutulan islahatı sabotaj edənlər adlandırmaq olar.

Builki seçkilərdə mandat uğrunda mübarizənin daha gərgin olduğu 35 saylı seçki dairəsində də sabotaj səciyyəli olaylar baş verdi. Bu dairədə əvvəlcə Qusardan tapılıb gətirilən Rauf Abbasov adlı feyk namizədə, müraciətini arayıb-araşdırmadan imza vərəqləri verdilər, sonra onun namizədliyini qeydə almaqdan imtina etdilər, daha sonra isə MSK həmin namizədin qeydə alınmamasıyla bağlı qərarı ləğv etdi və adam qeydə alındı.

Bu oyunun məramı, məqsədi gün kimi ortada olduğu halda qusarlı xəstə adamın adı bülletendə gedəcək. Halbuki yarışmaya hər hansı bir ləkə düşməməsi üçün o saxta, “klon” namizədin namizədliyi ləğv olunmalıydı. O, 150-200 səs alsa belə, bu, Rauf Arifoğlunun kisəsindən getmiş sayılacaq.

Əslində hələ seçki kampaniyasına start verildiyi gündən bilinirdi ki, “köhnə qvardiya” bu və ya digər şəkildə müqavimət göstərəcək. Təbiidir. Bütün yeniliklər, dəyişiklik təşəbbüsləri daima müqavimətlə qarşılaşır.

Pis olan odur ki, o cür qüvvələrin əlində rıçaqlar da var. Demək, DSK sədrlərinin bir çoxu vaxtında dəyişilməliydi ki, onlar müqavimət göstərənlərin əlindəki alətə çevrilməsinlər.

Xalid KAZIMLI
Tarix: 29-01-2020, 08:42
Xəbəri paylaş





Xəbər lenti