"Həmin ölklərlə Türkiyə danışıq aparmalıdır, onların tərəf müqabili Ankara olmalıdır"
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mətbuata açıqlamasında dağlıq Qarabağ münaqişəsinin düyünə düşmüş həlli ilə bağlı maraqlı fikirlər səsələndirib. Eks XİN başçımız illərdi imitasiya siyasəti aparan işğalçı Ermənistanla deyil, onun sahibi olan Rusiya ilə danışmağın zəruriliyini bildirib.
Maraqlıdır ki, zaman-zaman millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev də təxminən eyni mövqeə ilə çıxış edərək Rusiya ilə oturub açıq danışmağın yeganə çıxış yolu olduğunu vurğulayır.
Maraqlıdır, Ermənistanın ipi təkcə Moskvanınmı əlindədir? Yaxud ermənilərin bu dünyada neçə sahibi var?
Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı
Moderator.az-a açıqlamasında deyir ki, işğalçı ilə ancaq və ancaq onun başa düşdüyü dillə danışmaq lazımdır:
"Hörmətli eks nazir Zülfüqarovdan və millət vəkili Qüdrət Həsənquliyevdən fərqli olaraq mən bu fikirdəyəm ki, danışıqlar heç kəslə aparılmamalıdır. Hər şey ortadadır. Rusiya da, o biri həmsədr ölkələr də Azərbaycan torpaqlarının de-yure Ermənilərə verilməsi ilə bağlı vasitəçilik yürütməkdədirlər. İndiyəcən 6 belə plan təqdim edilib: paket, mərhələli, “ümumi dövlət”, Ki-Uest planı, daha sonra ABŞ-ın Minsk qrupunu iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, “Madrid prinsipləri”. İndi bu plan müzakirə edilir və nəticə yoxdur. ., Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və s. də planda yer alır. Bu prinsiplərin sırasında ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik var, amma Ermənistan Azərbaycanın bu güzəştlərinə rağmən danışıqlar prosesini pozur. Onlar istəyirlər ki, həmsədrlərin yardımı ilə Dağlıq Qarabağı Azərbaycanın əlindən alsınlar. Nə etməliyik? Sadəcə olaraq indi Azərbaycan danışıqlar prosesinin iflasa uğradığını həm Rusiyanın, həm də digər həmsədr ölkələrin nəzərinə çatdırıb, onların vasitəçiliyindən imtina etməlidir. Əslində bu illər ərzində biz Ermənistan plyus Rusiya, Fransa və ABŞ-la danışıqlar aparmışıq. Bunu vaxtilə eks prezident Levon Ter - Petrosyan da ifadə etmişdi:
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırdırmı?” sualına sabiq prezident belə cavab vermişdi: “Bu, tamamilə başqa məsələdir və bəlkə də heç Azərbaycandan asılı deyil. Bəlkə də, bu məsələni də beynəlxalq birlik müəyyən edəcək. Qarabağın statusunu Azərbaycan yox, Minsk qrupunun həmsədrləri müəyyən edəcək. Vəssalam. Sadəcə bu, onlar üçün birinci dərəcəli məsələ deyil. Odur ki, bu istiqamətdə ciddi səy göstərmirlər. Münaqişənin həll olunmaması da tərəflərin deyil, vasitəçilərin günahıdır”.
Onun sözlərindən də məlum olur ki, Ermənistanın yiyəsi təkcə Rusiya deyil. Biz onun yiyəsi, sahibini axtararkən çoxlu namizəd çıxacaq. Ən yaxşısı onun özü ilə haqq hesab çəkilməlidir. Özü də onların anladığı dildə. Deyəcəksiniz ki, paradoks deyilmi, ermənilərin yiyələri qoyarlarmı Azərbaycan Ermənistanı əzsin? Haqlısınız. Qoymazlar. Amma Azərbaycanın da arxasında hər zaman güvənəcəyi qüdrətli Türkiyəmiz var. Mən bu fikirdəyəm ki, həmin ölklərlə Türkiyə danışıq aparmalıdır. Onların tərəf müqabili Ankara olmalıdır".