Rauf Arifoğlu özü necə dəyişib? - “Əli bəy kişilik, qeyrət, nümunəsi göstərdi. Bu faktdır, hadisədir, tarixdir, gerçəklikdir”
İlk günlər dairəyə “mənim işim seçiciylədir” deyib gələn namizəd indi taktik dəyişib hər uğursuzluğu rəqibinə bağlamaqla məşğuldu. Onun elə seçki şüarlarından biri də belədir: “Hər şey dəyişəcək”. Uğurlu tapıntıdır. Elə bu illər ərzində də R.Arifoğlu özü də az dəyişməyib. Onun dəyişdiyi tək dostları deyil ki, adam bir zamanlar Əli Kərimlinin fanatı olmuş. Bəli fanatı. 2003-cü ilin məlum hadisələrindən sonra Arifoğlu həbsə düşdü və elə həbsxanadaca etiraf etdi ki, cəmi bir neçə il qabaq üzərinə ağıla gələn-gəlməyən hər cür ittiham yağdırdığı Əli Kərimli qeyrət nümunəsidir və Xalq Cəbhəsini, müxalif cameəni, demokratik düşərgəni irticadan qoruyub. Arifoğlunun o vaxt qəzetində çap etdirdiyi və sonradan “Demokratiya məhbəsdə” adlı kitabına daxil etdiyi həmin tərifləri sitat gətirəcəyik:– Doğrudan da, Əli bəy kişilik, qeyrət, dostluq nümunəsi göstərdi. Çox sevinirəm ki, mənim Əli Kərimliyə və onun təşkilatındakı dostlarıma olan inamım yanılmadı və çox məmnunam ki, partiyadakı (Müsavatı nəzərdə tutur-red.) bəzi dostlarımın onlara münasibəti tam yanlış çıxdı. (“Demokratiya məhbəsdə” kitabı, səh 40, “Yeni Müsavat” qəzeti 23.10. 2003).– Əli Kərimli Elçibəyin və bizim hər birimizin Cəbhəsini əldən verməmək, irticadan qorumaq, saxlamaq üçün bütün səmimi cəbhəçilərlə eyni işi gördü. Bəzən 2-3 cəbhədə vuruşdu – bir Cəbhəni qorumaq üçün. Və bütün sınaqlardan çıxdı. Bizimlədir. Bizimkidir. Və Əli Kərimli 16 oktyabrdan sonra 1993-cü ilin 4 iyunundan sonra Müsavatın AXC-yə etdiyinin əvəzini qaytardı. (“Demokratiya məhbəsdə” kitabı, səh. 75, “Yeni Müsavat” qəzeti 21.11.2003).– Azərbaycanda bir Xalq Cəbhəsi Partiyası var, o da Əli Kərimlinindir. Bu, yalnız mənim qənaətim deyil, belə olsaydı, öz subyektiv fikrimi bu cür israrla vurğulamazdım. Bu faktdır, hadisədir. Tarixdir, gerçəklikdir. Biz gerçəyi söyləməkdən çəkiniriksə, faktı danırıqsa, hakimiyyətdəki yalançılardan fərqimiz nədir? (“Demokratiya məhbəsdə” kitabı, səh. 60, “Azadlıq” qəzeti 25.03.2004).İndi Arifoğlu faktı, qənaəti, gerçəkliyi, tarixi satışa çıxarıb, mandat müqbilində. Belə dəyişimə “bazar olsun” demək günahdı. Çünki haram qazancı hər kəs üçün arzuolunmazdır…
Şahin Əhmədov Siam.az
Tarix: 21-01-2020, 09:35