"Görün, deputatlar 13 il ərzində qəbul edilən qanunlara öz bisneslərini qorumaq, inhisarçı mühit formalaşdırmaq üçün nə qədər A, B C, maddələri əlavə edə biliblər"

"Xatırlayıram ki, bir müddət öncə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yazılanlara münasibət bildirərkən baş nazirin müavini Əli Əhmədov bunu jurnalistlərin oxucu sayı artırmaq üçün etdiklərini bildirmişdi. İndi baxıram ki, oxucu, izləyici sayını pik nöqtəyə çatdıran deputat Xanhüseyn Kazımlının parlament komitəsindəki çıxışı olub". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Onun sözlərinə görə, adıçəkilən deputat bir əndrabadi çıxışı ilə Azərbaycan sosial media sektorunda trendə çevrilib: "Bir müddət öncə isə borc qalmaqalı ilə üzləşən və deputat mandatından imtina edən başqa bir deputat sosial mediada trendə çevrilmişdi. Ondan öncə isə vergiləri ödəməyən və dövlət məmurlarına qarşı zor işlədən daha bir deputat trendə çevrilmişdi. Buradan belə qənaətə gəlmək olar ki, əslində hörmətli Əli müəllimin arqumentləri ciddi deyil. Yəni, əslində oxucu və izləyici sayını mövcud parlamentin özündə baş verənlər, mövcud deputatların açıqlamaları və hərəkətləri, həmçinin də hərəkətsizliyi artırır. Yeri gəlmişkən, baş verənlər bir daha göstərir ki, növbədənkənar parlament seçkiləri hazırda prezident tərəfindən davam etdirilən islahatlara ciddi, çox böyük dəstək ola bilərdi".

Osman Gündüz hesab edir ki, bir neçə aktiv deputatı çıxmaq şərtilə, qalanları ancaq tormozlamaq, mənfi imic qazandırmaq, kölgə salmaqla məşğuldur: "Bir neçə gün öncə İTV-də deputat Vahid Əhmədovun çıxışını izlədim. Bu çıxış da yaxşı mənada trendə çevrilmişdi. Özüm bu haqda nə qədər yazsam da, birbaşa "mətbəxin" içərisində olan Vahid bəyin haqsız rəqabətlə, deputat-məmur biznesi ilə bağlı dediklərindən heyrətlənməmək mümkün deyil. Deputat açıq-aşkar deyir ki, bu Milli Məclis də, ondan əvvəlki də, həmçinin ondan da əvvəlkilər, 13 il ərzində bilərəkdən, qəsdən "Rəqabət Məcəlləsi"ni qəbul etməyə qoymayıblar. Ki, öz bizneslərinə birdən xələl gələr. İndi görün, bu cür qüdrətə malik deputatlar bu 13 il ərzində qəbul edilən qanunlara öz bisneslərini qorumaq, inhisarçı mühit formalaşdırmaq üçün nə qədər A, B C, maddələri əlavə edə biliblər. Növbədənkənar seçkilərin əleyhinə olanlaradır sözüm, bundan da betər sabotajçılıq ola bilərmi? Bundan da betər islahatlara əngəl yaratmaq ola bilərmi?! Görünür, prezident də artıq 13 il bu məcəlləni rədd edən Milli Məclisdən əlini üzdüyünə görə, hədsiz sərt formada mesajlar vermiş, islahatları sürətləndirmək üçün nazir Mikayıl Cabbarova inzibati üsullarla, "top-tüfənglə"də olsa inhisarçılığa, haqsız rəqabət aparanlara qarşı amansız olmağı tapşırmışdı. Məcəllə, qanunlar olmayanda, zatən başqa yol da qalmır. Anlamıram ki, bu deputatalar daha necə maneçilik etməlidirlər, necə əngəllər yaratmalıdırlar, hansı hərəkətlərə yol verməlidirlər ki, növbədənkənar parlament seçkiləri qaçılmaz olsun".   

  Siam.az