"Azərbaycanın bütövləşməsi əvvəl-axır qaçılmazdır" - "ABŞ sırf İranı parçalamaq üçün Bütöv Azərbaycan ideyasına dəstək verə bilər"

 Kənan Paşayev: "Lakin bu prosesin hazırkı vəziyyətdə baş tutması bizim üçün ağır proses olar, çünki bu böyüklükdə dövləti idarə etmək üçün potensialımız və iqtisadi gücümüz yoxdur"
Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, prezidentin sabiq köməkçisi, politoloq Eldar Namazov bugünlərdə axar.az-a verdiyi müsahibəsində olduqca maraqlı fikirlər səsləndirib. Belə ki, o, ABŞ-ın Bütöv Azərbaycan ideyasına dəstək verdiyini vurğulamaqla yanaşı, Cənubi Azərbaycan məsələsinin Konqresdə, o cümlədən Avropa Parlamentində qaldırıldığını bildirib: ""Nyu York Tayms" kimi qəzetdə dünyada hansı yeni dövlətlərin, o cümlədən Böyük Azərbaycan dövlətinin yarana biləcəyi ilə bağlı məqalələr dərc edilir, bunun real olduğu və regionun ən böyük dövlətlərindən biri ola biləcəyi qeyd edilir. Yəni maraqlarımızın üst-üstə düşdüyü dövlətlərin sayı kifayət qədər çoxdur və əgər öz layihəmizi irəli sürməsək, bu istiqamətdə çalışmasaq, bizi yenə də böyük itkilər gözləyir. Bu haqda ciddi düşünməliyik".
"İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər"
Məlumat üçün bildirək ki, bir neçə il öncə "Nyu York Tayms" qəzeti İrana hərbi müdaxilə ilə bu regionda, hətta indiki Türkiyədən də güclü yeni Böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazıb. Belə ki, müəlliflər Frank Ceykobs və Paraq Xannanın iddiasına görə, 21-ci əsrin əvvəlində dünyanın siyasi xəritəsi haradasa tamamlanmaq üzrə olan kimi görünürdü: "Amma belə çıxır ki, bu təsəvvürlər doğru deyil. Bu günlər daha bir neçə yeni dövlətin doğulması dalğasının başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər sovetlər birliyinin dağılmasında olan kimi hansısa siyasi dəyişiklik, ya da münaqişə nəticəsində yaranana oxşamır. Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər". Məqalə müəlliflərinin fikrincə, İranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir: "İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Cümhuriyyəti ilə birləşərək hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir. Bu dövlətin yaranması eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər".
Bu arada, bir məqamı da vurğulamaq lazımdır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Dana Rohrabaker 2012-ci ilin sentyabr ayında qurumun xarici əlaqələr komitəsinə azərbaycanlılarla bağlı qətnamə layihəsi təqdim etmişdi. Həmin layihədə qeyd olunurdu ki, Azərbaycan torpağı 1828-ci ildə Rusiya və İranın imzaladığı Türkmənçay müqaviləsiylə, azərbaycanlıların razılığı olmadan ikiyə bölünüb. Bu səbəbdən də Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququ olduğunu qeyd edən Rohrabaker bildirib ki, bunun nə Vaşinqtondakı bürokratlara, nə də İrandakı molla rejiminə dəxli var: "Azərbaycandakı etnik azərbaycanlılar suveren və müstəqil yaşayırlar. İrandakı azərbaycanlı əhalinin də eyni seçimi etməməsi üçün heç bir səbəb yoxdur. Bu prinsip İranda yaşayan bütün xalqlar üçün keçərlidir".
"ABŞ və onun qəbildən olan dövlətlərin marağında Azərbaycan kimi ölkələrin böyüyüb, inkişaf etməsi yoxdur, lakin..."

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə bu qənaətdədir ki, ABŞ və onun qəbildən olan dövlətlərin marağında Azərbaycan kimi ölkələrin böyüyüb, inkişaf etməsi yoxdur: "Lakin İran məsələsi Qərb üçün həqiqətən kritik məqam daşıyır. Amerika sırf İranı parçalamaq üçün bu prosesə dəstək verə, Cənubi Azərbaycanın Şimali Azərbaycana birləşməsinə, Bütöv Azərbaycan ideyasına dəstək ola bilər. Amma bu prosesin hazırkı vəziyyətdə baş tutması bizim üçün ağır proses olar".
Onun fikrincə, hazırda bu böyüklükdə dövləti idarə etmək üçün potensialımız və iqtisadi gücümüz yoxdur: "Kreml faktoru da bu prosesdə mühüm rola malikdir. Zənnimcə, bu prosesdə Kremlin Azərbaycana təzyiqləri arta bilər. Həm hərbi, həm də iqtisadi cəhətdən. Ermənistan tərəfi bizə qarşı yenidən qızışdırıla, Cənubi Qafqazda daha sərt və daha qanlı münaqişə ocaqları yarana bilər. Odur ki, ölkəmiz hələlik bu vəziyyətə hazır deyil. Lakin Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi həm bizim, həm də dünya üçün zəruri xarakter daşımaqla yanaşı, axır-əvvəl baş tutacağı qaçılmazdır".
Vazeh BƏHRAMOĞLU
Tarix: 5-10-2019, 14:52
Xəbəri paylaş





Xəbər lenti