AZƏRBAYCANDA "BİR PAYIZ AXŞAMI" İNQİLABI PLANLAŞDIRILIR?


AZƏRBAYCANDA "BİR PAYIZ AXŞAMI" İNQİLABI PLANLAŞDIRILIR?




Mirmahmud Mirəlioğlu: “Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr hakimiyyətdədir”

Elşad Musayev: “Ölkədə böhranı Azərbaycan hakimiyyətinin içində olanlar yaradır”

Əhməd Oruc: “Nə eləsə Azərbaycanın daxilindəki qüvvələr edəcək”

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın piketlə bağlı müraciətinə cavab verib və piketin oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçirilməsinə icazə verilib. Lakin aksiyada maksimum iştirakçı sayı 50 nəfər olmalıdır.

“Yeni Müsavat” qəzetinin yazdığına görə, belə iddialar var ki, insanların sıx olduqları metro stansiyaların çıxışlarını mitinq və ya piket üçün yer seçməklə Milli Şura ölkədə gərginlik, qarşıdurma yaratmaq istəyir. Qəzetdə yazılanalara görə, hətta bu cür fikirlər də səslənir ki, xaricdən “Bir payız axşamı” adı altında noyabrda Azərbaycanda inqilabın olacağı barədə başladılan kampaniyaya artıq bu cür gərginlik yaratmaq cəhdləri ilə indidən start verilib.

Hətta qəzetdə deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə “Bir payız axşamı”ndan da söz açıb: “Müxalifətin süni böhran yaratma cəhdlərini dəfələrlə görmüşük. Hər hansı bir ölkədə onun daxili proseslərindən yaranan bir böhranı süni surətdə Azərbaycana köçürməyə çalışırlar. Bu, onlarda alınmır və alınmayacaq da. Çünki istənilən addım o zaman uğur qazana bilər ki, cəmiyyət onu dəstəkləsin. Cəmiyyət isə bugünkü müxalifətin nəyini dəstəkləyəcək? Onlar xaricdən gələn tapşırıqlarla hərəkət edirlər. Əgər bunların maliyyə dəstəyi xaricdən gəlirsə, Azərbaycanda vəziyyəti Suriya, Liviya və bu kimi ölkələrə döndərməyə çalışırlarsa, cəmiyyətimiz heç zaman onları dəstəkləyə bilməz”.

“Ağılları başlarına gəlib, vəssalam”

Картинки по запросу Mirmahmud Mirəlioğlu

BŞİH-in Milli Şuranın piket keçirməsinə icazə verməsi ilə bağlı Azərbaycan Klassik Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə dedi ki, bu? normal bir münasibətdir: “Hakimiyyət ağıllanıb, hesab edirlər ki, yer vermək lazımdır. Qeyri-adi bir şey yoxdur. O qədər qanunsuz, ağıldan kənar iş görüblər, bir dənə ağıllı iş görəndə sual yaranır ki, bu, nədən qaynaqlanır. Ağılları başlarına gəlib, vəssalam. Sən demə, qanunlara baxıblar ki, belə bir şey varmış. Hələ ki, belə qiymətləndirilir. İnşallah, yaşayırıq, nəticəsini görərik, görək, sonra nə olur”.

“Deyəsən, o ağıllanmağın ilkin əlaməti də bu piketə razılıq verməkdir”

“Ölkədə bir dənə qarşıdurma yaradan qüvvə var, o da Azərbaycan hökumətidir, iqtidarıdır, Yeni Azərbaycan Partiyasıdır. Təsəvvür edin, hamı deyir ki, gəlin, erməniyə qarşı birləşək, hətta bu yanlış siyasəti yürüdən hakimiyyətin özünün rəhbərliyi ilə döyüşə gedək. Baxmayaraq ki, bu hakimiyyətə inam yoxdur. Hakimiyyət yetkilisi Əli Əhmədov da deyir ki, “xalq müxalifətə qarşı birləşməlidir”.

O ki qaldı qarşıdurma və toqquşma məsələsinə, Azərbaycanda qarşıdurmanı da istəyən Azərbaycan hökumətidir. Azərbaycanda qarşıdurmaya və toqquşmaya gedəcək qüvvə yoxdur. Hələlik hər şey sivil qaydada gedir. İstər “bir payız axşamı” şüarını dəstəkləyənlər, istərsə də digərləri hakimiyyətin ağıllanacağına ümid bəsləyirlər. Deyəsən, o ağıllanmağın ilkin əlaməti də bu piketə razılıq verməkdir”, - deyə partiya sədri qeyd etdi.

“Xarici qüvvələrə stimul verən ən böyük qüvvə Azərbaycan iqtidarıdır”

M.Mirəliğlu vurğuladı ki, Azərbaycanın Güneyində də, Quzeyində də gərginlik yaratmaq istəyən qüvvələr, dövlətlər, onların xüsusi xidmət orqanları, fərdləri var: “Bunlar olmasaydı torpağımızın 20%-i 27 ildi işğal altında qalmazdı. Amma xarici qüvvələrə stimul verən ən böyük qüvvə də Azərbaycan iqtidarıdır, onun yanlış, yarıtmaz və millətin əleyhinə olan siyasətidir”.

“Azərbaycanda nə baş verəcəksə, o hökumətin siyasəti nəticəsində olacaq”

“Kimin nə deməyindən asılı olmayaraq, bizim də öz bildiklərimiz var. Azərbaycanda qarşıdurma yaratmaq istəyən, Aydın Mirzazadənin fikirlərini gerçəkləşdirmək istəyən qüvvələr Azərbaycan hakimiyyətindədir, Prezident Administrasiyasındadır, Milli Məclisdədir, Nazirlər Kabinetindədir. Yəni bütövlükdə onların yürütdüyü siyasətdə, qəbul elədiyi qərarlarda və icra eləyənlərdədir. Azərbaycan hakimiyyəti özü süni şəkildə, ya ağlı kəsmədiyinə, ya da bilə-bilə, ağıllı olaraq bu siyasəti yürüdür. Əslində, Azərbaycanda nə baş verəcəksə, istər bir payız axşamında, istərsə başqa bir zamanda deyilən və proqnozlaşdırılan və yaxud heç kəsin düşünmədiyi məsələlər gerçəkləşcəksə, o da Azərbaycan hökumətinin siyasəti nəticəsində olacaq. Nə ütülü danışmaqla, nə də “keçmiş belə olub” deməklə, bunların qarşısını almaq mümkün deyil. Kimin nə deməyindən asılı olmayaraq, nə olacaqsa, o da olacaq və bu olacaqların hamısının bütövlükdə məsuliyyəti də səbəbkar olduğuna görə Azərbaycan iqtidarının üzərindədir”, - deyə partiya sədri əlavə etdi.

“Hər kəsin sərbəst toplaşmaq azadlığı var”

Картинки по запросу Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə dedi ki, “Sərbəst toplaşmaq haqqında” qanuna hamı riayət eləməlidir: “Hər kəsin sərbəst toplaşmaq azadlığı var və bu hüquqdan istifadə eləməlidir. İndiyə qədər icazə verilmirdi. Bu, səhv idi. Bu gün belə addım atılıbsa, müsbət qarşılanmalıdır. Hansı zərurətdən yaranıb, bu artıq başqa söhbətin mövzusudur. Hər halda piket icazə verilibsə, müsbət addımdır”.

“Azərbaycan hakimiyyəti insanların sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmalıdı”

E.Musayev vurğuladı ki, ölkədə daxili gərginlik var: “Hakimiyyətin öz içində də, hakimiyyət-müxalifət arasında da, cəmiyyətdə də gərginlik var. Ən əsası bizim Qarabağ problemi həll olunmayıb. Bu, ciddi bir gərginlik ocağıdır, gərginlik yaradır. Dünyanın hər yerində elə piketlər insanların gur olduğu yerdə keçirilir. Kim gedib şəhərdən kənarda piket keçririr ki?! 50 dəfə gedib tələblərini şüar formasında elan edirlər, bunlar qadağa qoymaq üçün edilir. Ona görə, Azərbaycan hakimiyyəti insanların sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmalıdı. Kim piket keçirirsə, keçirməlidir. Onsuz da hakimiyyət kifayət qədər siyasi təşkilatları sıradan çıxardıb. Faktiki olaraq təzyiq olub. Ona görə, siyasi təşkilatlarla bağlı ironik dildə danışmaq düzgün deyil. Azərbaycan hakimiyyəti, cəmiyyəti o vaxt güclü olacaq ki, Azərbaycanın müxalifəti güclü olsun, yoxsa müxalifəti sıradan çıxarmaqla, onun bütün hüquqlarını əlindən almaqla, Azərbaycan hakimiyyəti nə qazanır ki. Elə məsələ var ki, onu Azərbaycan hakimiyyəti deyə bilmir, onu Azərbaycan müxalifəti deməlidir. Yəni güclü bir müxalifət olmalıdır ki, Azərbaycanın mənafeyinə qarşı çıxış edən hansısa iri bir güc, dövlət varsa, onunla hakimiyyət diplomatik münasibəti korlamaq istəmirsə, Azərbaycan müxalifəti bunu deməlidir. Müxalifəti sıradan çıxardandan sonra hansı problemi həll etmək olar?”

“Hansı xarici dövlət deyir ki, get 50 nəfərlə piket keçir”

E.Musayevin sözlərinə görə, dünyada o qədər dövlətlər var ki, özlərinin mənafeyinə uyğun bir iqtidar hakimiyyətə gətirmək istəyirlər: “Bunların heç bir istisna deyil. Amma onun 50 nəfərin piket keçirməsinə nə aidiyyatı var? Hansı xarici dövlət deyir ki, get 50 nəfərlə piket keçir. Yüz problemimiz var, bir piket keçirməliyik də. 1 nəfər də olsa, piket keçirə bilər. Deyək ki, bir 1 gedib Prezident Administrasiyasının qabağında etiraz edir, buna da imkan vermirlər, axı. Bunlar aradan götürülməlidir. Azərbaycan hakimiyyəti vəziyyəti dəyişmək üçün acılıma getməlidir”.

“Hamı barədə qeyri-müəyyən söz demək düzgün deyil”

“Ölkədə böhranı müxalifət yaratmır, Azərbaycan hakimiyyətinin içində olanlar yaradır, iqtisadiyyatı sökürlər, dağıdırlar. Əllərində fakt varsa ki, hansı müxalfət partiyası xaricdən maliyyə və tapşırıq alır, onu məhkəmə qarşısına çıxarsınlar, məsuliyyətə cəlb etsinlər. Hakimiyyət bunların əlindədir də. Əllərində fakt varsa ki, kim satqınçılıqla məşğuldur, Azərbaycanın mənafeyini satır, məhkəməyə çıxarsınlar. Kimi, nəyi gözləyirlər? Həmən o satqın kimdirsə məsuliyyətə cəlb eləsinlər, yoxsa hamı barədə qeyri-müəyyən söz demək düzgün deyil”,- deyə partiya sədri qeyd etdi.

“Çalışacaq aksiyanın maksimum effektini öldürsünlər”

Картинки по запросу Azadlıq Partiyasının sədri Əhməd Oruc

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə dedi ki, meriya bütün hallarda Milli Şuranın mitinq və piket keçircəyini nəzərə alaraq, belə bir addım atdı: “Onlar çalışacaq aksiyanın maksimum effektini öldürsünlər. Həmin yeri əhatəyə alıb, az sayda adamı buraxamaqla, nəqliyyatın hərəkətini dayandırmaqla, piketin effektini öldürməyə çalışacaqlar”.

““Bir payız axşamı” ilə bağlı söylənilənlər nağıldan başqa bir şey deyil”

Ə.Oruc hesab edir ki, ölkədə əsas gərginlik hakimiyyətdən qaynaqlanır: “Hakimiyyətin oğru, quldur, rüşvətxor, qaniçən siyasəti nəticəsində bu proseslərə cəmiyyətdə bir etiraz var. Ona görə, indiki dövrdə birmənalı şəkildə ölkədə baş verən özbaşınalıqlar hamısı hakimiyyətin siyasəti ilə bağlıdır və bütün proseslərin məsuliyyətini hakimiyyət daşıyır.

Qaldı ki, “bir payız axşamı” ilə bağlı söylənilənlər nağıldan başqa bir şey deyil. Çünki nə eləsə Azərbaycanın daxilindəki qüvvələr edəcək. Xaricdən gələn hansısa qüvvə heç Azərbaycan sərhədlərindən içəri keçmək imkanında belə deyil. Ona görə, mən hesab edirəm ki, gərginlik hakimiyyətin yarıtmaz, milli marağa zidd təslimçi, yalnız oğurlamaq, qapışdırmaq siyasəti nəticəsində baş verir”.

“İndiki dövrdə heç bir dövlət Azərbaycanda hakimiyyətin dəyişməsində maraqlı deyil”

Ə.Orucun sözlərinə görə, Aydın Mirzəzadənin nəzərdə tutduğu ölkələr istənilən biri Azərbaycandakı vəziyyəti çox qısa müddət ərzində dəyişə bilər: “Yəni onların istənilən bir siyasi qüvvəyə açıq dəstək verməsi ölkədə hakimiyyət məsələsinə çox ciddi problem yarada bilər, amma onun dedikləri həqiqətə uyğun deyil. Azərbaycanda marağı və təsiri olan bütün xaricdəki siyasi qüvvələr ölkədə bu cür maymaq, bacarıqsız, Azərbaycanın maraqlarını satmağa hazır olan istənilən kənar güclü dövlətə ödəniş verən, istənilən ölkə qarşısında dizi üstə çökən bir hakimiyyət var. Ona görə, Aydın Mirzəzadənin söylədiyi məntiqi mülahizələr deyil. İndiki dövrdə heç bir dövlət Azərbaycanda hakimiyyətin dəyişməsində maraqlı deyil. Azərbaycana aşkar təsiri, təzyiqi olan qüvvələr-Rusiya, İran, Amerika, Fransa, İngiltərə, yəni hər biri indiki hakimiyyətdən istədirklrini alıblar. Azərbaycan xalqından başqa bütün qüvvələr bu hakimiyyətdən yararlanıb. Yalnız Azərbaycan xalqı pis gündədir. Məntiqlə hakimyyətin yürütdüyü siyasət gərginlik yaradır. Onların oğurluqları, qanunsuzluqları, Azərbaycan vətəndaşların zülm etmələri, hətta əhalinin yaşayış səviyyəsini Ermənistandan, Gürcüstandan aşağı salmaları bu vəziyyəti yaradır. Ona görə, hansısa bir kənar qüvvədə, dövlətdə nəsə axtarmaq yox, bu hakimiyyətin siyasətinə yenidən baxmaq lazımdır”.

Şamo EMİN, Hurriyyet.org

Tarix: 5-10-2019, 14:42
Xəbəri paylaş





Xəbər lenti