Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Avrasiya İttifaqı Ali İqtisadi Şurasının (AİAİŞ) iclasında iştirak etmək üçün dünən İrəvana gediblər.
İclasda AİAİŞ-in fəaliyyəti, inteqrasiya proseslərinin inkişaf perspektivləri, vahid bazarın işinin yaxşılaşdırılması və iqtisadiyyatın əsas sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı vəzifələr müzakirə edilib.
Bu, Rusiya prezidentinin inqilabdan sonra ilk Ermənistan səfəridir. Ermənistan Avrasiya İttifaqı Ali İqtisadi Şurasının toplantısının İrəvanda keçirilməsini özünün regiondakı “rolu”na verilən mühüm qiymət kimi qələmə verməyə çalışır, eyni zamanda Qarabağ məsələsində də onun faydasına işlədiyini təbliğ edir.
Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, AİAİŞ-in toplantısı növbəlilik əsasında İrəvanda keçirilir. Yəni burada qeyri-adi heç nə yoxdur: “Ermənistan çalışır ki, bu toplantıdan, əsasən də onun İrəvanda keçirilməsindən piar məqsədilə istifadə etsin. Belə təbliğat aparılır ki, guya bu, Ermənistana verilmiş önəmdir. Halbuki bundan əvvəl digər ölkələrdə bu zirvə toplantısı keçirilib və sadəcə, əlifba sırası ilə növbə yenidən Ermənistana çatıb. Bir az İran prezidentinin İrəvana gəlişi sürprizdir ki, İran AİAİŞ-in üzvü deyil. Ermənistan çox çalışır ki, İranı bu təşkilata üzv elətdirsin. Lakin bu, İranın qərarı olacaq. Əlbəttə, İran indi ABŞ sanksiyaları ilə üz-üzədir və istəyir ki, daha çox qonşu dövlətlərlə əməkdaşlıq etsin. Bəlkə də İranın marağındadır ki, AİAİŞ-ə inteqrasiyanı dərinləşdirsin, yaxud gələcəkdə hər hansı formada üzv olsun. Amma məsələ burasındadır ki, Ermənistan çox səy edir ki, İran və Rusiya regional layihələrə Ermənistanı cəlb etsinlər. Lakin bu alınmır. Hər şey vəddə, sözdə qalır. İndi də Ruhani Paşinyanla görüşdə xeyli vəd verib. Amma bu vədlərin reallaşması Ermənistan üçün problematikdir. Çünki Ermənistandan fayda götürmək iqtisadi baxımdan mümkün deyil. Qarabağ məsələsinin isə bu zirvə toplantısında müzakirə olunduğunu düşünmürəm. Əksinə, mümkündür ki, Rusiya prezidenti geri döndükdən sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ məsələsini müzakirə etsin. Düzdür, Rusiyanın mövqeyində dəyişən bir şey yoxdur. Amma hər halda, Putin Qarabağ mövzusunu Nikol Paşinyandan daha çox İlham Əliyevlə müzakirə edəcək”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında Soçi şəhərində növbəti görüş oktyabrın 3-də olacaq. Bu barədə məlumat verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüş “Şərqin şəfəqi və dünya siyasi sistemi” mövzulu Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı çərçivəsində reallaşacaq. Görüşün gündəliyi hələlik dəqiq məlum olmasa da, şübhəsiz ki, əsas müzakirə mövzularından birinin məhz Dağlıq Qarabağ problemi olacağı deyilir.
Onu da qeyd edək ki, hər iki ölkənin prezidenti ilə yanaşı, İordaniya kralı Abdullah, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Filippin prezidenti Rodriqo Duterte də Valday klubunun sessiyasında iştirak edəcək.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Soçi görüşü ərəfəsində yaranan müsbət atmosfer Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından qismən də olsa istifadə etməsinə zəmin yaradacaq. O bildirib ki, bu görüş haqqında Ermənistan və Rusiya mətbuatında fərqli fikirlər səsləndirilir: “Azərbaycan-Rusiya münasibətlərində son dövrlər nəzərəçarpacaq dərəcədə inkişaf gedir. Həmçinin iqtisadi və siyasi əlaqələrin inkişafına da şahid oluruq. Düşünürəm ki, bütün bunlar münasibətlərin dinamikasından xəbər verən amillərdir. Bütün bu amillər təbii ki, Soçi görüşü ərəfəsində müsbət atmosfer yaradır. Hesab edirəm ki, bu müsbət atmosfer də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından, qismən də olsa, istifadə etməsinə zəmin yaradacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”