“Milli Məclis prezidentə müraciət etməlidir” – Parlamentin buraxılması üçün
“İki çağırış Milli Məclisin deputatı vəsiqəsini, 300 min $ borc qarşılığında girov qoyan deputat Rafael Cəbrayılov mandatından imtina ilə bağlı parlamentə müraciət edib. Məncə bu, parlament tarixində ilk belə haldır. Əslində, prinsipcə, problemin həllinə sivil bir yanaşmadır”.“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib. O, bildirib ki, son zamanlar bir çox deputatlarla bağlı bu tip xoşagəlməz hallar artıb. Eyni zamanda ölkədə situasiya da son 5 ildə xeyli dəyişib. Müxtəlif oliqarxların təsiri və səyi ilə seçilənlər ölkədə aparılan islahatlara dəstək verə bilmirlər:
“Əksinə, bir çox hallarda buna dolayısıyla da olsa, mane olurlar.
Həm də oliqarxların bir xeylisi də ötən 5 il ərzində vəzifələrini itirdiyindən və onların dəstəyi ilə seçilən deputatların parlamentdə olması da onlar üçün diskomfort bir mühit formalaşdırıb.
Bu istiqamətdə bir çox misallar göstərmək olar. Əlbəttə, bunlar az sayda olan, aktiv və yetərincə peşəkar olan deputatlara aid deyil.
Bu baxımdan düşünürəm ki, Milli Məclisin özünün buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezidentə müraciət etməsi də maraqlı ola bilərdi. Fikrimcə, bununla da ölkədə islahatlara yeni bir nəfəs verilə bilərdi, daha bacarıqlı və peşəkar millət vəkillərindən formalaşan Milli Məclis ölkənin inkişafına xeyli təkan verə bilərdi.
Düşünürəm ki deputat toxunulmazlığı ilə bağlı qanunvericiliyə də müəyyən dəyişiklik edilməlidir.
Əgər deputat həm də bizneslə məşğul olacaqsa, kiminsə biznesində şərik olacaqsa onun toxunulmazlıq hüququ olmamalıdır”.
Siam.az
Tarix: 30-09-2019, 13:42