YAP bütün ölkə boyu fəallaşır - səbəb


Deputat deyir ki, hakim partiyanın üzərinə daha böyük məsuliyyət düşür, müxalifət partiyasının sədri isə başqa səbəblər görür

Yeni Azərbaycan Partiyası yayın sonlarından və sentyabr ayı başlayandan yerli təşkilatlarında partiya üzvləri ilə ard-arda görüşlər keçirir. Bütün toplantılarda partiya üzvlərinə fəallaşmaq, insanlarla təmasları artırmaq çağırışı edilib. Məsələn, ən son bu tipli toplantı sentyabrın 25-də Sumqayıtda keçirilib. 

YAP-ın Sumqayıt şəhər və Qubadlı rayon ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə görüş keçirilib. Tədbirdə baş nazirin müavini, YAP-ın sədr müavini Əli Həsənov, YAP İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Əli Həsənov çıxışında bəyan edib ki, YAP qarşıdakı seçkilərdə də qalib gələcək. Bunun üçün partiya üzvləri daha da aktiv olmalıdır.

Siyavuş Novruzov isə bildirib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə-islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər, onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. O, S.Novruzov qeyd edib ki, YAP-ın rayon təşkilatlarının sədrləri insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər: “Düzgün istiqamət vermək, yalan məlumat yayanlarla söhbət aparılmalıdır. Bəzi hallarda YAP üzvlərinin çaşdırılması prosesi həyata keçirilir, onları yoldan çıxarmağa cəhd göstərirlər, yalan fikirlər ortaya atırlar. Bunun qarşısı alınmalıdır”.

Sentyabrın 26-da isə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində Abşeron rayonunun Qarabağ müharibəsi əlillərindən ibarət  futbol klubunun üzvləri ilə görüşüb.

Hakim partiyanın nəzərəçarpacaq səviyyədə fəallaşması göz önündədir. Bəs bu fəallaşma dekabrda keçiriləcək bələdiyyə seçkilərinə görədir, yoxsa başqa səbəblər də var?

YAP-ın deputatı Elman Nəsirov ile ilgili görsel sonucu

YAP-ın deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, hakim partiyadakı fəallaşma ilk növbədə yaxınlaşmaqda olan seçkilərlə bağlıdır: “Ölkəmiz növbəti çox mühüm bir siyasi prosesə hazırlaşır. Bu da bələdiyyə seçkiləri ilə bağlıdır. Dekabrın 27-də bələdiyyə seçkiləri keçiriləcək. Bu nöqteyi-nəzərdən Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində fəal iştirak etmək əzmini ortaya qoyur. Belə bir böyük kampaniyaya hazırlaşmaq prosesi yerli təşkilatlarda toplantıların keçirilməsini tələb edir. Xüsusilə də seçkilər yaxınlaşdıqca bu prosesə dinamika gəlir. Amma eyni zamanda biz onun da fərqindəyik ki, Azərbaycan sözün həqiqi mənasında çox mürəkkəb regionda yerləşir və ətrafımızda yeni-yeni münaqişə ocaqları yaranır. Ətrafımızda yeni-yeni təhdidlər peyda olunur, regionda çox mürəkkəb bir şərait var. Xüsusilə ABŞ-İran münasibətləri son dərəcə qəlizləşir. Bu reallıqların fonunda Azərbaycan bir müsəlman ölkəsi olaraq sabitlik adasıdır, öz yolu ilə gedir, müstəqil siyasət aparır. Belə olan vəziyyətdə bir sıra islamafob qüvvələr, erməni lobbisi, Ermənistan dövləti bu reallıqla barışmaq istəmir. Azərbaycandakı sabitliyə, inkişafa, təhlükəsizliyə bir stop demək istəyirlər, qarşısını almaq istəyirlər. İlk növbədə sapı özümüzdən olan baltaların imkanlarından bəhrələnmək xəttini seçiblər. Azərbaycanda qarışıqlıq, xaos mühiti yaratamaq istəyirlər. Bax bütün bu reallıqları biz görürük və belə olan vəziyyətdə təbii ki, hakim partiyanın üzərinə daha böyük məsuliyyət düşür. Bizdə səfərbər olmuş cəmiyyət, vətəndaş həmrəyliyi var. Amma sadaladığım reallıqlar fonunda daha böyük birliyə, daha möhkəm səfərbərliyə ehtiyac var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının üzərinə böyük məsuliyyət düşür”.

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, hakim partiyanın fəallaşmasının bələdiyyə seçkiləri ilə bağlı olduğunu düşünmür: “Əslində bələdiyyələrin Azərbaycanın sosial-siyasi həyatında hansısa təsiredici məqama sahib olmadığı hər kəsə bəllidir. İnanmıram ki, YAP bu seçkilər üçün  belə aktivləşsin. Mən YAP-ın aktivləşdirilməyə çalışılmağın səbəblərini başqa mətləblərdə görürəm. Belə ki, kimsəyə sirr deyil uzun illərdir YAP hakim partiya kimi siyasi idarəçilikdən kənarda saxlanılırdı. Hətta bu partiyanın rayon təşkilatları belə adi tədbirlər, iclaslar keçirmirdilər. Demək olar ki, YAP formal olaraq öz fəaliyyətini sürdürən onlarla digər partiyalardan biri halına düşmüşdü. Siz bir anlıq düşünün ki, Azərbaycandakı siyasi partiyaların 80%-nin heç mərkəzi ofisi belə yoxdur. Təbii ki, belə mühitdə YAP istəsə də tamhüquqlu bir partiya kimi öz varlığını davam etdirə bilməzdi. Çünki digər partiyaların zəifləməsi və sıradan çıxması avtomatik olaraq siyasi mühitə eyni zamanda da YAP-a birbaşa mənfi təsirlərini göstərirdi. Ümumilikdə bu vəziyyət isə siyasi mühitin yox olmasına, dövlətin dayaqlarının zəifləməsinə, ölkənin xarici provokasiyalara açıq olmasına və ən əsası dövlət təhlükəsizliyimizə gətirib çıxarırdı. Düşünürəm ki, partiyalara qarşı səlib yürüşü xəttinin yanlış, ziyanlı olduğunu iqtidar gec də olsa anlamağa başlayıb və bu halın aradan qaldırılması istiqamətində bəzi cəhdlər edilir. Bu halın aradan qaldırılmasının da ilk addımı təbiidir ki, siyasi partiyalara normal iş mühiti yaradılmasından başlayır. Odur ki, hakimiyyət bu prosesə öz partiyaları YAP-dan başlamağa qərar verib ki, sabah partiyalar güclənib rəqabətə başlayanda iqtidarın mövqeləri zəifləməsin. İstənilən halda biz AĞ Partiya olaraq partiyaların siyasi arenadakı çəkisinin və rolunun artırılmasının və onlara normal fəaliyyət mühitinin yaradılmasının tərəfdarıyıq. Ümid edirəm ki, YAP-dakı bu fəallıq özfəaliyyət deyil, siyasi iradənin nümunəsidir”.


Tarix: 27-09-2019, 10:04
Xəbəri paylaş





Xəbər lenti