Ötən gün ABŞ-ın Nyu-York şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüş olub. Görüş ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə baş tutub. Bundan bir gün qabaq Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan ayrı-ayrılıqda həmsədrlərlə görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.
İki nazirin Nyu-York görüşü Dağlıq Qarabağ konfliktinin dinc nizamlanması prosesində heç vaxt olmadığı qədər durğun və gərgin dövrə təsadüf edib. Bu da müstəsna olaraq, işğalçı tərəf rəsmilərinin hər hansı dinc anlaşmanı mümkünsüz edən təxribatçı bəyanatları ilə birbaşa bağlıdır. Bu üzdən siyasi analitiklər Məmmədyarov-Mnatsakanyan görüşündən pozitiv nəticə gözləmirdilər. Başqa sözlə, nazirlərin budəfəki təmasını sırf formal, növbətçi xarakterli hesab eləmək lazım gəlir.
Məsələ ondadır ki, rəsmi İrəvan sülh danışıqlarının konstruktiv məcraya yönəlməsi üçün heç nə eləmir, əksinə, öz maksimalist mövqeyi və absurd ritorikası ilə müharibəni yaxınlaşdırır, Azərbaycana öz ərazilərini işğaldan azad eləməsi üçün güc tətbiqindən savayı yol saxlamır. Bunu artıq Minsk Qrupu həmsədrləri də fərq etməmiş deyillər. Bu mənada əslində düşmən tərəfin gedişləri Azərbaycanın məsələdə manevr imkanlarını artırır. Bakının silaha əl atması üçün əlavə əsaslar yaradır.
Bir sıra təhlilçilərə görə, Ermənistan rəhbərliyinin, xüsusən də baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsində özünü göstərən aqressivliyi daxili ictimai-siyasi vəziyyətlə bağlıdır. Belə iddialar var ki, N.Paşinyan “Qarabağ Ermənistanındır, nöqtə” kimi sərsəmləmələri ilə öncəliklə özünün daxildə zəifləməkdə olan reytinqini qaldırmağa çalışır. Ancaq fərqində deyil ki, bununla Qarabağ ətrafında situasiyanı da partlayış həddinə gətirməkdə, sülh danışıqlarını mənasız etməkdədir.
*****
Qriqori Trofimçuk
“Paşinyan hakimiyyəti daxildən dağılmağa başlayıb. Bunu ən əvvəl bir neçə həlledici kadrın istefasından görmək olar”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk rusdilli Minval.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Paşinyanın əsas problemi odur ki, Ermənistanda keçən il mayın 8-də baş vermiş “məxməri inqilab”ın real nəticələri hələ də yoxdur: “Ona görə də baş verənlərdə bir qrup günahkar başqa günahkarları axtaracaq. Təhlükə ondadır ki, Ermənistandaxili sabitsizlik 2018-ci ilin yazında dediyim kimi, bütün regiona - Qarabağ zonasına və bütövlükdə Cənubi Qafqaza yayıla bilər. Üstəgəl, Ermənistan baş nazirinin Qarabağa dair danışıqlar prosesini sıfırlamağa və Azərbaycanı müharibəyə təşviq etməyə yönəlik kəskin kursunu nəzərə almaq lazımdır. Belə vəziyyətdə mənim üçün çox təəccüblüdür ki, Azərbaycan hələ də diplomatik çərçivədə özünü necə saxlayır və hətta köhnə formatda danışıqları davam etdirməyə hazır olduğunu bildirir. Ona görə də nazirlərin Nyu-York görüşü ilə bağlı mənim heç bir pozitiv gözləntim yoxdu. Hələ yaxşı ki, ümumiyyətlə, onlar köhnə rejimdə görüşə bilirlər”, - deyə politoloq qeyd edib.
Moskva-İrəvan münasibətlərinin hazırkı durumuna toxunan ekspert deyib: “Hələlik bu münasibətlərdə böyük gərginlik yoxdur. Moskva, sadəcə, Ermənistanda baş verənləri və Ermənistan hakimiyyətinin hərəkətlərini, o sırada Robert Köçəryan üzərində silsilə təhqirləri diqqətlə izləyir. Ancaq Moskva təbii ki, gec-tez öz mövqeyini göstərəcək - ələlxüsus da o zaman ki, Paşinyan özü-özünü tədricən küncə sıxmaqdadır...”
*****
Bu arada işğalçı ölkənin Azərbaycanın müsəlman dünyası ilə, xüsusən də Yaxın Şərq ölkələri və İsraillə ənənəvi sıx əlaqələrini korlamağa yönəlik təxribatçı cəhdləri də müşahidə edilir. Ermənistanın Azərbaycanı qabaqlayaraq, İsraildə səfirlik açmaq barədə qərarı bu qəbildən sayıla bilər.
“Təl-Əvivdə Ermənistan səfirliyinin açılmasında əsas hədəf rəsmi İrəvanın İsrail-Azərbaycan strateji əlaqələrini zəiflətmək və iki ölkənin hərbi-strateji əməkdaşlıq səviyyəsini sıfıra endirməkdir - hansı ki, təkcə Ermənistanı yox, İranı da qıcıqlandırır”. “Yeni Müsavat” xəbər verir ki, bunu beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut deyib.
Arye Qut
Onun sözlərinə görə, Avrasiya məkanında İsraillə Azərbaycan qədər sıx və isti əlaqələrə malik ölkənin olmaması Ermənistanı bərk narahat edir: “Özü də Bakının hələ ki Təl-Əvivdə diplomatik nümayəndəliyi yoxdur. İki ölkə arasında isti əlaqələr xüsusən də Azərbaycanın müsəlman ölkə olması ilə təəccüb doğurur. İsraillə Azərbaycan arasında münasibətlərin inkişafında siyasi və iqtisadi maraqlar xüsusi rol oynayır. Mən əmindən də artıq əminəm ki, insani əlaqələr, Azərbaycan və İsrail xalqları arasında insani körpü iki dövlət arasında əlaqələrin möhkəmlənməsi və inkişafında həyati mühüm və məxsusi rol oynayır”.
Fikrinə davam edən israilli ekspert deyib: “Aydındır ki, Ermənistan Təl-Əvivdə səfirlik açmaqla həm də İsrailə göstərmək istəyir ki, İrəvanın müqəddəs torpaqda öz maraqları var. Ancaq Ermənistan turizmdən başqa İsrailə heç nə təklif edə bilməz. Ermənistanın turizm infrastrukturu çox zəifdir və elə də inkişaf etməyib. Onu da unutmaq olmaz ki, Ermənistanda daima antisemitizm tüğyan edir. Bu ölkədə uzun illərdir yəhudilər mənəvi zorakılığa məruz qalır - hansı ki, antisemit kitabların nəşrində, telekanallarda antisemit verilişlərin aparılmasında, həmçinin İrəvanda Xolokost qurbanlarına qoyulmuş memorial lövhənin vaxtaşırı təhqir olunmasında özünü göstərir. Erməni faşisti və antisemiti Njde Qareginə abidənin qoyulması bir daha sübut edir ki, müasir Ermənistanda bu faşistlərə genişmiqyaslı pərəstiş yaradılıb”.
Yəhudi analitik sonda qeyd edib: “İsrail dövləti Azərbaycanın ərazi bütövlüyü prinsipini aktiv şəkildə müdafiə edir və Ermənistanla konfliktin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlamasına çağırır. İsrail-Azərbaycan əlaqələri bu gün pozitiv əsl strateji tərəfdaşlıq xarakteri daşıyır”.
*****
Ötən həftəsonu Ermənistanın xarici siyasəti ilə başqa bir maraqlı xəbər Livanın müdafiə naziri Elias Bu Saabın Ermənistana səfəri oldu. Hətta məlumat yayıldı ki, o, Azərbaycana qarşı Ermənistana kömək təklif edib. Söhbət guya İsrailin pilotsuz uçan aparatlarına qarşı mübarizə təcrübəsini Ermənistanla bölüşməkdən gedir. “Sizə də belə təhdidlər var. Sizin sərhədlərinizi də dronlar pozur və ya pozmaqla təhdid edir. Bir-birimizə belə təhdidləri aradan qaldırmaqda kömək edəcəyik”, - deyə o, İrəvandakı mətbuat konfransında bildirib.
Zvi Maqen
Lakin az sonra virtualaz.org-a açıqlamasında İsrail diplomatı və politoloqu Zvi Maqen Livanın müdafiə nazirinin bu təklifini absurd adlandırıb. “Azərbaycanın təhlükəsizliyi Livanın hava hücumundan müdafiə sistemlərindən asılıdırsa, mən azərbaycanlılara rahat yatmağı məsləhət görürəm, çünki Livanda İsrail dronlarını vurmağa qadir heç bir texnologiya yoxdur”, - deyə o bildirib.
Onun sözlərinə görə, nazirin söylədiyi həqiqətə heç bir aidiyyəti olmayan əsl uydurmadır. “Livan heç vaxt İsrail dronlarını vurmayıb və İsrail Livan səmasında istədiyini edir. Beyrut başqa bir dövlətə bu mövzuda kömək təklif edərsə, bu yalnız həmin ölkə hökumətinin Ermənistanla əməkdaşlıq etmək istədiyini göstərir. Beləliklə, Livan hakimiyyəti, Yerevana əslində olmayan şeyləri satmaq qərarına gəlib. Hesab edirəm ki, müdafiə nazirinin açıqlamasına yalnız bu cür yanaşmaq olar. Onun həmin pafoslu açıqlaması Livan dövlətinin hansısa mifik imkanları barədə reklamdan başqa bir şey deyil”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, Azərbaycan İsraildən pilotsuz uçan aparatların geniş çeşidini, o cümlədən minlərlə kilometr məsafədə kəşfiyyat apara bilən “Heron” pilotsuz kəşfyyat təyyarələrini, habelə “Harop” zərbə pilotsuz aparatlarını və bir çox taktiki PUA-ları əldə edib. Habelə özü həmin PUA-ların istehsalını həyata keçirir. O da bəllidir ki, İsrail Azərbaycanın əsas silah tədarükçülərindən biridir. Bu isə təkcə Təl-Əvivin maddi-kommersiya maraqları ilə əlaqəli deyil. Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan İsraildən ötrü, sadəcə, silah alıcısından qat-qat böyük dəyərdə və önəmdədir. Səbəblər sadalandı. Ermənistanın Təl-Əvivdə səfirlik açması ilə bu önəm azalmaz. Bütövlükdə vassal ölkənin Azərbaycanın dost və müttəfiqlərini əlindən almaq cəhdləri fiaskoya məhkumdur...
Siyasət şöbəsi