Rusiya dünya gücü olmaq üçün ABŞ xarici siyasətinin elementlərindən yararlanır. Ölkələrin cəmiyyətləriylə də işləyirlər.
Yazmışdım ki, Rusiyada saxlanılan Elvin İsayevlə bağlı qərar Azərbaycandakı siyasi proseslərin inkişaf istiqamətində göstəricilərdən biridir. Nəticə ortadadır, 5-10 il qabaq Rusiyadan nəinki hakimiyyət sahiblərini təhqir etmək, heç tənqid etmək də mümkün deyildi.
Postsovet ölkələrindəki (Pribaltika xaric) son hadisələri təhlil etdikdə aydın görünür ki, Rusiya yeni geopolitik bacarıqlar qazanıb. Yetkin siyasi şüuru formalaşmayan toplumlarda yarımdemokratiya artıq Rusiya üçün təhdid deyil. İstənilən anda Rusiyadan göndərilən oliqarx “xilaskar demokrat” obrazında hakimiyyətə gələ bilər.
Qərblə nüfuz savaşı fərqli və yeni parametrlərlə aparılır. Bir çox ölkələrdəki hakimiyyətlər Rusiya və Qərb arasında bölüşdürülüb. Çinin hədəfləri onları kəskin rəqabətdən çəkindirir və əsas rəqibə görə anlaşmaya meyllidilər.
Həmişə demişəm və təkrar etməkdə fayda var ki, dəyişən şərtlərə uyğun Azərbaycanı da dəyişməliyik. Ölkəmizdəki siyasi mübarizənin bu zamana kimi olan klassik təsnifatı belə idi – Qərb müxalifəti hakimiyyətə gətirmək istəyir, Rusiya imkan vermir. Beləcə illər keçdi, ölkəmizdə heç nə dəyişmədi.
İndi dünya da dəyişib, şərtlər də, ölkənin demoqrafik strukturu da, iqtidar və müxalifət daxilindəki münasibətlər sistemi də. Dəyişməyən tək sistemdir və dəyişməli olan da sistemdir. Yeni standartları mənimsəyib tətbiq etməsək, ölkəmiz istisnasız hamı üçün yaşanmaz halda qalacaq.
Daxildə bir inam yaranmalıdır ki, ölkəmizin geostrateji mövqeyini, üzərimizdəki maraqların hamısını nəzərə alıb, xalqımız üçün normal sistem quraq. Belə potensial bu ölkədə var. Amma bəzilərinin düşündüyü kimi təkcə iqtidarda və ya müxalifətdə deyil. Həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətin içində var. Onu elitar düşüncəylə bir araya gətirmək lazımdır. Köhnə yanaşmaların zamanı keçib. Məsələn, iqtidarın mühafizəkar hissəsi başa düşməlidir ki, nə etsələr də bu ölkədə yüz minlik mitinqçi potensialı formalaşıb. Mitinqləri və yaxud interneti qadağan etmək mümkünsüzdür. Qabağına köhnə metodlarla sədd çəkəcəksinizsə, sizi köhnə metodlarla süpürüb atacaq. Doğrudur, belədə hakimiyyətə sizi göndərənlər gəlməyəcək, amma sizinki sizə dəyəcək, ölkəninki ölkəyə. Yeni standartları tətbiq etməsəniz əhali məmnun qalmayacaq. Ola bilər ki, yeni standartı adıyla tələb etmək qədər yetkin kütlə yoxdur, amma həyatı köhnəlmiş standartlara görə cəhənnəm əzabıdır deyə, etirazın köhnə taktikasını işlədəcək yüzminlər var. Onu bir adamın başına topalayıb, manipulyasiya etmək taktikası da bir müddət sonra işləməyəcək. Düşünə bilərsiz ki, protest elektoratı xarici təsirlərdən bu yolla qoparıb, daxildə boğasız. Amma daxildəki mərkəzləşən güc bəlli səviyyəyə çatanda niyə dayansın ki? Və yaxud xarici təsir hazır formalaşmış mexanizmi niyə öz lehinə işlətməsin ki? Bütün hallarda köhnə qaydalar dəyişməlidir!