Bu gün Cebhe.info xəbər portalının yaranmasının, media məkanında öz tarixi olan “Cümhuriyət” qəzetinin bərpasının isə 4 ili tamam olur.
Yarandığı gündən xəbər məkanında özünəməxsus yer tutan Cebhe.info media prinsipləri çərçivəsindəki fəaliyyəti, oxucuların operativ, əhatəli xəbər təminatı sahəsindəki işi ilə çeviklik, obyektivlik, dəqiqlik nümayiş etdirib. Məhz bu səbəbdən Cebhe.info 4 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilib və oxucu auditoriyasını formalaşdırıb.
Cebhe.info-nun baş direktoru, "Cümhuriyət" qəzetinin isə baş redaktoru Rəfail Becanov Correct.az-a müsahibəsində saytın və qəzetin yaranmasından və qarşıya qoyduqları məqsədlərdən danışıb. O, bildirib ki, saytın və qəzetin başlıca amalı dövlətçiliyə, eləcə də Bütöv Azərbaycançılıq amalına xidmət etmək və türkçülüyü təbliğ etmək olub:
"Cebhe.info yarananda eyni zamanda biz “Cümhuriyət” qəzetinin nəşrini bərpa etdik. Bizim təməl prinsiplərimiz Azərbaycanın bütövlüyü, dövlətimizin güclü, qüdrətli olması olub. Amalımız hər bir azərbaycanlının fəxr edə biləcəyi bütöv Azərbaycanın qurulmasıdır. Ona görə də həm Cebhe.info, həm də “Cümhuriyət” qəzeti olaraq biz bu təməl prinsiplərə sadiq qaldıq. Bizim üçün ən ali məqsəd millətimizin hədəfləridir, ərazi bütövlüyümüzdür, dövlətimizin güclü olmasıdır. Kimlər bunu istəyirsə, kimlər Azərbaycanın bütövlüyünü arzulayırsa biz hər zaman onlarla bir yerdə olmuşuq və bir yerdə də olacağıq. Kimlərsə belə Azərbaycanı sevməyəcəksə biz onlara qarşı olmuşuq, Allahın izni ilə də onlara qarşı olacağıq".
Cebhe.info-nun varlığı kimlərin yerini dar edir?
Baş direktor deyir ki, saytın fəaliyyəti hər zaman xaricdən maliyyələşən, dövlətçiliyə qarşı çıxan şəxslərin yerini dar edib:
"Hesab etmirəm ki, biz kiminsə yerinə gəlmişik və düşünmürəm ki, sabah yaranacaq hansısa media qurumu bizim yerimizə gələcək. Bu əslində söz azadlığının, mətbuat azadlığının daha da möhkəmlənməsi, daha da oturuşmasıdır. Biz kiminsə yerini dar etmirik, sadəcə olaraq Azərbaycana qarşı olanların, Semdən, Condan vəsait alıb ölkəmizə qarşı olanların qarşısında olmuşuq, demişik ki, yox, bu bizim dövlətimizdir. Hakimiyyətə hərislik, siyasi ehtiras, bacarıqların imkanlara adekvat olmaması nəticəsində ölkəni dağıtmaq yox, ölkəni qurmaq, çatışmayan bir sahəni inkişaf etdirmək, mövcud problemi dilə gətirmək və onu inkişaf etdirmək lazım olduğunu vurğulamışıq. Elə düşüncə sahibi olan insanlaırn yerini hər zaman dar etmişik.
“Cebhe.info” nələri qazandı?
-Hesab edirik ki, bu oxucularımızın, Cebhe.info xəbər portalını izləyənlərin fikirləri daha önəmli olar. Amma özlüyümüzdə düşünürük ki, az-çox biz nələrisə bacardıq və dövlətçiliyimizi hər zaman müdafiə etdik. Hər zaman bütöv Azərbaycan ideyalogiyasının yayılmasına, türkçülüyün qorunmasına çalışdıq, Türk dünyasında baş verən bütün hadisələrlə bağlı Azərbaycan oxucusunu məlumatlandırdıq, bunu bacardıq. Təbii ki, bundan başqa bacarmadıqlarımız da çoxdur, onları da etməyə çalışacağıq.
Rafail Becanov bu illər ərzində yadda qalan hadisələrdən söz açıb. O, fəaliyyət göstərdiyi müddətdə saytın dəfələrlə haker hücumuna məruz qaldığına diqqət çəkib və bildirib ki, müdafiə etdiyi siyasi təşkilatın opponentləri də dəfələrlə onların fəaliyyətinə maneə törədiblər:
"Bu illər ərzində təzyiqlərə də məruz qalmışıq. Ən maraqlı hadisələrdən biri Cebhe.info saytına İran hakerlərinin hücumu oldu. Onlar hücum edərək saytımızı dağıtdılar, təqribən 3 gündən çox, bir həftəyə yaxın xeyli əziyyət çəkdik. Təbii ki, bu da bizim yazılarımızla bağlı idi. Eyni zamanda bizim müdafiə etdiyimiz siyasi qurumun opponentləri tərəfindən tez-tez şikayət olunurduq. Saytın "Facebook" səhifələrinin bu şəxslərin şikayəti tərəfindən bağlanılması yaddaşda qalan məsələlərdən idi. Redaksiyadaxili isə bizim həmrəylik düsturumuz var. Biz redaksiyada əməkdaş yox, dostuq. Redaksiya daxilində yadda qalan hadisələr ancaq xoş anlardı.
Demək olar ki, hər yay fəsli bir bölgəyə getməyi artıq redaksiya daxilində bir ənənəyə çevirmişik. Həmin səfərlərdə maraqlı hadisələr yaşanır. Yaşından və vəzifəsindən asılı olmayaraq kimsə oyun oynayanda, məsələn, futbol, voleybol oynayanda yıxılır, gülməli vziyyəty yaranır. Bu da yadda qalan əyləncəli hadisələrdəndir.
Kollektivin rəhbəri olaraq işçiləriniz sizdən razıdırlarmı? Yaxud siz kollektivin iş fəaliyyətindən razısınızmı?
-Əməkdaşlaırmızın məndən razı olub-olmamasını ancaq onlar deyə bilərlər. Bu sual onlara ünvanlansa daha səmimi cavab verə bilərlər. Amma mən kollektivimizin işindən hər zaman razı olmuşam. İstər bu gün yanımızda olanların, istərsə də yanımızda olub indi başqa işlərlə məşğul olanların, kollektivimizin üzvü olan hər bir kəsin işindən çox razıyam. Onların hansı yerlərdə olmasından asılı olmayaraq onlar mənim dostum olaraq qalıblar. Düşünürəm ki, onlar da məni özlərinə dost hesab edirlər.
Cebhe.info saytının baş redaktoru Elnarə Kərimova da 4 il ərzində əldə etdiklərindən danışıb. O, bildirib ki, bu illər ərzində ən dəyərli qazancı onların oxucuları olub:
"4 ildə ən böyük qazancımız oxucu olub. Bu gün Azərbaycan mətbuatının ən böyük problemi məhz oxucudur. Ciddi xəbərlərin reytinqinin şou biznes xəbərlərinə uduzduğu bir cəmiyyətdə xəbər mənbəyi ola bilmək asan deyil. Yazan nə qədər peşəkardırsa, oxuyan da azı o qədər tələbkar olmalıdır. Yoxsa, ciddi mətbuatdan danışmağa dəyməz. Sevinirəm ki, 4 ildə nə Cebhe.info-ya, nə “Cümhuriyət”ə xəbərlə bağlı irad bildirən oxucu olmayıb. Olub ki, xəbərimiz kiminsə xoşuna gəlməz, onun maraqlarına, baxışına, düşüncəsinə uyğun olmaz. Amma bu, xəbərə yox, xəbərin məzmununa olan etiraz olar. Bu etiraz isə cəmiyyətin də, mətbuatın da inkişafı üçün əsas şərtidir. Bu inkişafa kiçik də olsa xeyrimiz dəyirsə, deməli varıq.
İnanıram ki, illər sonra “Cümhuriyət” qəzetinin saylarını oxuyan kəs bu dövrlə bağlı ciddi informasiya əldə edə biləcək. Necə ki, şəxsən mən 90-cı illərdə unutduğum nələrisə ozamankı
“Cümhuriyət”in səhifələrində tapa bilirəm".