“Bu, Qərbin maraqlarına ziddir…” – POLİTOLOQ

 "Böyük yeddilərin” toplantıları fikir mübadiləsi üçün müstəvidir.

Bu toplantılarda yekdil qərarlar qəbul olunmur, sənədlər imzalanmır. Bəlkə də elə bu səbəbə görə ABŞ prezidenti Donald Tramp "böyük yeddilərin” toplantılarına maraq göstərmir. Tramp ikitərəfli görüşlərə və anlaşmalara üstünlük verir. Təsadüfi deyil ki, müşavirləri Trampı Fransaya getməyə güclə məcbur ediblər.

"Böyük yeddilərin” liderləri Fransada bir çox mövzuda fikir mübadiləsi aparıblar. Ancaq ən çox danışılan mövzu Rusiyanın "böyük yeddilərə” qatılıb-qatılmaması məsələsidir. Daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşən Fransa dövlət başçısı Emmanuel Makron Rusiyanın "böyük yeddilərə” qayıtması gərəkliyini dilə gətirmişdi. Tramp da bunu istəyir, o birillərin bir qismi isə ya buna etiraz, ya da tərəddüd edirlər. Etirazlara baxmayaraq, Donald Tramp gələn il Putini Amerikada keçiriləcək "böyük yeddilərin” toplantısına dəvət etməkdə israrlıdır.

Liberal dəyərləri bölüşməyən Rusiyanın "böyük yeddilərə” qayıtması necə mümkündür? Axı belə olsaydı onda görək iqtisadiyyatı "böyük yeddilərin” iqtisadiyyatının bir çoxundan böyük olan Çin də "böyük yeddilər” də olardı. Elə məsələ də Çinlə bağlıdır. Rusiyanı Çindən uzaqlaşdırmağa çalışırlar. Qərbdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunsa da, Çindən daha çox ehtiyat edirlər.

Həqiqətən Vladimir Putin İngiltərə qəzetinə son müsahibəsində dedi ki, liberal dəyərlər məhv olub və bu dəyərlər onun üçün maraqlı deyil. Tramp üçün də liberal dəyərlər əsas deyil, əsas olan Putinlə təmas imkanlarını itirməməkdir. Tramp üçün Rusiyaya gedib Putinlə görüşmək və ya rusiyalı həmkarını Vaşinqtona rəsmi səfərə dəvət etmək problematikdir.

Bu halda Trampın ölkədaxili rəqibləri fəallaşacaqlar. Ancaq "böyük yeddilərin” 2020-ci il toplantısı çərçivəsində Putinlə görüş və fikir mübadiləsi Trampa böyük problem yaratmaz. Ona görə də Tramp Rusiyanı "böyük yeddilərə” qaytarmaq istəyir.

Bu gün Qərb dövlətləri arasında söz sahibi Amerikadır. Ona görə də Avropa dövlətlərinin Vaşinqtona Rusiya mövzusunda hər dəfə "yox” deməsi çətindir. Əslində İtaliyanın, Fransanın, Almaniyanın timsalında Avropa dövlətlərinin özləri də Rusiyanın yenidən sivil dünyaya qaytarılmasının yollarını arayırlar. Bir gün gələcək Rusiya yenidən "böyük yeddilərə” qatılacaq. Moskva da bunu istəyir. Çünki bu yolla Kreml Qərbə Krımın Rusiyaya aidliyini qəbul etdirəcəyini düşünür.

Qərb Rusiya ilə dialoq imkanlarını da açıq saxlamaq istəyir.

Çünki düşünürlər ki, Rusiyanı özlərindən daha uzaqda tutsalar bu Moskvanın daha sərt siyasət yürütməsinə və Çinlə daha sıx tərəfdaşlığa sövq edir.

Bu isə Qərbin maraqlarına ziddir. Ona görə də zaman keçdikcə Qərb Rusiyanı yenidən özünə tərəf çəkməyə başlayacaq.

Həm də Qərbdə anlayırlar ki, Rusiyada Putinin mövqeləri getdikcə zəifləyəcək və Rusiyada növbəti liderlə normal münasibətlər qurmaq üçün indidən prosesə başlamaq lazımdır.

Elxan ŞAHİNOĞLU,

"Atlas” Araşdırmalar Mərkəzi rəhbəri
Tarix: 27-08-2019, 13:51
Xəbəri paylaş





Xəbər lenti