Son vaxtlar millət vəkilləri və məmurların biznes fəaliyyəti ilə məşğul olması, bununla da qanunun tələbini kobud şəkildə pozması ilə bağlı informasiyaların sayı artmaqdadır. Bəs qanunun tələbini pozan bu şəxslər hansı şəkildə cəzalandırıla bilər? Ümumiyyətlə, bu problem Azərbaycan üçün nə dərəcədə aktualdır?
Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn qanunun millət vəkillərinin bizneslə məşğul olmasını qadağan etdiyi, ancaq buna baxmayaraq bu yasağa bir sıra millət vəkillərinin əməl etmədiyini vurğuladı:
“Qanunla Milli Məclis üzvünün bizneslə məşğul olması qanunla qadağandır. Əgər kimsə millət vəkili olduğu dövrdə bizneslə məşğul olursa, deməli qanunsuzluğa yol verir. Buna görə isə məsuliyyət nəzərdə tutulur. Bununla bağlı bir sıra yeni təkliflər də olub. Xatırlayrıam, İlyas İsmayılov hətta buna görə cinayət məsuliyyətinin müəyyən olunması təklifini irəli sürmüşdü. Amma bu təklif qəbul edilmədi.
Indiki qanunvericiliklə, əgər hansısa millət vəkilinin biznes fəaliyyəti ilə məşğul olması müəyyən edilərsə, o, xəbərdarlıqdan tutmuş deputatlıqdan məhrum edilməyə qədər cəzalandırıla bilər. Millət vəkilləri qanunverici orqanın nümayəndələri olduqları üçün buna öncə özləri riayyət etməlidir. Lakin təəssüf ki, bizdə yuxarıdan aşağı bu prinsip pozulur”.