Özünü “hüquq müdafiəçisi” adlandıran Leyla Yunus ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının “Osmanqızı” kanalında xalq hərəkatının lideri, AXCP sədri olmuş Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyi "agent" adlandırıb.
L.Yunus iddia edib ki, Əbülfəz Elçibəyin həbsdən çıxmasının səbəbi onun KQB ilə əməkdaşlığa getməsi olub. Leyla Yunusun bu açıqlaması cəmiyyətdə və siyasi cameədə ciddi etirazla qarşılanıb.
Maraqlıdır ki, Leyla Yunus özünü Elçibəy yolunun davamçısı adlandıran bir qrupun təmsil olunduğu Milli Şuranın üzvüdür.
Amma “Yurd” sədri Əli Kərimlinin nəzarətində olan Milli Şura və qurumun Koordinasiya Mərkəzi L.Yunusun cəfəng iddialarına heç bir cavab vermir, onun təşkilatda təmsilçiliyinə son verilməsi məsələsində susur. Milli Şuranın sədri Cəmil Həsənli məsələylə bağlı müəyyən fikirlər səsləndirsə də, bunun heç bir ciddi təsiri olmayıb. Üstəlik, Milli Şuraya faktiki rəhbərliyi həyata keçirən və bu təşkilaıt öz altqurumu kimi görən “Yurd” sədri Əli Kərimli də ortaya kifayət qədər gecikmiş mövqe qoyub. Onun günlər keçdikdən, az qala hər bir Facebook istifadəçisinin də etirazından sonra məsələyə münasibət bildirməsi isə daha çox icitmai təpki nəticəsində olub. Daha doğrusu, Əli Kərimli Leyla Yunusla körpüləri yandırmamağa çalışaraq Elçibəylə bağlı iftiralara susmadığını göstərmək istəyib. Çıxışında ancaq və ancaq öz mövqelərinin müdafiəçisi kimi görünüb, üstəlik, Leyla Yunusla olan bağlılığına xələl gətirə biləcək ifadələrdən yayınıb. Bu isə Əli Kərimli, “Yurd” və Milli Şuranın özünü Elçibəy ideoloji xəttinin davamçısı olmaları iddiasının əslində, siyasi gələcəyə hesablanmış addım olduğunu göstərir. Kərimlinin çıxışından sonra da Leyla Yunus Milli Şurada qalmaqda davam edir, hərçənd ki, onun kimi bu təşkilatın da Azrbaycanın siyasi həyatında heç bir rolu və fəaliyyəti yoxdur. Bununla belə, Elçibəylə bağlı iftiralarla gündəmə gələn Leyla Yunusun qurumda saxlanılması onun iddialarının arxasında başqa məqamların dayandığını söyləməyə əsas verir.
Məsələ ilə bağlı ilk olaraq Milli Şuradan mövqe öyrənməyə çalışdıq. Milli Şuranın üzvü Tofiq Yaqublu “Cümhuriyət” qəzetinə açıqlamasında Leyla Yunusun dediklərini “azad fikir” adlandırıb:
“Bu cür məsələlər konfransda həll olunur. Yəni belə məsələlərə Koordinasiya Şurasının konfransında baxılır, bu, onun səlahiyyətindədir. “Azad fikirlilik” nədir? Hər kəs eyni fikri təkrarlaya bilməz ki. Onun fikri ilə razılaşmamaq ayrı, fərqli fikir deyən kimi cəzalandırmaq fərqlidir. Koordinasiya Mərkəzinin üzvünün kim olub-olmaması məsələsi Milli Şuranın konfransının səlahiyyətindədir. Nə qədər ki, konfrans keçirilməyib özü istefa verməyib, o, Kordinasiya Mərkəzinin üzvüdür”.
Siyasilərin məsələyə münasibəti isə fərqlidir. AĞ Partiyanın sədri Tural Abbaslı Milli Şuranın Leyla Yunus məsələsinə aydınlıq gətirməli olduğunu deyib. T.Abbaslı bildirib ki, əks halda, onlar da Leyla Yunusun fikirlərinə şərik olduqlarını ortaya qoymuş olacaqlar:
“Əvvəla, onu qeyd edim ki, Leyla Yunusun Elçibəy barədə söylədiyi cəfəng fikirlərə görə onu şiddətlə qınayıram. Elçibəy Azərbaycan xalqı üçün azadlıq simvollarından biridir. Kim olursan ol, xalq üçün həssas olan dəyərlərə hörmətlə yanaşmalı və onun tarixi şəxsiyyətlərinə böhtan atmamalısan. Leyla Yunusun bu hərəkətindən sonra özünə “Rəsulzadə-Elçibəy yolunun davamçıları” deyən hər kəs onu qınamalı və öz ətrafından uzaqlaşdırmalıdır. Təbiidir ki, bu konteksdə yanaşdıqda, belə cəfəng fikirlərdən sonra onun hələ də Milli Şurada qalması anlaşılan deyil. Hələ nəzərə alsaq ki, Milli Şurada özünü Elçibəyin yolunda getdiyini deyənlər toplanıb, o zaman bu vəziyyət qətiyyən qəbulolunmazdır. Ümud edirəm ki, tez bir zamanda Milli Şura bu məsələyə aydınlıq gətirər. Əks təqdirdə, onlar bu hərəkətləri ilə Leyla Yunusun fikirlərinə şərik olduqlarını ortaya qoymuş olacaqlar”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə elçibəyçi olduqlarını iddia edən təşkilatda Leyla Yunusun saxlanılmasının siyasi etikadan kənar olduğunu deyib:
“Leyla Yunusun Milli Şuranın üzvü olaraq qalmasını ən azından siyasi etikaya uyğun hesab etmirəm. Milli Şuranın tərkibini təşkil edən partiyalar AXC-dən yaranma təşkilatlardır. Milli Şurada olan siyasətçilər Elçibəyin ətrafında yetişiblər. Onlar Elçibəyi özlərinə lider hesab edir, özlərini Elçibəyin ideyalarının daşıyıcısı adlandırırlar. Amma bu gün Elçibəyi “KQB agenti” adlandıran birinin hələ də orada təmsil olunması nə məntiqə, nə də siyasi əxlaqa sığır. Bu, mənim şəxsi fikrimdir. Oradakılar bunu hansı məntiqlə əsaslandırırlar, bu da mənəmaraqlıdır”.
Vilayət Muxtar
Cebhe.info