Ötən həftə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin 53-cü sessiyası keçirildi. QDİƏT-in Parlament Məclisinin 53-cü sessiyasına Ermənistandan da nümayəndə heyətinin qatılacağı gözlənilirdi. Lakin erməni deputatlar Bakıya gəlməyiblər. Rəsmi məlumata görə, onların təhlükəsizliyi ilə bağlı İrəvana zəmanət məktubu da göndərilib.
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının nümayəndə heyətinin üzvü Musa Quliyev modern.az-a açıqlamasında Ermənistan nümayəndə heyətinin sessiyaya qatılmamasına münasibət bildirib: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 53-cü sessiyası beynəlxalq tədbirdir. QDİƏT baş katibliyi tərəfindən hər bir nümayəndə heyətinə dəvət göndərildiyi kimi, Ermənistan nümayəndə heyətinə də dəvət göndərilib. Tədbirə qatılıb-qatılmayacağı isə Ermənistanın özünün qərarıdır.
Hansı səbəbdən gəlmədiklərini deyə bilmərik. Bizə məlum olmayan səbəblərdən tədbirə qatılmayıblar. Ermənilər şou göstərməyi yaxşı bacarırlar. Onların futbolçusu da, deputatı da şou göstərməklə məşğuldur”.
Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir.
Xatırladaq ki, bu yaxınlarda Bakıda keçirilən beynəlxalq səviyyəli futbol yarışına “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitariyan da qatılmaqdan imtina etmişdi. Ermənilərin son dövrlərə qədər Bakıda keçirilən əksər beynəlxalq tədbirlərə qatılması adi hal idi. Hətta 2001-ci ildə ermənilər böyük heyətlə Bakıya gəlmişdilər. 2004-cü ildə NATO-nun tədbirində iştirak etmək üçün Bakıya erməni rəsmilərinin səfəri olmuşdu. Son illərdə isə sülh platforması adı altında tez-tez ermənilərin Bakıya, Gəncəyə gəlib-getməsinin şahidi olmuşuq. İndi isə bu prosesin əksinə olan prosesin başlandığı müşahidə edilir. Ermənilər Bakıya gəlməkdən imtina edirlər.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilərin Bakıya gəlməsi məsələsini təşkilat olaraq həmişə diqqətdə saxlayırlar: “Erməni deputatlar belə bir bəhanə irəli sürüblər ki, guya Azərbaycanın onlara təhlükəsizlik təminatı ilə bağlı göndərdiyi məktub çatmayıb. Sonra da deyiblər ki, məktub çatıbmış, sadəcə, dəftərxanada itiriblər. Hesab edirəm ki, biz ermənilərin hərəkətlərinə qiymət verməklə özümüzə artıq əziyyət vermiş oluruq. Məsələnin mahiyyətinə biz varmalıyıq. Ermənilər çalışırlar dünyaya təbliğ etsinlər ki, guya Azərbaycanda, azərbaycanlılarda bir ermənifobiya var, Azərbaycana gəlməyə qorxurlar. Ola bilsin ki, indi də bu hiyləgərliyə başlayıblar. Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlərə qatılmamaqları onların yeni hiyləgər taktikasıdır. Azərbaycanı ermənilərə qarşı dözümsüzlükdə ittiham eləmək üçün bu cür addımlara gedirlər. Erməni deputatların Bakıya gəlməməkləri buna xidmət edir”.
QAT sədrinin fikrincə, ermənilər yeni hansısa addımlar atmağa hazırlaşırlar və bu addımlarına bəraət qazandırmaq üçün Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlərə gəlmirlər: “Amma Azərbaycan ermənilərin Bakıya gəlməməklərindən qətiyyən narahat olmamalıdır. Gəlmirlər, daha yaxşı. Onsuz da bütün dünya bilir ki, Azərbaycan tərəfi həmişə buraya beynəlxalq tədbirlərə gələn ermənilərin təhlükəsizliyinə təminat verib”. /“Yeni Müsavat”/