Ötən gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyi üçün keçirələcək seçkilər öncəsi sədrliyə iddialı olan "Cumhur ittifaqı" nın namizədi Binəli Yıldırım və "Millət ittifaqı" nın namizədi Əkrəm İmamoğlu tanınmış televizya aparıcısı İsmayıl Küçükkayanın moderatorluğu ilə ortaq yayınla debat keçirdi.
Üç saat davam edən debatda namizədlərin ailə üzvləri və mənsub olduqları partiyaların sədr müavinləri də iştirak edirdi.
Cebhe.info xəbər verir ki, politoloq Zeynal Əmrəliyev Türkiyə demokratiyasının “Debat dərsi”ni şərh edib.
O deyib ki, debatın formatı və moderatoru öncədən hər iki partiya tərəfindən razılaşdırılmışdı:
“1) Debat başlayarkən moderator ilk öncə namizədləri Beynalxalq Atalar Günü münasibəti ilə təbrik etdi. Bunun qarşılığında İmamoğlu həm Küçükkayanı, həm də Yıldırımı təbrik etdi və onlara gətirdiyi hədiyyəni təqdim etdi. Yıldırımda rəqibinin bu jestinə dərhal qarşılıq verdi və o da gətirdiyi hədiyyəni İmamoğluna təqdim etdi. Bu bayramlaşma Türkiyə demokratiyası üçün əhəmiyyətli bir hadisə idi. Hər iki namizəd bir-birinə qarşı olan səmimiyyətini göstərdi və bu 3 saat ərzində verilişin mədəni bir ortamda keçməsinə də kömək etdi. Namizədlər demək olar ki, bir-birinə qarşı heç bir sərt ifadə işlətmədilər.
2) Moderatorun hər iki namizədinə ilk sualı seçkinin niyə təkrarlanması idi. Yıldırım səslərin oğurlandığını, səslər yenidən sayılarkən xeyli sayda səsin onların xeyrinə dəyişdiyini, əgər bütün səslər yenidən sayılarsa, seçkinin qalibinin özü ola biləcəyini dedi. Eyni suala cavab verən İmamoğlu seçkidə eyni sandıqda məhəllə muxtarlarının, rayon bələdiyyə məclis üzvlərinin, rayon bələdiyyə sədrlərinin, İstanbul Böyük Şəhər Bələdiyyəsi üzvlərinin seçildiyini, bu seçkinin tək Böyük Şəhər Bələdiyyə sədri seçkisi olmadığını bildirdi. Cibindən 20 lira çıxaran İmamoğlu “Vətəndaş sizə 20 lirə verir, deyirsiz bunun 5 lirəsi saxtadır, digər 15 lirəsi həqiqi puldur. Bu pul bütövdür, ya saxtadırsa hamısı saxtadır, ya da heç biri", - dedi.
İmamoğlu ayrıca səslərin kim tərəfindən oğurlandığını da soruşdu. Bu polemika 3 saat ərizində davam etdi. Yıldırım nə qədər səslərin oğurlandığını desə də, rəqibinin sualına cava verə bilmədi. Bu isə debatı izləyən seçicilərin diqqətindən qaçmadı. Debat bitər-bitməz "Binəli bəy, səsləri kim oğurladı?" kimi başlıqlı manşetlər sosial şəbəkələrdə və media qurumlarında yayılmağa başladı. Bu, keçmiş baş nazirin nüfuzunu zədələyəcək bir addım idi.
Yaxşı olardı ki, səslərin oğurlanmasının üstündə çox dayanılmayaydı. Düzdür, Yıldırım rəqibinə cavab verməyə çalışdı, səslərin ayrı-ayrı sayıldığını bildirib, səslərin kimin oğurladığı sualına cavab verəcək qurumun YSK olduğunu açıqladı. Ancaq bu cavab da qanedici deyildi. Çünki səslərin oğurlandığını iddia edən YSK deyil, iqtidar partiyasıdır.
3) Yıldırım da rəqibinə qarşı həmlə edib tək Böyük Şəhər Bələdiyyə sədri ilə bağlı narazılıqların olmadığını, bir çox yerdə etirazların edildiyini bildirdi, buna tək AK Partiyanın deyil, bütün partiyaların etiraz etdiyini xatırlatdı. “Biz səslərin yenidən sayılmasına etiraz etmədik”, - deyən rəqibinə CHP-nin qərarlarını xatırladıb onun yalan danışdığını bildirdi. Bu, qəşəng həmlə idi. Yıldırımın çoxillik siyasi təcrübəsi burada özünü göstərdi. Onu çətin vəziyyətə salan rəqibinə zərbə endirməklə onun üstünlük qazanmasına mane oldu”.
Politoloq deyib ki, İmamoğlunun ““Anadolu” agentliyi seçki günü yayımı niyə kəsdi?” sualına Yıldırım “Bu, agentliyin öz işidir, məni maraqlandırmır”, - deyə cavab verib:
“İmamoğlu isə rəqibinə dərhal seçki gecəsi AK Partiya funksionerlərinin bu agentliyə istinad edərək yaydığı açıqlamaları xatırlatdı. Yıldırım vəziyyətdən çıxmaq üçün dərhal suallara və debatın formatına etiraz etdi. Ancaq moderator da bunların partiyalar tərəfindən ortaq şəkildə müəyyən edildiyini bildirdi”.
Ekspert debatdakı müşahidələrini belə sıralayıb:
5) Moderatorun vəqflərlə bağlı sualına Yıldırım onların fəaliyyətini tərifləyərək cavab verdi və onlarla əməkdaşlığın davam edəcəyini bildirdi. Ayrıca vəqflərə bələdiyyədən pul ayrıldığı barədə də iddiaları yalanlayaraq sadəcə onların bələdiyyənin keçirdiyi lahiyələrdə iştirak etdiyini dedi. İmamoğlu isə bələdiyyənin çox israfçılıq etdiyini dəqiq rəqəmlərlə ifadə etdi, bələdiyyəyə 1810 avtomobilin ayrıldığını, hər 7 bələdiyyə işçisinə 1 minik avtomobilinin düşdüyünü, bunun israfçılığın ən böyük örnəyi olduğunu xatırlatdı. Bu məsələdə də İmamoğlunun üstünlüyü ilə keçdi. Dəqiq rəqəmlərin verilməsi çox doğru addım idi.
6) Moderatorun "FETÖ" teror təşkilatı ilə bağlı sualına İmamoğlu “Tanımıram, heç bir münasibətim olmayıb, bunu hüquq-mühafizə orqanları da təsdiq edə bilər” deyərək suala çox rahat cavab verdi. Yıldırım isə suala cavab vermək əvəzinə rəqibinin bələdiyyə israfçılığı ilə bağlı fikrinə münasibət bildirdi. Ancaq Küçükkaya Yıldırımdan yenidən "FETÖ"nü soruşduqda Yıldırım sadəcə "yox" deməklə kifayətləndi. AK Partiyanın köhnə kadrosunun bu təşkilatla zamanında iç-içə olduğu bilinən bir gərçəkdir. Yıldırımın cavabı çox da inandırıcı olmadı. Bu da ona mənfi xal gətirə bilər. Ancaq Yıldırım rəqibinin FETÖ əleyhinə işlətdiyi sərt cümlələri dəstəklədiyini və onu bu hərəkətindən dolayı təqdir etdiyini bildirdi.
7) Moderatorun namizədlərdən planları haqqında danışmasını bildirməsi üzərinə Yıldırım Tuzla rayonunda 27 milyard qazanc gətirəcək yeni biotexniki fabriklərin qurulacağını, ayrıca texniki parkın qurulacağını, gənclərin strart-tap lahiyəsini həyata keçirməyə köməklik göstərəcəklərinə, müəyyən edilmiş bir ərazidə sənayə parkının salınıb xeyli sayda zavod-fabrikin inşa ediləcəyini, "Atatürk" hava limanında böyük konqres mərkəzi inşa edəcəklərini açıqladı. İmamoğlu isə hər sahə üzrə islahat paketi qəbul edəcəklərini bildirib tək-tək onların mahiyyətini açıqladı. Qeydə alınmış işsizlərin hamısının işlə təmin edililəcəyi barədə söz verdi, müxtəlif kateqoriyalara aid olan bir neçə vətəndaş üçün ictimai nəqliyyatı pulsuz edəcəklərini bildirdi. İmamoğlu ayrıca sosial problemi ağır olan ailələrə maddi dəstəyin ayrılacağını da dedi. Namizədlərin vədlərinə baxdıqda Yıldırımın sənayənin inkişafını, İmamoğlunun isə sosial problemlərin həllini önə çəkdiyini görürük”.