Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu ilin dekabr ayında keçiriləcək.
Bələdiyyə seçkiləri ilə müxtəlif ictimai və siyasi təşkilatlar artıq fəaliyyətə başlayıblar. Maraqlıdır, siyasi düşərgədə hansı partiya bələdiyyə seçkilərində iştirak edəcək və seçkilərdən gözləntiləri nədir?
Vətəndaş və İnkişaf Partiyasnın (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında seçkidə iştirakla bağlı konkret qərarlarının olmadığını deyib:
“Hələlik bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı konkret qərarımız yoxdur. Biz seçkilərdə formal çıxış edən subyekt olmaq istəmirik. Əgər hökumət ciddi iradə nümayiş etdirəcəksə, yaxın gələcəkdə siyasi açılım komponentlərindən biri kimi özünüidarə qurumlarının (Bələdiyyələrin -müəl.) inkişafına şərait yaradacaqsa, seçkilərin formal olmadığına cəmiyyəti inandıra biləcəksə, o zaman müsbət qərarımız ola bilər. Hər halda, biz bələdiyyə seçkilərində iştirak məsələsini yay aylarının sonunda müzakirə etmək niyyətindəyik. Hələlik eloktoratın seçkilərə hazırlaşmasını, seçkilərə inamın artırılmasına, iştirakın vacibliyini çatdırmağa çalışırıq. İnsanlar təcrübədən çıxış edirlər. Təcrübə isə ondan ibarətdir ki, 1999-cu ildən bu günə qədər heç vaxt normal bələdiyyə seçkiləri keçirilməyib. Bələdiyyələrin statusu isə ildən ilə zəiflədilib, məhdudlaşdırılıb. Faktiki olaraq, bələdiyyələrin heç biri hazırda siyasi mahiyyət kəsb etmir. Ona görə də bələdiyyə seçkilərinə təşviq etmək çox çətindir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli isə təmsil olunduğu partiyanın seçkilərdə iştirak edəcəyini açıqlayıb:
“Hər bir siyasi partiyanın bir nömrəli işi seçkilərdə iştirak etmək və qalıb olmaqdı. Seçkilərin necə keçirilməsi başqa bir mövzudur. Biz də partiya olaraq seçkidə iştirak etməyə qərarlıyıq. Bununla bağlı patiyada seçki ilə bağlı qərargahımız var. Mütəmadi olaraq şöbələrlə görüşümüzdə seçkilərdə iştirakla bağlı müzakirə və tövsiyələrimiz olur. Seçki həm də partiyanın güclənməsinə xidmət edir. Kampaniya dövründə əhali ilə birbaşa təmas imkanı yaranır. Payızda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcəyik. Bələdiyyə seçkiləri yerli özünüidarəetmə olduğundan, əksər bələdiyyə üzvlüyünə namizədlərimizin hazırlığı var. Gənclərin iştirakı daha yaxşıdır. Partiyada gənclərin iştirakına üstünlük veririk. Gözləntilərimiz yüksək olmasa belə, çalışacağıq ki, əksər bələdiyyələrdə qalib olaq”.
Ümid Partiyası da bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərarını artıq verib. Partiya sədri İqbal Ağazadə deyib ki, bələdiyyə seçkilərinə hazırlıq başlayıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə üzvlərinin istəyi halında seçkilərdə iştirak edəcəklərini deyib:
“Əgər üzvlərimiz istəsə, əlbəttə ki, qatılacağıq. Seçkilərdə iştirak etməyə çalışacağıq. Təbii ki, üzvlərimizdən kimsə namizəd olmaq istəsə, ona kömək edəcəyik. Kim istəsə, qatılacaq, istəməyən qatılmayacaq. Bununla bağlı heç bir məhdudiyyətimiz yoxdur”.
Ağ Partiyanın sədri Tural Abbaslı da partiyasının bələdiyyə seçkilərinə xüsusi hazırlaşmadığını deyib:
“Biz o düşüncədəyik ki, istənilən seçkilər hər bir partiya üçün yeni imkan və fürsətdir. Odur ki, biz heç zaman seçkilərin boykot edilməsinin tərəfdarı olmamışıq. Bu seçkiləri də boykot etməyəcəyik. Ancaq reallıq odur ki, Azərbaycanda bələdiyyələrin heç bir təsir imkanları yoxdur. Onlar İcra hakimiyyətinin əlavəsi kimi, fəaliyyət göstərir. Həmçinin cəmiyyətin də onlara münasibəti birmənalı deyil. Heç bir partiya bu seçkilərə maraq, göstərmir. Hətta hakim Yeni Azərbaycan Partiyası da bu seçkilərə maraqsız görünür. Biz də boykot etməməyimizə baxmayaraq xüsusi də hazırlaşmırıq. Regionlarda istənilən üzvlərimiz namizədliyini verməyə sərbəstdir”.
ReAl Partiyası da 2019-cu il bələdiyyə seçkilərində iştirak etmək niyyətindədir. Partiyadan seçki ilə bağlı artıq ilkin toplantı keçirildiyini və araşdırmaların aparıldığı bildirilib.
Vilayət Muxtar