ABŞ-ın İrana yönəlik iqtisadi sanksiyalarının və siyasi hədələrinin getdikcə güclənməsi Ermənistanda ciddi narahatlığa səbəb olub. “AzPolitika.info” xəbər verir ki, erməni siyasi şərhçiləri və iranşünasları Ermənistan hökumətini passivlikdə və İranla bağlı problemi lazımınca dərk etməməkdə günahlandırırlar.İrəvan Universitetinin “İranşünaslıq” kafedrasının rəhbəri Vardan Voskanyan erməni mətbuatına açıqlamasında hökumətin İran siyasətini sərt tənqid edib. O, bildirib ki, hazırkı hakimiyyət Ermənistan ətrafında nələr baş verdiyini anlamaqda çətinlik çəkir və hökumətin başı heç bir əhəmiyyəti olmayan daxili çəkişmələrə qarışıb.
V.Voskanyan xatırladıb ki, Ermənistan üçün Gürcüstandan sonra dünyaya açılan ikinci qapı məhz İrandır. Və İranda baş verəcək hər hansı neqativ siyasi, hərbi, yaxud iqtisadi dəyişiklik Ermənistan üçün böyük fəsadlar yaradacaq.
Ekspert Ermənistanla İranın dostluğunu önə çəkərək deyib ki, “Tehranla münasibətlər İrəvan üçün həyati önəm daşıyır…”
Lakin Voskanyan hesab edir ki, hökumətin fəaliyyəti ABŞ sanksiyaları və təhdidlərinin İran-Ermənistan əlaqələrinə vuracağı ziyana adekvat deyil. Məsələn, qeyd olunur ki, ABŞ-ın hədələrindən sonra erməni bankları İranla əməkdaşlıqdan çəkinməyə başlayıblar və erməni biznesmenlərə iranlı tərəfdaşları ilə işləyərkən ehtiyatlı olmaq barədə xəbərdarlıq ediblər.
Konkret olaraq, “İnecobank” belə bir bəyanatla çıxış edib. Bank bildirib ki, İranla əməkdaşlıq edən biznesmenlərin Ermənistandakı bank hesabları ABŞ sanksiyaları ucbatından dondurula bilər.
İranşünas ekspert hesab edir ki, bu cür bəyanatlar Ermənistan-İran münasibətlərinə mənfi təsir göstərir: “Bankın bu mövqeyi Ermənistan üçün ciddi təhlükə yaradır. Şərq və Qərb sərhədi bağlı olan ölkə ABŞ-ın “sanksiya tütəyinə“ oynamalı deyil. Hökumət isə mümkün təhlükələri neytrallaşdırmaq üçün təcili tədbirlər görməlidir…”
Politoloq hesab edir ki, Ermənistan hökuməti siyasi iradə göstərməli, ABŞ sanksiyalarından qorxmamalı və müxtəlif vasitələrlə situasiyadan çıxmağa çalışmalıdır.Görünən odur ki, Ermənistan bir tərəfdən İran ucbatından ABŞ sanksiyalarının erməni banklarına və iş adamlarına böyük zərbə vuracağından qorxur, digər tərəfdən isə “qardaş” İranla münasibətləri, əlaqələri ən yüksək səviyyədə saxlamaq istəyir.
Voskanyan hesab edir ki, Azərbaycan Ermənistana qarşı ciddi informasiya müharibəsi aparır və Ermənistanla qondarma Qarabağ rejimi arasında qarşıdurma olduğunu önə çəkməyə çalışır: “Təəssüf ki, biz indi heç bir qiyməti olmayan daxili diskussiyalarla məşğuluq. Azərbaycan isə bizə qarşı ciddi informasiya müharibəsi aparır və Ermənistanla Qarabağ arasında uydurma ziddiyətlərlə spekulyasiyalar edir. Bu şəraitdə biz xarici siyasət məsələlərilə ciddi məşğul olmalıyıq və daxili, ikinci dərəcəli debatları kənara qoymalıyıq…”
Göründüyü kimi, özü-özünü təkzib edən erməni politoloq bir tərəfdən Paşinyanla qondarma rejim arasındakı qarşıdurmanı uydurma adlandırır, digər tərəfdən isə etiraf edir ki, daxildə ölkənin maraqlarına zidd olan “diskussiyalar” və “debatlar” mövcuddur…Daha sonra ermənilərin baş iranşünası etiraf edir ki, Ermənistan Rusiya-İran münasibətlərinin quyruğuna çevrilıib və tərəflər Ermənistanla qətiyyən hesablaşmırlar. Voskanyan xatırladır ki, Rusiya və ABŞ xarici işlər nazirlərinin son Soçi görüşünün əsas mövzusu İran məsələsi olub.
Ancaq Rusiya tərəfi həmin görüşün nəticələri barədə İranın ən yaxın qonşusu olan Ermənistana heç bir məlumat verməyib:
“Sual doğur ki, bəs erməni tərəfi öz strateji tərəfdaşından(Rusiyadan-red.) amerikalılarla aparılan danışıqlar barədə soruşubmu? Təəssüf ki, hansısa informasiya ilə bağlı müraciət etməyin bizimkilərin ağlına gəlməsinə əmin deyiləm…”Bununla yanaşı erməni politoloq İrana qarşı ABŞ sanksiyaları qarşısında Ermənistanın nəsə etməsinin çətin olduğunu da etiraf edir və xatırladır ki, artıq bir sıra Avropa ölkələri bu sanksiyalardan yan keçərək, İranla əməkdaşlığın davam etdirməyin mexanizmlərini hazırlayırlar. Voskanyan hesab edir ki, İrəvan da bu təcrübədən mütləq istifadə etməlidir.
Hər necə olsa, ABŞ sanksiyaları və təhdidləri doğrudan da Ermənistan-İran dostluq və qardaşlığını sınağa çəkə bilər. Və yəqin ki, həmişə çətin gündə Ermənistanın dadına çatan İran rejiminin uzun illərdir müsəlman qanı axıdan ermənilərin sədaqətini yaxın gələcəkdə “hiss ertməyə” imkanı olacaq.
Tarix: 1-06-2019, 19:57