Qərb dövlətlərinin daim Azərbaycana ikili standartlardan yanaşmasına artıq öyrəşmişik.
Ölkəmizdə keçirilən mühüm tədbirlər, idman və musiqi yarışmaları zamanı dəfələrlə buna şahid olmuşuq. Demək olar ki, Bakıda keçirilən bütün beynəlxalq tədbirlərdən əvvəl və sonra ölkəyə qarşı qarayaxma kampaniyası başladılır. Bəzi qüvvələr Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar.
Bu cür örnəklər yaxın keçmişdə də, bu gün də mövcud olub və təəssüf ki, hələ də davam edir. 29 mayda Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu öncəsi də Azərbaycana qarşı eyni münasibət sərgiləndi.
Bu dəfə final oyununda İngiltərənin “Çelsi” klubunun rəqibi olan eyni adlı ölkənin təmsilçisi olan “Arsenal” klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryan üzərində “oyun” quruldu. Təhlükəsizliyinə zəmanətin olmadığını səbəb gətirən Mxitaryan Bakıya gəlməkdən imtina etdi. İngilis klubu ard-arda Azərbaycan əleyhinə bəyanatlar səsləndirdi. Təbii ki, bu qurulmuş oyunun tərkib hissəsi idi. Əslində, gətirilən səbəblərin heç birinin əsası yox idi. Digər tərəfdən Henrix Mxitaryan “Arsenal” üçün o qədər də önəmli futbolçu deyil ki, onun Bakıya gəlib-gəlməməsi bu qədər vacib olsun və müzakirə predmetinə çevrilsin.
2015-ci il I Avropa Oyunları zamanı Bakı Olimpiya Stadionunda (BOS) açılış mərasimi təşkil olundu və Ermənistanı təmsil edən komanda da digər ölkələr kimi təqdim olundu və stadiona çıxdı. Bəs o zaman Ermənistan idmançılarına niyə heç nə olmadı? Ermənilər dəfələrlə Bakıda keçirilən tədbirlərdə iştirak ediblər. Amma bu günə qədər onların təhlükəsizliyinə heç bir zərər gəlməyib.
Bəs bu dəfə nə baş verdi? Niyə “Mxitaryan” məsələsi bu qədər qabardıldı? Təbii ki, bu məsələnin də altında ikili standartlar, xristian təəssübkeşliyi dayanırdı.
Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Azərbaycana qarşı ikili standartlar hər zaman olub, bundan sonra da olacaq:
“Çünki Azərbaycan o qədər də böyük olmayan müsəlman inanclı dövlətdir. Məhz buna qarşı istər dini, istərsə də etnik baxımdan müxtəlif metodlardan istidafə edirlər ki, Azərbaycanın əleyhinə olan bütün addımlar atılsın. Bu kampaniya elə bir xarakter daşıyır ki, guya Azərbaycanda stabillik, tolerantlıq yoxdu, multikultural dəyərlər qorunmur, hüquq pozuntuları, təhlükəsizliyinə daim təhdid var. Lakin bunun əksinə, son vaxtlar baş verən hadisələr, istər Formula-1, istər son futbol yarışında bir daha məlum oldu ki, Azərbaycan böyük tədbirlərə ev sahibliyi etməyi bacaran dövlətdir. Azərbaycan ölkəyə gələn qonaqların, iştirakçılarının, bununla yanaşı, bütün avadanlıqların təhlükəsizliyinə tam təşkildə təminat verir”.
A.Nağıyevin sözlərinə görə, bu məsələnin arxasında birmənalı şəkildə erməni xüsusi xidmət orqanları və onların havadarları dururlar:
“Əsas istiqamət bundan ibarətdir. Ermənilərin çalışdığı odur ki, nəyin bahasına olur olsun, Azərbaycanı nüfuzdan salsınlar. Bu, təbii ki, onların başladığı hibrid-informasiya müharibəsinin bir hissəsidir. “Arsenal” və “Çelsi” arasında baş tutan son futbol oyunu bir daha göstərdi ki, Azərbaycan vətəndaşı da, hüquq-mühafizə orqanları da, rəhbərliyi də, kütləvi informasiya vasitələri də tam şəkildə bu cür məsələlərdə birləşir və ölkəmiz bu cür tədbirlərin yüksək səviyyədə keçirilməsinə ev sahibliyi edir. Sadəcə olaraq, ikili standartlar hər zaman olacaq. Çünki bu, həm dini, həm də etnik baxımdan son zamanlar aparılan siyasətin tərkib hissəsidir”.//Cebhe.info//