Serj Sərkisyanın partiyasının seçkilərdə iştirakı ən çox Paşinyana sərf edir - erməni mətbuatı


Ermənistanda Serj Sərkisyanın Respublika partiyasının (ERP) seçkidə iştirak edəcəyi dəqiqləşib.

Partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Bağdasaryan dünən "Azadlıq" radiosuna verdiyi müsahibədə bunu təsdiqləyib.

V.Bağdasaryan mənsub olduğu siyasi qüvvənin təkcə keçid baryerini keçmək üçün yarışmayacağını da vurğulayıb.

Erməni mətbuatı ERP-in seçkidə iştirak qərarı ilə parlamentin son iclasında Seçki məcəlləsinə dəyişiklikləri rədd etməsi arasında əlaqəyə diqqət yetiriblər. Qanuna əsasən seçicilər siyasi partiyalarla birlikdə seçki bölgəsində ən çox üstünlük verdikləri namizədi də seçə bilirlər. "Reytinq sistemi" adlandırılan bu qayda səsləri pulla ələ alıb deputat seçilən kriminal oliqarxiyaya, yəni köhnə rejimin qalıqlarına çox sərf edir.

Erməni analitikləri bütün hallarda ERP-in seçkidə iştirakının ən çox Nikol Paşinyana sərf etdiyini yazırlar . Onların fikrincə, yalnız belə olan halda Paşinyan ölkə siyasətini “ağ” (yəni özü) və “qara”ların (köhnə rejim) mübarizəsi kimi primitiv formulla təsvir edərək Qarabağ klanının ikinci dəfə gəlməsindən qorxan cəmiyyəti ətrafında toplaya bilər.

ERP-in seçkilərdə iştirakı həm də iş adamı Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyasına da sərf edir. Bununla Sarukyan yeni əks-inqilabçı qüvvə olmaq riskindən qurtulmuş olur.

Lakin Serj Sərkisyana tabe olan qüvvənin seçkilərə qatılması ən çox Paşinyan iqtidarına demokratik müxalifət olmağa can atan digər partiya və alyanslara ziyan vuracaq.

Burada ən çox zərərin Paşinyanın hazırkı parlamentdə müttəfiqi olduğu “İşıqlı Ermənistan” və “Respublika” (ERP ilə qarışdırılmamalı-red.) partiyalarının yaratdığı “Luys” (işıq) blokuna, habelə keçmiş prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresinə dəyəcəyi gözlənilir.

Musavat.com

Tarix: 1-11-2018, 21:04
Xəbəri paylaş





Xəbər lenti