Razi Nurullayev partiya toplantısında hakimiyyətə təkliflərini açıqladı
Razi Nurullayevin rəhbərlik etdiyi AXCP dünən Beynəlxalq Mətbuat Mərkəzində aylıq qrup toplantısını keçirib. Toplantıda Azərbaycan-Avropa münasibətlərinin mövcud durumu, siyasi islahatlar və digər məsələlər müzakirə olunub. Toplantıda çıxış edən Razi Nurullayev Azərbaycanda bir sıra iqtisadi islahatların aparıldığını deyib. O bildirib ki, Azərbaycanda iqtisadi islahatlar aparılır, amma islahatların geniş spektrdə aparılmasına baxmayaraq nəticələr zəifdir. Sosial vəziyyət, əmək haqlarının, iş yerlərinin yetərli olmaması problemlər yaradır. Səbəb isə iqtisadi islahatların siyasi islahatlarla möhkəmləndirilməməsidir.
Siyasi islahatlara toxunan partiya sədri qeyd edib ki, siyasi islahatların aparılmasını vacib sayırlar və bununla bağlı partiyasının təklifləri var. Birinci təklif ondan ibarətdir ki, siyasi hakimiyyət hökumətdə müxalifətin də təmsil olunmasına şərait yaratsın: “İqtidarla müxalifət arasında sosial, iqtisadi, siyasi və xarici məsələlərdə müzakirələrin olması vacibdir. Ən azından 3-4 nazirliyin müxalifətə verilməsini məqbul sayır, o cümlədən növbədənkənar parlament seçkilərinin keçirilməsini faydalı görürük. Yeni parlamentin rolu ölkədə sosial, iqtisadi və siyasi islahatların keçirilməsinə yardım göstərmək olmalıdır. Parlamentin bir siyasi partiyanın hegemonluğunda saxlanılmasına, həmçinin ayrı-ayrı məmur təbəqəsinin maraqlarına xidmət etmə cəhdlərinə son verilməlidir. Parlament xalqın tribunadan eşidilən səsinə çevrilməzsə, ölkənin hərtərəfli plüralizm şəraitində inkişafı mümkün olmaz.
İkincisi, siyasi məhbus qismində adıçəkilən, ictimai asayiş üçün heç bir təhlükə kəsb etməyən insanlar azadlığa buraxılmalı, ən azından azadlığı ev şəraitində məhdudlaşdırılmalıdır. Ölkəmizin davamlı olaraq adının siyasi məhbuslarla bol ölkə kimi hallandırılması Azərbaycana sərmayələrin yatırılmasına ciddi əngəldir və demokratik ölkələrdən turist axınına da ciddi maneçilik törədir. Azərbaycanın imici və maraqları naminə bu edilməlidir".
Çıxışında Qarabağ probleminə də toxunan Razi Nurullayev münaqişənin həllində yaxın vaxtlarda əsaslı dönüşün görünmədiyini deyib: “Əsaslı dönüş o zaman baş verəcək ki, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin-ABŞ, Fransa və Rusiyanın dövlət başçıları səviyyəsində Ermənistana təzyiq edilsin. Əgər Ermənistan Dağlıq-Qarabağdan kənar rayonlardan hətta bir neçəsini belə qaytarmaq istəmirsə, onunla danışıq aparmağımız boş vaxt itkisi olacaq. Azərbaycan bu sahədə dost və qardaş ölkələrin siyasi və beynəlxalq gücündən istifadə edərək dönüşə nail ola bilər. Dost və qardaş ölkələrin dövlət başçılarının həmsədr ölkələrin başçıları ilə birbaşa təması və Dağlıq Qarabağ məsələsini beynəlxalq gündəmə çevirməsi ilə irəliləyiş əldə etmək olar. Nə qədər ki, bu münaqişənin səs-küyü regiondan kənara çıxmayıb və dövlətlər arasında narahatlıq yaratmayıb, münaqişənin həllində gözə çarpan nələrsə olmayacaq”.(“Yeni Müsavat”)