Мüxalifətdən həftəsonu qadağalara reaksiya – qərar təqdir edilir, amma...


 Ölkədə koronavirusa yoluxmanın artması səbəbindən iki günlük küçəyə çıxmaq qadağan edildi. Şənbə və bazar günləri qeyri-rəsmi fövqəladə vəziyyət elan edildi. Həmin günlər metro, avtobuslar işləməyəcək, marketlər bağlı olacaq. Yalnız istisna olaraq, bəzi sahələrin fəaliyyətinə icazə verilir.

Xatırladaq ki, hətta sərt karantin rejimi dövründə belə ən azı marketlər, apteklər işləmişdilər. Amma ölkədə infeksiyaya yoluxma hallarının kəskin artması ticarət obyektlərinin də işini dayandırdı. Nazirlər Kabinetinin bu qərarı 13-15 iyun arasında da tətbiq ediləcək. Ümid olunur ki, həftəsonu küçəyə çıxmaq qadağası yoluxmanın azalmasına gətirib çıxara bilər.

Bəs hökumətin qərarını siyasi opponentlər necə qarşılayır?

AĞ Partiyanın başqanı Tural Abbaslı ümid edir ki, bu qadağalar və karantin şərtləri siyasi mahiyyət daşımır. O, atılan addımların insanların sağlamlığının nəzərə alınaraq həkimlərin rəyi əsasında verilmiş qərar olduğuna inanır.

“Düzdür, cəmiyyətdə bu addımların siyasi-iqtisadi səbəbləri haqda mülahizələr yürüdülür. Amma belə düşünmək istəməzdim. Ümidvaram ki, mütəxəssislərin tövsiyələri əsasında verilən qərarlardır”, - deyə T.Abbaslı vurğuladı.

Tural Abbaslı: “Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz ...

Partiya lideri hesab edir ki, həftəsonu qadağaya pozitiv qəbul etmək lazımdır: “İnsanları özlərini və əzizlərini qorumağa çağırıram. Həyatımızın dəyərini bilməli, riskli addımlar atmamalıyıq”.

Xəzər Teyyublu Milli Şuradan niyə istefa

Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin üzvü Xəzər Teyyublunun fikrincə, yoluxmanın artması narahatedici faktordur. Onun sözlərinə görə, hökumət əhalinin sosial şəraitinin çətinləşməsi səbəbindən karantini yumşaltmağa məcbur olub: “Əvəzində bu da yoluxmanı artırdı. Ümid edirəm ki, həftəsonu küçəyə çıxmaq qadağası müsbət effekt verəcək. Əslində sərt karantin rejimi yumşaldılmalı deyildi. Əksinə, aztəminatlı ailələrə sosial dəstəyin müddəti uzadılmalı, şərtlər sadələşdirilməli və daha geniş kütlələri əhatə etməliydi. Bu zaman evdə qalmağın ömrünü uzatmaqla yoluxmanın qarşısı alına bilər”.

KXCP funskioneri Azərbaycan hökumətinin Türkiyə praktikasından istifadə etdiyini düşünür: “Türkiyədə yenə bu həftəsonu 15 şəhərdə komendant saatı tətbiq ediləcək. Bizdə komendant saatı olmasa da, qardaş ölkə kimi həftəsonu qadağalar tətbiq edilir. Biz siyasi təşkilat olaraq verilən qərara uyğun hərəkət etməliyik. Pandemiyaya qarşı iqtidar-müxalifət və xalq həmrəy olmalı, xalqımız bu bəladan tezliklə xilas olmalıdır”.

Müəyyən qrup insanları yanlış yola təhrik etməkdədirlər" - Əli ...

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, partiya bir ay əvvəl digər müxalifət partiyaları ilə birlikdə COVİD-19 bağlı hökumətə təkliflərlə çıxış etmişdi: “Amma bu təkliflər qulaqardına vuruldu. Hesab edirdik ki, karantin rejiminin yumşaldılması üçün ciddi hazırlıq işləri aparılmalı, buna tələsilməlidir. Göründüyü kimi, plansız və hesablamasız yumşaldılma yaxşı nəticələr vermədi”.

AMİP katibinin fikrincə, cərimələr, inzibatı cəza tədbirləri insanların koronovirus qarşı məsuliyyətli olmasında ciddi rol oynamadı: “Maddi, sosial məişət problemlərinin həllində hökumət dəstək göstərmədi, maarifləndirmə işi aparılmadı. Qadağalar və məhdudiyyətlər nəticə vermədi. Bundan sonra hökumət ciddi nəticələr çıxarmalıdır. Pandemiyanın daha geniş yayılması üçün komendant saatının tətbiqi müvəqqəti xarakter daşıyacaq. Vətəndaşlarımız da məsuliyyətli olmalıdırlar. Vəziyyətin ciddiliyini anlamalıdırlar. Hər halda inanmaq istərdim ki, sərtləşdirmələr və sosial izolyasiyalar öz müsbət təsirini verəcək”.

Ə.Orucov hesab edir ki, hökumətin koronovirusla bağlı kompleks planları ortada yoxdur: “Pərakəndəlik müşahidə olunmaqdadır. Bu da görülən işin keyfiyyətini aşağı salır. Bütün bunlara baxmayaraq, vətəndaşlarımız təhlükəsizliyi və sağlamlığının qorunması istiqamətində atılan addımları anlayışla qarşılayırıq”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə, epidemiyanın idarə olunan hala gəlmədiyi və gözlənilmədən yoluxma hallarının sürətlə artması göz qabağındadır: “Bu sıradan bir xəstəlik deyil. Qarşılaşdığımız problem insanların canın alır, dövlətlərin iqtisadiyyatını çökdürür. Nə qədər ki, tibb elmi bu xəstəliyə qarşı tam təsirli peyvənd hazırlamayıb, karantin və sosial izolə şərtlərini yeganə çıxış yolu kimi qəbul etməliyik”.

Samir Əsədli — Vikipediya

S.Əsədli qeyd etdi ki, son qərarlar bir qədər sərt görünə bilər: “Amma insanlarımızın sağlamlığını qorumaq, yoluxma sayını azaltmaq və epidemiyanı mümkün qədər nəzarətdə saxlamaq üçün bu qadağalar vacibdir. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bununla bağlı üzvlərimizə və bütövlükdə ölkə ictimaiyyətinə xüsusi müraciətimiz olub. İnsanlarımız bu reallıqları başa düşməli və ümumi sağlamlıq qorunması, yoluxmanı azaltmaq üçün qadağalara əməl etməlidir”.

Razi Nurullayev deputat seçildi - Unikal.org

Deputat Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin sədr müavini Ehtiram Mehdiyev bildirdi ki, vətəndaş məsuliyyətli olmadıqca təhlükə də artar: “Hesab edirəm ki, vəziyyətin bu cür davam etməsi ölkəmizi çətin vəziyyətlə üz-üzə qoya bilər. Bu da çoxlu sayda itki deməkdir. Həqiqətən də son günlərin statistikası, virusa yoluxanların sayının xeyli çoxalması Operativ Qərargahın sərt qərarlar verməsinin qaçılmaz olduğunu dəfələrlə vurğulamışdıq. Tətbiq olunan qaydalar hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyurdu. Amma bəzi vətəndaşlar bu qadağalara məhəl qoymadı”.

Ehtiram Mehdiyev: “Xalqın saxta siyasətçilərə inamı qalmayıb”

E.Mehdiyev dedi ki, məsuliyyəti dərk etməli, dövlətin tətbiq etdiyi qaydalara əməl etməliyik: “Hesab edirəm ki, taleyüklü məsələlərdə iqtidar-müxalifət münasibətlərini kənara qoyub ölkə naminə xalq dövlət birliyi olmalıdır. Çünki atılan bütün addımlar və qadağalar vətəndaşın sağlamlığı üçündür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Tarix: 6-06-2020, 15:03
Xəbəri paylaş





Xəbər lenti