Əminəm, koronavirus bu millətin elm və təhsilinin yüksəlməsinə çox böyük vəsilə olacaq.
Koronavirusun yayılması ilə əlaqədar səngimə hiss olunmur. Çindən başqa bütün ölkələrdə sürətli dinamika müşayiət olunmaqdadır. Bütün dünya ölkələri üzrə xəstəliyə tutulanlar bu ana 598 min nəfər, ölənlər-27 min nəfər, sağalanlar 131 min nəfərdir. Bütün ölkələrdə (Çindən başqa) xəstəliklə bağlı ciddi artım var. ABŞ 104 min xəstə sayı ilə dünyada birincidir. Ölkəmizdə bir neçə günlük sabit dövrdən sonra koronavirus qaynamağa başladı, bir gündə 30% artım oldu. Azərbaycanda ikincı və hətta daha ciddi problem kimi ölkənin yeganə yaşama mənbəyi olan neftin qiymətinin sürətlə düşməsi vəziyyəti xeyli çətinləşdirir. Bu gün artıq neftin 1 barelinin qiyməti bir gündə 6,3% düşərək 25 dolların altına endi. Bu qiymət 2019-cu ildəki orta qiymətdən 40 dollar və ya 2,6 dəfə aşağıdır. Aprelin sonuna brent neftin barelinin qiymətinin 16, WTI-nin isə 14 dollara düşməsi proqnozlaşdırılır. Belə davam etsə, (hələ bu cür olacağını da güman etmək olmur) ixracat 10 milyarda çatmayacaq, valyuta balansı, hökümətin maliyyə balansları ciddi kəsirdə qalacaq.
Situasiyanı nəzərə alaraq, ölkədə görülən tədbirlərin əhəmiyyətli dərəcədə genişləndirilməsi zəruridir:
- Hökümətin işinin bərpası. Bütün hökümət strukturlarının, həm mərkəzi, həm də yerli hakimiyyətin xüsusi iş rejimində və gün ərzində fəaliyyətini davam etdirməsi məqsədəuyğundur. Bu iş rejimi müstəsna hallar istisna edilməklə, onlayn rejimdə olmalıdır. Məsələ burasındadır ki, cəmiyyətin rəqəmsallaşdırılması uzun müddətli strateji plan idi, təəssüf ki, vaxtında yerinə yetirilmədi. Fövqəladə haldan istifadə edərək bu sistemin yüksək səviyyədə qurulması cəmiyyətin inkişafını çox irəli aparacaq.
- Parlamentin işi onlayn rejimə keçirilməli və deputatlar bütün iş həftəsi ərəfəsində seçiciləri ilə onlayn görüşməli, məsləhətləşməli, vəziyyət haqqında seçicilərini bilgiləndirməli, onlara mənəvi dayaq olmalıdır.
- Bütün təhsil və elm ocaqlarının işi bərpa olunmalıdır, yenə də əsasən, onlayn sistemlə. Fürsətdən istifadə edərək, onlayn olaraq elektron sistemin öyrədilməsini (100%) təmin etmək zəruridir. Elm və yüksək texnologiyalar əsrində elm və təhsil ocaqlarında təhsil işçilərinin xeyli hissəsi (daha çox rəhbər işçilərin) hələ email adresindən istifadə edə bilmir (mənə verilən məlumata görə, 60-70%). Bu milli faciədir. Virtual dünyada savadlılıq səviyyəsi yazıb oxumaqla deyil, İT texnologiyalarından istifadə ilə ölçülür, müasir reallıq belədir. Bu müddət ərzində bütün boş qalan insanları təhsilə cəlb etmək lazımdır. Bu koronavirusun və neftdən gələn zərərlərdən ictimaiiyyətə qat-qat çox gəlir, güc, qüdrət və immunitet verəcək.
- Metro, marşurutlarının, avtobusların bağlanması məqsədəuyğundur (Qubad İbad oğlunun təklifidir). Bu virus yalnız yayılma təhlükəsinə görə qorxuludur. Müşahidələr göstərir ki, hələ belə sürətlə yayılma qabiliyyətinə malik virus olmayıb. Bir ay izolyasiya olmasa, bütün dünyanı bürüyə bilər. Bu zaman tibbi fəlakət ola bilər, müalicə imkanları daha da çətinləşər. Bu məqsədlə həbsxanalar maksimum boşaldılmalı və saxlanılanların rejimi dəyişməlidir, ÜST müəyyən etdiyi qaydalarla saxlanılmalıdır. Xüsusilə, iqtisadi cinayətlə, yüngül xəsarət və s ilə yatanlar, uşaqlı qadınlar, siyasi motivlərlə həbs olunanların və s azad olunması zəruridir.
- İstehsalat obyektlərinin (əsasən qapalı şəkildə) dayandırılması məqsədəuyğun deyil, amma xüsusi rejimə əməl olunmalıdır. Hər bir obyektdə kağızdan istifadə maksimum məhdudlaşdırılmalı, bütün idarəçilik rəqəmsallaşdırılmalıdır. Yalnız istehsalat kontaktı tələb edən işçilərin şəhər və rayon nəqliyyat kontorlarının köməyi və nəzarəti altında beynəlxalq normalara uyğun daşınması tələb olunur. Hər istehsalat obyektinə dövlətin köməyi ilə bir və ya bir neçə avtobusun təhkim olunması zəruridir.
- Hər bir istehsalat obyektinə, ticarət obyektinə, avtobusa insanların daxil olması və çıxması zamanı əlləri dezenfeksiya olmalıdır.
- Ölkədə vəziyyət getdikcə gərginləşir, dünən koronovirusa tutlan əhalinin sayı 50%-ə yaxın artdı, tam uçot aparılsa sayı hələ bilmək olmaz nə qədər artacaq. İtaliya, İran, ispaniya kimi ibbi fəlakət yaşamamaq üçün təcili şəhər kənarında böyük izolyasiya olunmuş hospital qurmağa ehtiyac var. Tibbi ləvazimat, xüsusilə, maska, sterilizasiya materialları, tibbi spirt, gigiyenik materiallar, tənzif, virtual texnologiyalar istehsalının da qurulması üçün dərhal hərəkətə keçmək zəruridir.
- Virusa qarşı böyük elmi kollektivin yaradılması (sonralar ETİ çevrilmək şərti ilə) və ciddi elmi tədqiqatlara başlaması zəruridir. Bunlar hamısı: dövlət mülkiyyəti, ortaq və ya özəl olaraq yaradıla bilər (ən azı 80 % investisiyaların güzəştli kredit verilməsi ilə - yalnız oliqarx biznesmenlər istisna olmaqla). Bu həm də orta biznesin dirçəlməsinə vəsilə olacaq.
- Proqramlaşdırma sənayesi, virtual çalışma texnologiyaları, dərman bitkilərinin emalı, kənd təsərrüfatı və digər sahələrə də investisiyalar və sürətli təşkilatlanma da bu günün işidir.
- Rəqəmsal dünyanın hər şeyi olan İnternet xidməti ölkədə ağır vəziyyətdədir. Bir iclasda 4-5 dəfə kəsilir, səs eşitmək olmur. Əksər insanlar evlərində yalnız internetlə işləyir. İnternetin sürəti bir neçə dəfə qaldırılmalı, internetdə dövlətin inhisarı aradan qaldırılmalı, qiyməti ən azı iki dəfə aşağı salınmalı və ümumiyyətlə, karantin vaxtı ödəmədən azad olaraq məsrəfləri Fonddan qarşılanmalıdır.
Dərin hörmətlə, professor
Saleh Məmmədov
Musavat. com
Tarix: 28-03-2020, 16:31