“Hər yerindən duran SV-yə bilet alır”“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqlarının orta hesabla 10% artırılması səbəbləri barədə danışıb.M.Şıxəmirovun sözlərindən belə aydın olub ki, dəmir yollarının rəhbərliyinin istənilən bir şəxsin SV vaqonlara billet almaq imkanının olması xoşuna gəlməyib.
Kommersant.az saytına danışan M.Şıxəmirov deyib ki, SV-də yer tapmaq olmurdu, hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı.
“SV- ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi var idi. O fərqi aradan qaldırmaq üçün qiyməti qaldırdıq. SV-yə əsasən imkanlı şəxslər bilet alır”.
Kupe vaqonlara billetin qiymətinin artırılmasını isə, dəmir yollarının rəsmisi ailə ilə gedən insanlara yardım etmək istəyi ilə izah edib.
“Kupelərdə aşağı yerlərin qiyməti qaldırılıb. Buna səbəb vətəndaşların, qiymət fərqi olmadığına görə kassaya yaxınlaşıb aşağı yerləri almasıdır. Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur. 2 aşağı yer alınıb, qalır 2 yuxarı yer. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər. 4 nəfərlik ailə gələndə onlar üçün problem olmasın. Yəni, yerlər bərabər satılsın”.
Onun sözlərinə əsasən, əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yaranır.