Sahib Məmmədov: “Bakıda vahid idarəetmə sistemi olmadığına görə nəqliyyat xaosu yaşanır”
“Hazırda şəhərdə nəqliyyat xaosu yaşanır. Bir tərəfdən AYNA yollarda sürətlə avtobus, velosiped yollarının sayını artırmağa və yolları daraltmağa davam edir, digər tərəfdən “Formula 1” tədbiridir. Şəhərin əsas daşıyıcı xətti olan 28 may metrosu bağlanıb və metronun hərəkəti Nizami metrosundan sonra başlayır. Əlbəttə, bu keçidin tikilməsi, ola bilsin, zəruri idi, hərəkətin intensivliyini artırmağa xidmət edir, amma hər zəruri olan tikintini aparmaq da vacib deyil. Ora qoyulacaq investisiya, çəkilən xərc bu şəhərdə yaranan vəziyyəti qiymətləndirmədən, dərs ilinin, tədbirlərin başlanğıcı fonunda bu işlərə başlamaq düzgün deyildi”. Bu sözləri
Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi
Sahib Məmmədov deyib.
O bildirib ki, şəhər təsərrüfatında vahid idarəetmə sistemi yoxdur və Bakı Şəhər İcra Hakimiyyəti bütün proseslərdə kənarda qalıb: “Halbuki şəhərdə ictimai nəqliyyat Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmalı idi. Yəni bir yerdən qərar qəbul edildikdə bu, daha ağlabatan və daha yaxşı münasib vaxtlar seçmək olur. İndi isə AYNA bir tərəfdən heç kimdən soruşmadan iş görür, “Bakı Metropoliteni” QSC digər tərəfdən öz işini görür, “Azəriqaz” qazıntı işlərini davam etdirir və nəticədə plansız idarəetmə sistemi yaşanır. Daha sonra tıxaclar da artır, insanlar arasında da narazılıq yaranır. Adını çəkdiyim strukturlar vaxtilə vahid şəhər idarəetməsində olub. İndi idarəetmədən çıxıb, xaosu isə aradan qaldırmaq mümkün olmayacaq. Xətt tikiləcək, amma bu xaos davam edəcək, daha da dərinləşəcək. Çünki bu birinci növbədə idarətetmə ilə bağlıdır. Obyektiv səbəbləri də var. Bakı şəhərinin küçələri dardır. Ənənəvi olaraq dardır, burada böyük avtobus yollarının hər yerdə salınması, velosiped yollarının ikitərəfli salınması o qədər də düzgün deyil”.
S.Məmmədovun sözlərinə görə, COP29 tədbirindən sonra Bakı şəhərində tıxacların həcmi 30 faiz də artıb: “Bu o deməkdir ki, atmosferə atılan karbon qazı da 30 faiz artıb. Onda biz niyə COP tədbirini keçirirdik, dünyaya nə göstərirdik? Ona görə burada problemlər var. Birinci yerə idarəetməni qoyardım. Düzdür, bu işlər də görülməlidir, ancaq planlaşdırılmış şəkildə görülsə, daha effektiv olar”.
Tarix: 22-09-2026, 23:08