Əfqanıstanın paytaxtı Kabildən 150 kilometr şimal-şərqdə yerləşən Pəncşir vadisi Taliban əleyhinə müqavimətin “son qalası” olaraq ayaqdadır. Pəncşir ərazisi son 20 ildə Əfqanıstanın ən təhlükəsiz bölgəsi olaraq qalmaqdadır.Bəzi analitiklər vadinin Taliban hərəkatının genişmiqyaslı hücumuna tab gətirə bilməyəcəyini hesab edirlər. İsveçdə mənzillənən müstəqil tədqiqatçı Abdul Sayed Pəncşirin uzun müddət müqavimət göstərə bilməyəciyini deyir. “Taliban Pəncşiri hər tərəfdən əhatəyə alıb və Məsudun oğlunun bir-iki aydan artıq müqavimət göstərə biləcəyini düşünmürəm. Hazırda onun güclü dəstəyi yoxdur”.Digər ərazilərdə isə Taliban hərəkatı hakimiyyətini möhkəmləndirməklə məşğuldur. Hərəkat üzvləri Kabili tutduqdan dərhal sonra qadınların işləməsinə və təhsil almasına “şəriət qaydaları daxilində” icazə veriləcəyini açıqlasa da, hazırda onlara evdən çölə çıxmağı məsləhət görmür. Çünki “Taliban” döyüşçüləri, hərəkatın sözçüsü Zabihullah Mücahidin bildirdiyi kimi, qadınlarla rəftar barədə xüsusi təlim keçməyiblər və onları küçədə tutub zorlaya bilərlər. “Taliban” nümayəndəsinin bu bəyanatı beynəlxalq mediada geniş rezonansa səbəb olub. Zabihulla Mücahid bu barədə Kabildə keçirdiyi brifinqdə bildirib. “Qadınların evdə qalması lazımdır, ən azından hələlik. Niyə? Çünki döyüşçülərimizdən bəziləri hələlik qadınlara zərər verməmək məsələsində təlim görməyib. Bizə yeni qatılanların yetərli təlim almadıqları üçün qadınlarla pis davranmasından ehtiyat edirik. Allah göstərməsin, döyüşçülərimizin qadınlara zərər verib onları zorlamasından ehtiyat edirik”,-o deyib.

“Taliban” nümayəndəsi bildirib ki, “qadınlarla rəftar barədə yeni prosedur hazırlanana qədər” onlar evdə qalmalıdır. Və maaşları evlərində ödəniləcək. “Hələlik vəziyyət normallaşana qədər evlərində qalmalarını istəyirik. Hazırda hərbi vəziyyət hökm sürür”,-Mücahid bildirib. Taliban 1996-2001-ci illərdə Əfqanıstana qismən nəzarət edəndə qadınların evlərindən çölə çıxması, təhsil alması, işləməsi qadağan edilmişdi. Qadınlar ancaq yanlarında əri, qardaşı və ya yaxın qohumu (kişi cinsindən) olarsa evdən çölə çıxa bilərdi. Taliban ikinci dəfə hakimiyyətə gəldikdən sonra beynəlxalq ictimaiyyətin nəzərində mötədil görünməyə və qadınlara müəyyən hüquqlar veriləcəyinə inandırmağa çalışır. Lakin beynəlxalq insan haqları təşkilatları Əfqanıstanın müxtəlif yerlərində taliblərin qadınlara və keçmiş hakimiyyətin nümayəndələrinə divan tutduqları barədə həyəcanlı məlumatlar alırlar. Talibanın qorxunc əməllər törətdiyi barədə Əfqanıstanın keçmiş daxili işlər naziri Məsud Əndarabi də özünün Twitter səhifəsindən bildirib. O, taliblərin edamlar həyata keçirdiyini, qurbanlar arasında hətta uşaqların da olduğunu yazıb. Və Taliban tərəfindən öldürüldüyü iddia edilən insanların, o cümlədən bir azyaşlı uşağın qorxunc fotolarını paylaşıb. O bildirib ki, Taliban ölkədə qorxu mühiti formalaşdırır, azyaşlı uşaqları və yaşlıları belə öldürməklə insanları ona itaət etməyə məcbur etmək istəyir.
Bu arada Talibanın ölkəni tərk etmək yasağının bitməsinə də 4 gün qalır.Yaranmış böhran Qərb liderlərini xarici qoşunların Kabil hava limanında müəyyən edilmiş 31 avqust tarixindən sonra da saxlanması məsələsini nəzərdən keçirməyə məcbur edib. ABŞ prezidenti Co Bayden Britaniyanın baş naziri Boris Consonla Əfqanıstandan minlərlə insanın evakuasiyasının koordinasiya edilməsi planlarını müzakirə edib. Xarici qoşunların Əfqanıstandan çıxarılması üçün təyin edilmiş son müddət həmin gün bitir. Taliban bildirib ki, bu müddətdən sonra xarici qoşunların və adamların Əfqanıstandan çıxarılmasına imkan verməyəcək və bu, onun üçün “qırmızı xətdir”. Ağ Evin avqustun 23-də açıqlanmış bəyantında Bayden-Conson müzakirələri haqqında deyilir:
“Onlar diplomatik və hərbi heyətin vətəndaşların, yerli işçilərin və başqa çətinlikdə olan əfqanların evakuasiyası üçün davam edən səylərini müzakirə ediblər. Əfqanıstanda yaranmış situasiyanın idarə olunmasında və Əfqanıstana münasibətdə ümumi yanaşmanın formalaşdırılmasında partnyorlarla sıx koordinasiyasının mühümlüyünü vurğulayıblar”.Əfqanıstandan təxliyə ilə bağlı yaranmış böhran Qərb liderlərini xarici qoşunların Kabil hava limanında müəyyən edilmiş 31 avqust tarixindən sonra da saxlanması məsələsini nəzərdən keçirməyə məcbur edib. Onlar deyirlər ki, çıxış müddətinin uzadılması xarici koalisiyaya xidmət etmiş minlərlə əfqanın və onların ailə üzvlərinin təhlükəsiz bir şəkildə evakuasiya edilməsi üçün mühüm ola bilər. Bu adamların əksəriyyəti Talibanın onlara divan tutacağından və qisas alacağından narahatdır. Bundan əvvəl, avqustun 23-də Taliban bildirmişdi ki, evakuasiyanın uzadılmasını “təxribat” hesab edəcək və bunun “nəticələri” olacaq.

ABŞ prezidenti Co Bayden isə xəbərdarlıq edib ki, “ABŞ qoşunları Talibanın hücumuna məruz qalarsa, ABŞ “öz insanlarını dağıdıcı qüvvə ilə müdafiə edəcək”. O deyib ki, bu müdafiə “sürətli və qətiyyətli” olacaq.
Taliban bütün xarici vətəndaşların 31 avqust tarixinə qədər evakuasiya edilməsini istəyir və əfqanlara ölkəni tərk etmək icazəsinin verilməsi “tərəfdarı deyil”.Bunu Kabildə keçirilən mətbuat konfransında Talibanın sözçüsü Zabihullah Mücahid bildirib. Taliban sözçüsü əfqan vətəndaşlarını evə qayıtmağa çağırır və ABŞ-dan əfqanları ölkəni tərk etməyə təşviq etməməsini xahiş edir. Zabihullah Mücahid hesab edir ki, qadınların işə getməsinin qarşının alınması daimi olmayacaq və deyib ki, rəsmilər qadınların işə qayıtmasını mümkün edən bir prosedur hazırlamağa çalışır. O deyib ki, xarici səfirliklərə təhlükəsizlik təminatları verilib və onları bağlanmamağa və işi dayandırmamağa çağırıb. “Məktəblər, universitetlər və mədrəsələr, eləcə də xəstəxanalar, yerli özünüidarəetmə orqanları, televiziya və radiostansiyalar işlərini yenidən davam etdirir” – deyə, Taliban sözçüsü qeyd edib.
Elşən MƏMMƏDƏLİYEV,“Yeni Müsavat”
Tarix: 26-08-2021, 08:27