“Gecə-gündüz bir parça çörək üçün çalışan insanı incitməsən, o, əsla öz vaxtını aksiyalara sərf etməz”
“Paradoksal bir vəziyət yaranıb, bir tərəfdən dövlət biznesi dəstəkləyir, yoxlamaları qadağan edir və s, digər tərəfdən isə göbələk kimi çıxan və bir-birini təkrarlayan strukturlar həmin biznesin inkişafını əngəlləyirlər”. Pravda.az-ın xəbərinə görə, bunu journalist Azər Qərib bildirib.
“Yaranan kimi ilk işləri qadağalar, müdaxilələr, absurd qaydalar və cərimələr olur. Bütövlükdə ölkəni sanki cərimə epidemiyası bürüyüb və bu epidemiya kovid epidemiyasından daha təhlükəlidir, çünki yalnız iqtisadi deyil, siyası fəsadları da olur. Formal olaraq heç nə deyə də bilmirsən, çünki çıxarıb qaydanı qoyurlar qabağına ki, bax, burada belə yazılıb. Bu gün yük maşınlarının sürücüləri aksiya keçirdilər, mənim xatirəmdə ilk belə aksiya oldu. Bilmirəm kim haqlıdır, amma istənilən halda simpatiyalar məmurlar tərəfində deyil, fəhlə baba tərəfində olacaq hamıda. Çünki gecə-gündüz bir parça çörək üçün çalışan insana dəyməsən, incitməsən, o əsla öz vaxtını belə aksiyalara sərf etməz. Ümidvaram, hadisə ciddi araşdırılacaq və həm təqsikarlar cəzalarını alacaqlar, həm də digərlərinə dərs olacaq…” – o qeyd edib.
Tarix: 17-02-2022, 15:11