
Hazırda dünya əhalisinin ən çox istehlak etdiyi məhsullardan biri də broyler toyuqlarıdır. Təəssüf ki, son illərin araşdırmaları göstərir ki, broyler toyuğunun yetişdirilməsində istehsalçılar gəlir üçün təsərrüfatda istifadə edilən yemlərin tərkibinə çox sayda dərman vururlar. Bu isə insan orqanizmində çoxsaylı fəsadlara gətirib çıxarır.Bu günlərdə Böyük Britaniyada jurnalist Morland Sandersin apardığı gizli araşdırma göstərib ki, supermarketlərdə satılan toyuq ətində insan orqanizmi üçün olduqca təhlükəli bakteriyalar mövcuddur. Satış şəbəkələri bu toyuqların tam təhlükəsiz olduğuna inandırmağa çalışsa da, araşdırma bunun əksini sübut edib. Ceyms Hatton İnstitutundan mikrobioloq və ətraf mühit üzrə mütəxəssis, doktor Layza Everinin rəyinə görə bakteriyalarla “zəngin” toyuq ətini yemək potensial təhlükə yaradır. Doktor britaniyalılara evdə toyuq əti bişirərkən ehtiyatlı olmağı tövsiyə edir: “Hər şeydən əvvəl toyuğu yumaq lazım deyil. Toyuğun mətbəxdə bişiriləcək tavadan və qazandan başqa nəyəsə toxunmamasına diqqət etmək lazımdır. Toyuq ətinə toxunduqdan dərhal sonra əlləri yumaq lazımdır”.
Məlumdur ki, Azərbaycan əhalisi də broyler toyuqlarını geniş şəkildə istehlak edir. Maraqlıdır, sözügedən təhlükə və tələblər bizim üçün də keçərlidirmi?“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, toyuqların yetişdirilməsində müxtəlif maddələrdən istifadə olunur: “Broyler toyuqları qeyri-təbii şəraitdə yetişdirilir. Bakteriyalar lokal problemlərdən qaynaqlana bilər. Bu günlərdə koronavirus xəstəliyinin yayıldığı bir zamanda hər bir canlının müəyyən virus yaymaq təhlükəsinin olduğunu bilirik. Broyler toyuqlarının hansı ölkələrdə istehsal olunduğu da vacib məsələdir. Hər bir ölkənin daxili nəzarət mexanizmləri var. Belə toyuqların yetişdirilməsində istifadə olunan yemlərdə zərərli maddələr varsa, bu, səhlənkarlıqla da bağlı ola bilər, müəssisəyə nəzarətin zəif olması ilə də. Süni yetişdirilmə zamanı çox sayda dərmandan istifadə olunur. Məsələn, illər əvvəl meyvə-tərəvəz istehlakında mövsümiliyə diqqət edilirdisə, artıq bunu görmürük. Süni yetişdirmə zamanı istifadə olunan dərmanların insan orqanizminə müəyyən təsirləri var. Təəssüf ki, dünyada süni qidalara, dondurulmuş məhsullara tələbat var. Bunun qarşısını almaq çox çətindir. Bunu nəzərə alaraq bəzi ölkələr əhalisini mümkün qədər ekoloji təmiz qidalar ilə təmin etməyə çalışırlar. Müasir standartlar tətbiq etməklə qida təhlükəsizliyi baxımından müəyyən müsbət nəticələr əldə olunub”.
Zülfüqar Yusifov: “Belə toyuqların yetişdirilməsində istifadə olunan yemlərdə zərərli maddələr varsa...”Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, bakteriyalarla bağlı təhlükə hər zaman aktualdır: “Bu, nəzarətdə saxlanmalıdır. Broyler fabriklərində bəzən bir gecədə minlərlə quş tələf olur. Çəkisi bir kilo olmayan quşların satışa çıxarıldığını da görürük. İstehlakçılar belə quş ətləri ilə ehtiyatlı olmalıdırlar. Çünki bu, tələf olmuş quş ola bilər. Broyler fabriklərində quşların geni modifikasiya olunmuş, Argentinadan gətirilən jmıxlarla yemləndirilməsi hər zaman diqqətimizdədir. Ölkə prezidentinin bu məsələyə nəzarətlə bağlı fərmanları olsa da, ölkədə GMO məhsulları təbliğ edən qruplar az deyil. Broyler toyuqlarının etiketlənmədən, kənd toyuğu adı altında açıq satışa çıxarılması hallarına rast gəlinir.
İstehlakçıların satıcılardan sənəd tələb etmək hüququ var. Alıcılar məhsulun yeni olmasına, saxlama şəraitinə fikir versinlər. Yeni məhsulun pis şəraitdə saxlandığı üçün tez xarab olma ehtimalı var. İllər əvvəl toyuqdan balıq qoxusu gəlməsi hallarına rast gəlinirdi. Bunun səbəb o idi ki, toyuqlar balıq unu ilə yemlənirdi. Sevindirici haldır ki, artıq bu buna son qoyulub. Yararlılıq müddətini keçməsə belə, xarab olmuş məhsullar barədə vaxtaşırı müraciətlər olur".
Eyyub Hüseynov: “Broyler quşların kənd toyuğu adı altında satışa çıxarılması halları var”Hüseynov həmçinin qeyd etdi ki, qanunvericilikdə istehlakçıların hüquqlarının qorunması üçün ilk növbədə səhiyyə müəssisəsinin müvafiq təsdiqedici sənədi tələb olunur: “Lakin bu illər ərzində bir dəfə də görmədim ki, həkimlər sertifikat verilmiş məhsuldan zəhərlənməni təsdiq etsinlər. Belə olan halda istehlakçı zəhərlənib ölsə də, kompensasiya ödənmir”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları, eləcə də quşçuluq məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: “Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən quşçuluq məhsullarından müfəttişlər tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Həmçinin quşçuluq müəssisələrində də agentlik tərəfindən mütəmadi yoxlama nəzarət tədbirləri həyata keçirilir. Yoxlamalar zamanı qanunvericiliyin tələblərinin pozulmazı halları aşkarlandığı təqdirdə qanunamüvaiq tədbirlər görülür”.
Agentlikdən həmçinin, bu sahədə qanunvericilik bazasının, hüquqi normativ aktların təkmilləşdirilməsi və qida zənciri boyu tələblərin yerinə yetirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyi bildirildi: “2018-ci ildə idxal edilən dondurulmuş toyuq əti məhsullarının laborator müayinələri nəticəsində bu məhsullarda suyun kütlə payının normadan artıq olması aşkar edilsə də, həyata keçirilən ardıcıl yoxlama nəzarət tədbirləri nəticəsində son illərdə bu sahədə müsbət nəticə əldə olunub. Mövcud vəziyyətin sağlamlaşdırılması, qanunsuz halların qarşısının alınması istiqamətində həyata keçirilmiş bir sıra tədbirlər, sahibkarlarla aparılmış maarifləndirmə işləri, ixracatçı ölkələrə ünvanlanmış bildirişlər, normativ texniki sənədlərin tələblərinə cavab verməyən məhsulların həmin ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərarlar qəbul edilib”.
Agentlik istehlakçılara toyuq məhsulları alarkən diqqət edilməli məqamlar barədə tövsiyə verdi: “Quş əti emal müəssisələri, həmçinin kəsimdən sonra ətin saxlanması, daşınması, satış yerlərinin normativlərə uyğun olmaması toyuq məhsullarının birbaşa bioloji və toksikoloji təsirlərə məruz qalmasına səbəb olur. Toyuq və toyuq məhsullarını seçərkən ilk olaraq məhsulunun təzəliyinə, orqanoleptik xüsusiyyətlərinə diqqət etmək lazımdır. Qablaşdırılmış toyuq məhsulları alarkən qablaşdırmanın tam olmasna diqqət edilməlidir. Məhsulun üzərində istifadə tarixi və yararlılıq müddəti qeyd olunmalıdır. Satış yerlərində toyuq məhsullarının düzgün saxlanma şəraiti də vacib şərtlərdəndir. Keyfiyyətli toyuq seçərkən soyudulmuş cəmdəyə üstünlük verilməlidir. Onların əti şirəli quruluşunu saxlayır. Dondurulduqdan və donu açıldıqdan sonra ət daha sərt olur. Toyuq məhsulları dondurucuda və yaxud da soyuducuda düzgün qaydada saxlanmalıdır. Xatırladaq ki, donduraraq mühafizə etmək qida məhsullarının yararlılıq müddətini uzatmaq üçün istifadə edilən metodlardan biridir. Mikroorqanizmlər üçün lazım olan su donduqda onların fəaliyyəti məhdudlaşdırılmış olur. Məhsulun donunun açılması mərhələsində isə mikroorqanizmlər üçün su yarandıqca onların məhsuldakı fəaliyyəti tədricən bərpa olunur və çoxalmağa başlayır. Bu baxımdan donu açılmış məhsulda əvvəlkinə nisbətdə daha çox mikrobioloji fəaliyyət olduğundan onun təkrar dondurulması və ikinci dəfə donunun açılması mərhələsində mikroorqanizmlərin sayı sürətlə artır və qida zəhərlənməsi riski yaradır. Odur ki, qida məhsulları, eləcə də toyuq və toyuq məhsulları təkrar dondurularaq istifadə edilməməlidir”.
Toyuq və toyuq məhsullarının daşınması, saxlanması, satışı zamanı sanitar norma və qaydalara, digər tələblərə ciddi riayət olunmalıdır. Əgər vətəndaşların satış müəssisələrində satılan quşçuluq məhsulları və toyuqlar ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.
Tarix: 8-01-2022, 09:53