Məlikməmməd Məclisinin deputatı...


Məlikməmməd Məclisinin deputatı...

Uşaqlıqda bizə çox nağıllar danışıblar. Böyüdük, yenə də danışırlar. Şifahi ədəbiyyatımız bəlkə də qalırdı bir qıraqda. Qulağımıza üfürülən şey tam bir şifahi ANTİXALQ ədəbiyyatıydı.

Küpəgirən qarının göz göynədən "məlahət"indən, Göygöz Kosanın "xarizmatik şəxsiyyət"indən, suyun qabağını kəsən Əjdəhanın "mərhəmət"indən, Göyçək Fatmanın ayaqqabısına ayaq dürtüb qismətini qapmağa çalışan bacıların "fərasət"indən, quyudan çıxmaqda olan Məlikməmmədin ipini kəsən qardaşların "sədaqət"indən, bax, beləcə vaxtında xəbər tutmuşuq.
Bir qazan aşı yeyəndən sonra, aşpazı qatlayıb boş qazana sıxışdıran Koroğlunun "şücaət"ini hələ demirəm; günümüzdə heç "banditizm"in zirzəmisində belə bir innovativ işgəncə növü yoxdur.
O aşı bişirən aşpaza bu, necə "sağ ol" idi ki belə?!
Ya da bəlkə şəhər meydanında dar ağacı qurdurub ilgəyin ölçüsünə uyğun kəllə axtaran padşahın ədalətindən danışım...
Bir də: "Keçmə namərd körpüsündən, qoy aparsın sel səni" tipində kreativ "yol-patrul xidməti"nə baxın da! Praqmatizm lap qıcqırıb ki!
Adamı, Vaqif Əsədov demişkən; "alternativ körpüyə yönləndirmək", ya da heç olmasa, çayın dayaz yerini nişan vermək olardı axı. Hələ üstəlik bu "daş kafa"nı dastan adından kinoya daşımışıq: Qazan xan ona köməyə gələn Qaraca çobanı ağaca sarıyıb ölümə tərk edir. Bu, ona bənzəyir ki, Qarabağ müharibəsinə könüllü döyüşməyə gedəni tutub damlayasan ki, torpağı qaytarmaqda sənə kömək edə bilməsin.
Məntiq "error" verir.
Cənab Qazan xan, o çobanı barı geri göndərərdin ki, sürü yiyəsiz qalmasın.
Belə baxanda Xanın günahı deyil; ssenari o cür yazılıb, buna Qazan neynəsin?!
"Dədə Qorqud" filminin müəllifi Anar, bəs sən qoyun-quzunu kimə tapşırmışdın həmin vaxt?! Canavar sürüsünə?!
Və yaxud o nədir, oğlu olanı ağ çadıra, qızı olan qızılı çadıra, oğlu-qızı olmayanı da qara çadıra göndərirsən?! Ürəyin soyumur, altına qara keçə döşəyirsən, qabağına da qara qoyun ətindən qovurma qoyursan. Hələ bunu demokratiya, insan hüquqları kimi də sırıyırsan: yeyərsə yesin, yeməzsə durub getsin!
Sonra da deyirsən ki, Alp Aruz niyə üsyana qalxdı?! Qalxar da. Adamı Allah qarğayıb, azmış kimi bir təpik də sən vurursan. Hə, sədaqətinə şübhən oyanmışdısa, sənin də özünə görə prokurorluğun, polisin, təhlükəsizlik xidmətin vardı axı; "dövlətə xəyanət"lə basardın içəri, gedib 10-15 il "dincələrdi".
Qara çadır nəymiş?! Yox bir, "gey"lər də mavi çadıra getsin!
Bu da ağıllısı Bayandur xan...
İndi olsaydı, o Alp Aruzu gərək ya əqrəb oylağı Qaraheybətə, ya da ən yaxşı halda Sabirabadın Qaragüneyinə göndərəydik...
Bu nə deməkdir ki?! Şəmkirin damlanan başçısı demişkən, "niyə belə olmalıdır axı?!"
Bəlkə Moskvadakı Bədii Şuraçılara xoş gəlsin deyə tariximizdən multifilm düzəltmək lazımmış! Hələ işin ucunda təptəzə "Volqa", dövlət mükafatı varsa...
Hə, onu da deyim: qəribəyik, Yasamalda həftələrlə su gəlməyəndə bu həqiqətləri "Azərsu"nun üzünə çırpmırıq, min il qabaq "suyun qabağını kəsən" Təpəgözün nəsil-nəcabətinə postfaktum lənət oxuyuruq; əlimizə keçsə, dərisini boğazından çıxararıq.
Qərəz, qayıdaq geri, Milli Məclisdəki Məlikməmməd nağılına. Daha doğrusu, öz mədhiyyəsi ilə buranı "Məlikməmməd Məclisi"nə döndərmiş deputata.
Niyə axı insanlar haqqında həqiqətləri demək əvəzinə nağıllar aləminə baş vurursunuz?! Xoş söz deyəndə, tərifləyəndə, məgər həqiqətlərə əsaslanmaq olmaz ki?! Heç olmasa, o biri deputatdan nümunə götürərdin; barı bilirik ki, Günəş həqiqətdir; bu elmi gerçəklə ən azı orta astronomiya təhsilindən tanışıq. Elm də o yana qalsın. Yaz, yay fəsillərində gündüz vaxtı göyə bax, görəcəksən də nə var, nə yox?!
Adamı da yandıran budur elə. Təbriki-təqdiri də yalan üzərindən, üstəlik də çoxdan aktuallığını itirmiş nağılların motivləri "əsasında", şübhəli mifik obrazlar adından deyirlər. Niyə də, niyə?!
Tarix: 25-12-2021, 22:40
Xəbəri paylaş





Xəbər lenti