Binəqədidə böyük qanunsuz tikintilərə start verilib ? - İcra başçısı isə "görmür"


Binəqədi rayonunda tikinti ilə bağlı narazılıqlar səngimək bilmir.
Bizimesr.media xəbər verir ki, əksinə, sakinlərin iddialarına görə, məsələ artıq ayrı-ayrı həyətlərdə və kiçik obyektlərdə aparılan tikintilərdən çıxaraq daha iri və genişmiqyaslı obyektlərin inşasına qədər böyüyüb.
Ərazidə yaçayan sakinlərin sözlərinə görə, rayonun “Mədən 1” kimi tanınan ərazisində böyük dəmir konstruksiyalı obyekt inşa edilir.
Ən maraqlısı isə budur ki, tikintinin miqyası kifayət qədər böyük olsa da, ərazidə tikintinin kim tərəfindən aparıldığını, obyektin sifarişçisinin kim olduğunu və tikintiyə hansı qurum tərəfindən icazə verildiyini göstərən hər hansı məlumat lövhəsinin olmadığı bildirilir.
Yəni ortada böyük bir tikinti var, amma tikən bəlli deyil, sifarişçi bəlli deyil, icazə verən bəlli deyil.
Bəs belə böyük obyekt necə tikilir?
Kim nəzarət edir?
Daha doğrusu, kim nəzarət etməlidir?

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Lakin onların sözlərinə görə, müraciət cavabsız qalıb. Bu isə Binəqədidə tikinti məsələləri ilə bağlı çox ciddi idarəçilik sualı yaradır.
Çünki söhbət artıq hansısa həyətdə əlavə bir otaq tikilməsindən və ya kiçik bir obyektin genişləndirilməsindən getmir. İndi söhbət böyük ərazilərdə iri obyektlərin inşasından gedir.
Vaxtilə Bakının ayrı-ayrı rayonlarında qanunsuz tikinti deyəndə əsasən vətəndaşların evlərinin qarşısında artırdığı otaqlar, kiçik obyektlər və fərdi tikililər gündəmə gəlirdi. İndi isə mənzərə getdikcə dəyişir. Kiçik tikintilərə göz yumulmasının ardınca daha böyük tikililər meydana çıxır. Bu tendensiyanın qarşısı alınmasa, sabah həmin ərazilərdə daha böyük obyektlər, daha geniş hasarlar və daha iri tikinti sahələri ilə qarşılaşmaq təəccüblü olmayacaq.
Burada əsas sual isə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanır -  Rayon ərazisində bu boyda tikinti aparılarkən icra hakimiyyəti bundan xəbərsizdir, yoxsa xəbərdar olduğu halda müdaxilə etmir?
Sakinlər deyir ki, müraciətlərinə cavab verilmir. Əgər bu məlumat doğrudursa, deməli, problem təkcə tikintidə deyil, vətəndaşın müraciətinə münasibətdədir.
Binəqədi rayonunun rəhbərliyi ərazidə baş verənlərə görə ictimaiyyətə açıqlama verməlidir. Çünki icra hakimiyyətinin vəzifəsi tikinti başa çatandan sonra ortaya çıxıb vəziyyəti izah etmək deyil. Əsas vəzifə qanunsuz tikinti varsa, onu vaxtında görmək və qarşısını almaqdır.
Əgər əvvəl kiçik tikintilərə göz yumulduğu iddia edilirdisə, indi daha böyük obyektlərin inşasına başlanması artıq vəziyyətin hansı istiqamətdə getdiyini göstərir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Tarix: 5-09-2026, 09:47
Xəbəri paylaş





Xəbər lenti