İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ehtiyatda olan hərbi qulluqçuların təqaüdündən xəbərdarlıq edilmədən, səbəbsiz olaraq müxtəlif məbləğləri tutur.
Bizimesr.com-a daxil olan məlumatlara görə, son günlər bəzi təqaüdçü hərbçilər pensiyalarının bank kartlarına köçürüldükdən sonra əvvəlki aylardan daha az məbləğ aldığının şahidi olurlar. Onların sözlərinə görə, səbəbi öyrənmək üçün ilk olaraq xidmət göstərən "Kapital Bank"a müraciət ediblər. 
Müraciət edən şəxslər bildirirlər ki, bank əməkdaşları onlara vəsaitin bank tərəfindən tutulmadığını, məsələ ilə bağlı aidiyyəti qurum kimi Dövlət Sosial Müdafiə Fonduna müraciət etmələrinin daha doğru olacağını bildiriblər.
Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialına müraciət edən təqaüdçülər də tutulan məbləğlərin səbəbi ilə bağlı aydın izahat ala bilmirlər. Onların sözlərinə görə, tutulmanın hansı səbəblər edildiyini əsaslandıra bilməyən fond əməkdaşları insanlara ərizə yazdıraraq araşdırma aparılacağını bildirirlər, lakin tutulmanın konkret hüquqi əsası barədə ətraflı məlumat təqdim edilmir.
Belə hallardan biri bu günlərdə ehtiyatda olan hərbi qulluqçulardan birinin başına gəlib. Həmin şəxsin pensiyasından 160 manat məbləğində vəsait tutulub. Təxminən 17 il əvvəl təqaüdə çıxmış hərbçi ona məxsus vəsaitin hansı əsasla tutulduğunu öyrənmək istəsə də, bununla bağlı konkret izah ala bilmədiyini bildirir.
Oxşar problemlə üzləşən digər təqaüdçülərin sözlərinə görə, bəzi hallarda onlara vəsaitin vaxtilə ödənilmiş nəqliyyat və digər xərclərlə bağlı tutulduğu bildirilir. Lakin təqaüddə olan hərbçilər belə ödənişlər almadıqlarını və buna görə də aparılan tutulmaları əsassız hesab etdiklərini deyirlər.
Məsələ bir sıra ciddi suallar yaradır. Əgər doğrudan da hər hansı artıq ödəniş və ya borc müəyyən edilibsə, həmin məbləğlərin tutulmasından əvvəl vətəndaşlara rəsmi bildiriş təqdim olunmalıdır. Tutulmalar barədə məlumat verilməlidir, hansı hüquqi sənədə əsaslandığı açıqlanmalıdır. Nəyə görə illər əvvəl təqaüdə çıxmış şəxslərlə bağlı iddia olunan məbləğlər məhz indi tutulur və hansı əsaslar var? 

Qeyd olunan iddialarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mövqeyini öyrənməyə çalışacağıq.
Tarix: Dünən, 23:01
Xəbəri paylaş





Xəbər lenti