Hikmət Hacızadə: “Hakimiyyətin böyük strateji planı var”

 

 “Namizəd olmağa səhhətim yol vermədi, yorulmuşam, seçkinin axırında adam əldən düşür”

Azərbaycanın siyasi gündəminin bir nömrəli mövzusu parlament seçkiləridir. Bu seçki həm iqtidar, həm müxalif, həm bitərəf namizədlərin çoxluğu ilə fərqlənir. Hətta ilk dəfə onlarla jurnalist deputatlığa iddialıdır. Lakin gündəmdə deputatlığa namizədlərin təbliğat kampaniyası ilə qoşa addımlayan proseslər də var: general Süleymani ilə bağlı Bakıda müsabiqə keçirilməsi, ABŞ-İran gərginliyi və s. ilaxır.

Bütün bu aktual hadisələri Azərbaycanın Rusiyada səfiri olmuş politoloq Hikmət Hacızadə ilə dəyərləndirdik. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Hikmət bəy, gündəm parlament seçkisidir. Hakimiyyət niyə elə hesab etdi ki, növbədənkənar seçkilərə getmək lazımdır?

- Hakimiyyətin böyük strateji planı var. Bu strateji plan siyasi sistemi dəyişmək niyyətidir. Biz mərhələli davam edən bu dəyişikliklərin necə qurtaracağını proqnozlaşdıra bilmərik. Amma Milli Məclisin buraxılması və növbədənkənar seçkiyə gedilməsi həmin böyük strateji xəritənin bir hissəsidir. Hələ ki, gedişatı addım-addım görürük. Əvvəlcə 50-dən yuxarı siyasi məhbus azadlığa buraxıldı, maaş və pensiyalar artırıldı, islahatlar haqda danışıldı. Amma sonradan Avrointeqrasiya strategiyası inkar olundu, müxalifət ən sərt şəkildə tənqid edilməyə başlandı. Yəni biz hakimiyyətin davranışlarında ardıcıllıqla iki proses izlədik.

“Milli Şura demokratik hərəkat üçün gərək seçkiyə gedəydi”

Mənim müşahidələrim ondan ibarətdir ki, iqtidar dəyişdirilir, yeni gələn sistem səmərələşdiriləcək, yaxşılaşdırılacaq, kölgə iqtisadiyyatı yığışdırılacaq. Amma hakimiyyətin seçkidən sonra hansı dəyişikliklər planı olduğunu söyləməkdə indilikdə çətinlik çəkirik. Sadəcə, sualınızın cavabı budur ki, sistem dəyişikliyi ərəfəsində Milli Məclis bundan kənarda saxlana bilməzdi. Hakimiyyətin siyasətində ciddi proseslər gedir. Biz iqtisadiyyatda dəyişiklik görürük, köhnə qvardiyanın yeni komanda əvəzlədiyinə şahidik. Köhnə qvardiyanın işi qarətlə məşğul olmaq idi, biznes qurmaq ideyaları yox idi, camaata deyirdilər ki, pul gətirin. Yeni üsul-idarə isə başqa cür olacaq. Yağmalama, qarət, büdcə talanı dövrü deyil. Amma biznes qurulmasında bərabərlik də olacağını düşünmürəm. Hansısa qrup imtiyazları istisna deyil. Əlbəttə ki, bütün bu hadisələrə pozitiv şərh verənlər də ola bilər, deyilə bilər ki, köhnə qvardiya ilə müqayisədə indiki dəyişikliklər daha yaxşı görünür.

Bu prosesin tərkib hissəsi isə növbədənkənar seçkilərin keçirilməsidir. Lakin inanmıram ki, parlamentə böyük mənada nəzarət imkanları verilsin. Keçmiş parlamentin tərkibində olanlar isə birdən coşmuşdular, köhnə komandaya bağlılıqları varıydı, onları yığışdırdılar.

- Fikir verirsinizsə, bu seçkidə həm iqtidar, həm müxalifətdən namizəd çoxdur. Əvvəlki seçkilərə bu cür həvəs və inam olmamışdı...

- Açığı, mən fikirləşib hələ tapmamışam ki, vəziyyətdən necə çıxacaqlar. Bura qədər belə görünür ki, açıq və şəffaf seçkilər üçün şərait yaradılması niyyətindədirlər. Amma inanmıram ki, məsələn, namizədliyi qeydə alınmış Natiq Cəfərlinin, İsa Qəmbərin, Arif Hacılının və digər müxalifətçilərin parlamentə buraxılacaq. Amma çox istəyərdim ki, onları parlamentə buraxsınlar...

- Özünüz niyə namizəd olmaq istəmədiniz?

- Birincisi, səhhətimlə bağlıdır. Seçki kampaniyaları gərgin keçir və enerji, səbir, sağlamlıq tələb edir. Amma seçkinin axırında adam əldən düşür, bir neçə ay özünə gələ bilmirsən. Başıma gəldiyi üçün bilirəm. Mən üç-dörd dəfə seçkilərdə iştirak etmişəm, sonra 3-4 ay özümə gələ bilməmişəm. İndi də yorulmuşam. Bundan qabaqkı seçkilərdə bir-iki dəfə namizədliyimi qeydə almadılar, qeydə aldıqları seçkilərdə səslərimi oğurladılar. Ona görə bu dəfə səhhətimi risk altına qoymaq istəmədim. Digər tərəfdən, meydan cavanlarındır, ümidim gənclərədir. Qoy gənclər seçkiyə getsinlər, güclərini sınasınlar. Mən də hər vəchlə onlara kömək etməyə hazıram və əlimdən gələni etməyə çalışıram.

“Qərbin hakimiyyətə tənqidlərinin azalması İrana görədir”

- Siz seçkilərlə bağlı o qədər optimist deyilsiniz, amma seçkiyə qatılan Müsavat, REAl kimi müxalif təşkilatlar ümidlidir...

- Müsavat Partiyası ümidli deyil. Onlar təcrübəli adamlardırlar. Sadəcə, seçkiyə getməyə məcbursan. Eyni zamanda, REAl və Hərəkət bloku var. Bax, onlar daha ümidli görünürlər. Onların da çoxu köhnə müxalifəti söyməklə məşğuldur. Biz də deyirik ki, gedin vuruşun, başınız divara dəysin, görün biz nələr çəkmişik, ondan sonra görüm necə söyəcəksiniz. Mən onları çox sevirəm, amma istəyirəm ki, gedib reallıqla rastaşsınlar, köhnə müxalifətçilərin üzləşdiklərini görsünlər, sonra nəticə çıxarsınlar. Amma gələcək gəncliyindir, bu gün də olmasa, sabah siyasət, seçkidə qələbə və hakimiyyət gənclərin əlində olacaq.

- Seçkini boykot edən təkcə Milli Şura oldu. Amma xalqı boykot ab-havasına gətirib çıxara bilmədilər. Sizcə, düzgün qərar idimi?

- Ola bilsin ki, Milli Şura üçün doğru qərar verdilər. Çünki hökumət qətiyyən onları qəbul etmir. Hətta Milli Şuraya Müsavatdan da fərqli, pis münasibət var. Ona görə bilirdilər ki, Milli Şuradan parlamentə düşən olmayacaq. Amma boykot qərarı verməklə düzgün etmədilər. Demokratik hərəkat üçün gərək seçkiyə gedəydilər. Bu seçki yox, gələn seçki naminə gedilməliydi. Çünki ölkədə vəziyyət o dərəcədə qeyri-müəyyəndir ki, bir az sonra yeni seçki elan oluna bilər. O baxımdan ölkənin demokratiyası, demokratik hərəkatın inkişafı üçün gərək seçkiyə gedəydilər.

- Hikmət bəy, bir müddət əvvəl də Müsavatın qərargahında Arif Hacılının təşəbbüsü ilə toplaşdınız, dəyirmi masa oldu, Əli İnsanov da iştirak elədi. Sonra daha toplaşmadınız, tərəflər perspektiv görmədilər, yoxsa?

- Belə görüşlərin nəticəsi sosial kapitalın artmasıdır. Biz tanış olduq, öyrəndik ki, ölkənin demokratikləşməsi uğrunda istəklərimiz, hədəfimiz və yolumuz birdir, həmçinin, əməkdaşlıq haqda xeyli danışdıq. Bundan başqa, razılığa gəlindi ki, fövqəladə problem yaranarsa, yenə toplaşacağıq. Mən hiss edirəm ki, insanlar darıxıblar, dəyişiklik gözləyirlər. Amma dəyişiklik tez baş vermir, proses gedir və indiki reallıqlarla tez nəticə qazanmaq çətindir. Son dövrlərdə daha çox görürəm ki, mülki və siyasi cəmiyyətlərimiz dəyişikliklər üçün çox darıxır. İstəyirlər ki, bu dəqiqə nəticə olsun, olmayanda da qol-qanad sınır. Amma ruhdan düşməsinlər, yolumuz uzundur, demokratiya gediləsi uzun yoldur...

- Ölkənin siyasi mətbəxinə daxil olan başqa bir hadisə öldürülən SEPAH generalı Qasım Süleymani ilə bağlı İran mədəniyyət mərkəzinin müsabiqə keçirməsidir. Bir neçə ay qabaq da Primakovun sərgisi olmuşdu. Azərbaycanın bu məsələlərdə mövqeyi necə olmalıdır?

- Aydındır ki, bəyənilən tədbirlər deyil. Mənim də xoşum gəlmir. Lakin bugünkü reallıqlara əsasən, belə addımlara icazə verilməlidir. Hamımız bilirik ki, Primakov 20 Yanvar qatillərindən biridir, Süleymani bilinmir ki, Azərbaycana dost, yoxsa düşmən olub. Üstəlik, başqa dövlətin ordu generalıdır. Sual edilə bilər ki, İran dövlətinin hərbçisi vurulubsa və öz ölkəsinin qəhrəmanıdırsa, onun bizə aidiyyəti nədir, nə üçün burada onun adına poeziya, məqalə müsabiqəsi olmalıdır?

“REAl və Hərəkət bloku köhnə müxalifəti söyməklə məşğuldur, indi gedin vuruşun, başınız divara dəysin” 

Ancaq bu həqiqətləri bildiyimiz halda onu da nəzərə almalıyıq ki, Azərbaycan Rusiya və İranla bağlı siyasətdə həssasdır, ehtiyatlıdır. Eyni zamanda, rəsmi Bakı biz fikirləşdiyimiz qədər narahat olmur və həyəcanlanmır ki, burada pis iş var. Əgər təhlükə görsələr, hansısa addımlar atardılar. Sadəcə, biz Qasımın qətlində Azərbaycandakı İran tərəfdarlarını da, Primakovun sərigisi ilə bağlı tərəfdarlarının da harada olduğunu gördük.

- Hikmət bəy, siyasi şərhçilər tez-tez deyirdilər ki, Bakı strateji seçim qarşısındadır, Qərblə Rusiya dilemması arasında qalıb. Bu gün hakimiyyətin qarşısında belə seçim etmək tələbi varmı?

- Bu gün Azərbaycan iqtidarının qarşısında Rusiya, yoxsa Amerika arasında strateji seçim dilemması yoxdur. Gələcəkdə belə tələb olacağını istisna etmirik. Xüsusən də Qərbin və ABŞ-ın Rusiya ilə bağlı planları ciddiləşsə, Azərbaycandan mövqe istəniləcək. Bu gün isə hakimiyyətdən bunu istəmirlər və Qərbin tənqidlərin azalması da məhz İrana görədir. Dünyada böyük müharibə gedir və Azərbaycan kiçik də olsa, strateji nöqtədir. Çünki Qərb cəbhəsi üçün balaca səngərdir, buranın hava məkanı, dəmir yolları Amerikaya lazım ola bilər. Amerikanın İranla bağlı planları var və məqsəd sistemi dəyişmək, teokratik idarəçiliyə son qoymaqdır.

ABŞ-ın İranla davası qurtarmayıb. Nə Süleymaninin vurulması, nə bu günlərdə Bəsic komandirinin qətlə yetirilməsi sondur. Bundan sonra İrandakı rejim daha da sıxışdırılacaq. Cürbəcür provokasiyalar, milli azlıqların üsyanı, liberalların baş qaldırması ola bilər.


Tarix: 25-01-2020, 08:33
Xəbəri paylaş





Xəbər lenti