Rusiya nefti dünya savaşını alovlandırır: ABŞ Hindistan və Çini hədəfə qoydu

Financial Times qəzetinin məlumatına görə, ABŞ administrasiyası Hindistan və Çinə qarşı yeni iqtisadi təzyiq planı hazırlayır. Vaşinqtonun əsas məqsədi Rusiya neftini almağa davam edən bu iki ölkəyə qarşı əlavə rüsumlar tətbiq etməkdir.
Bu prosesə yalnız Avropa İttifaqı deyil, həm də Böyük Yeddilik (G7) ölkələrinin qoşulması nəzərdə tutulur.
Məlumata əsasən, Ukraynada davam edən müharibə fonunda Qərbin sanksiyalarla zəiflətməyə çalışdığı Moskva məhz Hindistan və Çinin dəstəyi sayəsində enerji bazarında mövqeyini qoruyub. Hindistan son illərdə Rusiya neftinin ən böyük idxalçısına çevrilib. Çin isə həm neft idxalında, həm də enerji bazarında Rusiyanın strateji dayaqlarından biri rolunu oynayır. ABŞ və müttəfiqləri hesab edirlər ki, bu vəziyyət sanksiyaların effektivliyini azaldır və Kremlin maliyyə dayanıqlığını möhkəmləndirir.
Müzakirələrə yaxın mənbələr bildirirlər ki, Vaşinqton G7 və Aİ ölkələrindən tələb edir: Rusiya neftini alan dövlətlərə qarşı əlavə tariflər və məhdudiyyətlər tətbiq edilsin. Bu mexanizm faktiki olaraq “ikinci dərəcəli sanksiyalar” rolunu oynayacaq və əsas hədəf Hindistanla Çinin seçim imkanlarını daraltmaqdır.
Ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ-ın bu addımı qlobal enerji bazarlarında yeni gərginliklərə yol aça bilər. Çünki həm Hindistan, həm də Çin dünya iqtisadiyyatının mühüm oyunçularıdır. Onların enerji siyasətinə kənardan təzyiq göstərilməsi beynəlxalq ticarət münasibətlərini alt-üst edə, hətta yeni “iqtisadi müharibə dalğası”na səbəb ola bilər.
Digər tərəfdən, Avropa İttifaqının daxilində də bu cür sərt tədbirlərə münasibət birmənalı deyil. Enerji böhranının ağır nəticələrini yaşayan bir sıra Aİ ölkələri əlavə rüsumların qlobal qiymətlərə təsirindən ehtiyatlanır.
Hazırda ABŞ-ın planı hələlik müzakirə mərhələsindədir. Lakin Financial Times yazır ki, Vaşinqtonun həm G7, həm də Aİ ölkələrini bu prosesə qoşmaqda göstərdiyi israr yaxın vaxtlarda qlobal iqtisadi gündəliyin ən əsas məsələlərindən birinə çevriləcək.Musavat.com
Tarix: Bu gün, 08:07