Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub.
Danışıq dekabrın 9-da Parisdə planlaşdırılan “Norman formatı”nda görüş ərəfəsində rəsmi Kiyevin təşəbbüsü ilə baş tutub. Kremldən qeyd ediblər ki, dövlət başçıları 2018-ci ilin noyabrında Rusiyanın dövlət sərhədini pozan üç hərbi gəminin təhvil verilməsinə toxunublar.
Bundan başqa, Putin Zelenski ilə Rusiyanın Ukraynaya ixrac etdiyi təbii qaz məsələsini də müzakirə edib. Bu görüşdə Krım, Donbas konfliktlərinin müzakirəsi də gözləniləndir.
Lakin eyni təşəbbüs ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərindən Qarabağ məsələsində göstərilmir.
ABŞ, Fransa və Rusiya dövlət başçıları münaqişənin həlli ilə bağlı toplaşmırlar. 30 ilini tamamlayan bu ağır problemin həlli istiqamətində 2018-ci ilin sonlarında canlanmağa başlayan kövrək ümidlər yenidən öz yerini bədbinliyə və qeyri-müəyyənliyə buraxıb.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözləri bir daha bu gerçəyi xatırlatdı ki, sülh razılaşmasının təklif olunan konturları və məzmunu Azərbaycan üçün udulması çox çətin olan “həb”dir.
Lavrov bildirib ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan münaqişənin həllinə dair heç bir razılaşma imzalana bilməz.
Həmsədr ölkələrin XİN başçıları ilə görüşlər olsa da, prezidentlər nədənsə toplaşmırlar.
Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, “Norman dördlüyü”ndə prezidentlər vaxtaşırı görüşürlər, Donbas məsələsini müzakirə edirlər:
“Həmsədr ölkələrin prezidentləri ona görə toplaşmırlar ki, münaqişənin həlli istiqamətində 25 ildir irəliləyiş yoxdur. Deyilə bilər ki, Donbas danışıqlarında da irəliləyiş olmayıb. Amma fərq bundadır ki, Rusiya özü da danışıqlara maraq göstərir, digər ölkələr də görüşlərə qatılırlar”.
E.Şahinoğlu indiki halda həmsədr ölkələrin prezidentlərinin Qarabağ məsələsi ilə bağlı toplanacağını gözləmir: “O vaxt bir araya gələcəklər ki, münaqişənin həllində irəliləyiş var, sülh sazişi bağlanmasına doğru real addımlar atılır”.
Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Donbas münaqişəsi Qarabağ problemindən fərqli olaraq təzədir: “Elə qiymətləndirmək olmaz ki, ”dəmiri isti-isti döyərək" məsələni yubatmadan həll etmək istəyirlər. Sadəcə, münaqişənin hənirtisi hələ duyulur, aktiv fazadadır deyə tez-tez toplaşıb həll yolları guya axtarırlar. Bir müddət sonra Donbas məsələsi də Qarabağ danışıqlarının aqibətini yaşamağa başlayacaq".
Politoloqun fikrincə, həmsədr ölkələrin prezidentlərindən daha heç nə gözləməyə dəyməz: “Uzun müddətdir ki, Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti yox kimidir, formal çalışırlar. Onlar 30 ilə yaxın müddətdə üzərlərinə düşən missiyanı yerinə yetirməyiblər, bundan sonra da dinamizm olacağı inandırıcı deyil. Çünki danışıqlar prosesi dalana dirənib”.
Analitik Natiq Mirinin sözlərinə görə, bu məsələ geosiyasi şərtlərlə əlaqəlidir. Onun fikrincə, dünya güclərinin maraqları öndə tutulur. “Qarabağ münaqişəsi həmsədr dövlətlər üçün prioritet olmayıb. Münaqişəni yaradan tərəf, yəni Rusiyanın baxışı isə dəyişməyib.
Avroatlantik məkanın başında duran Amerika ilə Rusiya arasındavəziyyət gərgindir. Regiona giriş qapısı olan Gürcüstanda NATO aktivləşib. Bu mənada Qarabağ məsələsi NATO-Rusiya qarşıdurmasında əhəmiyyət daşıyır. Çünki Moskva problemi həll etmək istəməyəcək. Əgər Qarabağ həll olunarsa, Azərbaycan və Ermənistan tədricən Rusiyanın orbitindən çıxacaqlar. Ona görə sizin dediyiniz görüş o vaxt olacaq ki, Qarabağ məsələsi Rusiya və Avroatlantik məkan üçün prioritetlik təşkil edəcək"-deyə, ekspert vurğuladı.
N.Miri bildirdi ki, Ukrayna Azərbaycan və Ermənistandan daha önəmli ölkədir: “Azərbaycan özü proses yaratmalıdır ki, Qarabağ gündəm olsun. Bu gündəmi aprel döyüşlərində yaratmışdı, bütün dünya ayağa qalxmışdı. Əgər davamlı olsaydı, Qarabağ münaqişəsi dünya üçün prioritet təşkil edəcəkdi”.