Yay aylarında qalmaqallı açıqlaması ilə faktiki olaraq danışıqların başına daş salan Ermənistan baş naziri Nikol Paşinyan yenidən sükutu pozub. O, bu dəfə Qarabağ münaqişəsinin bütün tərəfləri üçün məqbul olan variant üzərində işə başlamağı təklif edib (bu barədə ayrıca yazıda).
Heç şübhə yox ki, Ermənistan rəhbərliyi qəbulolunmaz təşəbbüslərlə çıxış etməklə özünü sülh tərəfdarı kimi təqdim etməyə, həmçinin status-kvonun saxlanmasına nail olmağa çalışır. Reallıq isə bundan ibarətdir ki, Paşinyan üçün hazırda öz kreslosunda möhkəmlənməkdən vacib məsələ yoxdur. Qarabağla bağlı hər hansı tərpənişin olması isə onun üçün vacib məsələ deyil.
Bu arada həmsədrlərin də işğalçıya təsir baxımından hər hansı addım atmaması rəsmi İrəvanı şirnikləndirən durum yaradır. Rusiyanın 1-ci telekanalının “Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qarabağ münaqişəsi”ni də müzakirə ediblər. Pozner həmsöhbətinə xatırladıb ki, bu yaxınlarda Dağlıq Qarabağa səfərinə görə Zatulini Azərbaycanda kəskin tənqid ediblər. Rusiyalı deputat bu münaqişənin çözülə biləcəyinə dərindən əmin olduğunu bildirib. “Bu həllin əsasında kompromis var, qondarma ”Dağlıq Qarabağ Respublikası heç kim tərəfindən tanınmayıb, amma o mövcuddur və yaşayır. Sizə deyim ki, o, heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq". Ermənipərəst Zatulin deyib ki, Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu və onun Azərbaycandan müstəqil olmaq istəyini tanımaq lazımdır. “Azərbaycan ”Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanımalı, əvəzində isə Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olmaqla, 5-ni qaytarmalıdır" - rusiyalı deputat daha sonra belə sərsəmləyib.
Əslində Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvandakı son bəyanatının ardınca Zatulin kimilərin başqa mövqe sərgiləməsi təəccüblü deyil. Həmsədr ölkənin baş diplomatı Dağlıq Qarabağı ayrıca tərəf kimi sırımağa cəhd göstərirsə, deməli, rəsmi Moskvanın mövqeyi bəllidir.
Ancaq reallıq budur ki, digər həmsədr ölkə ABŞ da Rusiyadan fərqli mövqe sərgiləmir. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 19-da facebook vasitəsilə canlı efirdə sualları cavablandırarkən “əgər ABŞ-ın mövqeyi ədalətlidirsə, hansı səbəbdən Ermənistana sanksiyalar tətbiq etmir? Nəyə görə ABŞ Azərbaycanın ərazisini işğal edən Ermənistana maliyyə yardımı göstərir” sualına cavabında ölkəsinin gerçək mövqeyini açıqlayıb. Li Litzenberger deyib: “Sizi əmin edə bilərəm ki, ABŞ üçün Dağlıq Qarabağ münaqişəsi məsələsi böyük önəm kəsb edir. Qeyd edim ki, istənilən görüşümdə mən bu məsələni müzakirə edirəm. Sualınızın cavabında onu da qeyd etmək istərdim ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Bu qisimdə çıxış edərkən ABŞ iki tərəflə birgə fəaliyyət göstərir və Dağlıq Qarabağ münaqişəsinin dinc həll yolunun tapılması istiqamətində öhdəliyinə sadiqliyini bildirir. Bizim bu sahədəki fəaliyyətimiz Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır. Bu sırada üç prinsipi qeyd etmək istərdim. Razılaşdırılmış sülh müqaviləsi əsas olaraq güc və ya gücün istifadə olunmaması prinsipinə əsaslanmalıdır. İkinci prinsip ərazi bütövlüyünə göstərilən hörmət prinsipi olmalıdır. Üçüncü prinsip ondan ibarətdir ki, insanların öz müqəddəratını müəyyənləşdirmək haqqına hörmətlə yanaşılmalıdır. Əminəm ki, bu prinsiplər barədə məlumatları artıq eşimisiniz. Sadəcə olaraq, yenidən qeyd etmək istərdim ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında çox maraqlıdır. Biz iki tərəflə danışıqlar apararaq, hər iki tərəfin bir araya gəlib münaqişənin həll yolunu tapmasına yardım edirik. Bu istiqamətdə hər hansı tərəfin üzərinə sanksiya qoymaq əvəzinə, biz iki tərəflə də işləyirik. Bunu da qeyd edim ki, ABŞ iki tərəfə də maliyyə yardımları göstərib. 1992-ci ildən bəri ABŞ Azərbaycana 1,5 milyard dollardan artıq yardım göstərib ki, bu da Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində istifadə olunub. Yardımlar səhiyyə, kənd təsərrüfatı, iqtisadi inkişaf, təhsil, təhlükəsizlik və başqa sahələri əhatə edib. Biz Azərbaycana yardım etməklə münaqişənin fəsadlarının aradan qaldırılmasına və inkişafına təminat vermək istəyirik («Amerikanın səsi»)
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində “son dərəcə maraqlı” olduğunu deyən səfir nədənsə unudur ki, Azərbaycan işğala məruz qalan, Ermənistan isə işğalçıdır. Məntiqlə, işğalçı, terrorçuya maliyyə dəstəyi verilməməli, əksinə, sanksiya tətbiq olunmalıdır. Necə ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir.
*****
Deputat Fazil Mustafa mövzu ilə bağlı Moderator.az-a deyib ki, Dağlıq Qarabağ məsələsinin həllində həqiqətən ABŞ, Rusiya və Fransa başda olmaqla, bir çox Qərb dövlətləri maraqlıdır: “Lakin bu maraq Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi üzərində qurulub. ATƏT-in Minsk Qrupu da bu marağı təmin etmək üçün yaradılıb. Bizi də zəif durumumuza görə bu prosesin içində əsəb gözləntisinə düçar ediblər. Hər nə qədər ki, Azərbaycan Dağlıq Qarabağın qaytarılması üçün israrını davam etdirir, bu əsəb mübarizəsi davam edəcək”.
Belə bir durumda ermənilərin digər ərazilərimizi işğal etmək üçün fürsət gəzdiyi aydın görünür. Erməni mediasında bildirilir ki, türk ordusunun başının Suriyada antiterror əməliyyatına qatıldığı bir zamanda Ermənistan aktivlik sərgiləməli, fürsətdən istifadə edərək Naxçıvan ərazisinə daxil olmalı, habelə Azərbaycana qarşı yeni hücumlar təşkil etməlidir. Bu cür həyasız mövqe şübhəsiz ki, həmsədr ölkələrin və beynəlxalq təşkilatların işğala loyal münasibətinin “bəhrəsi”dir.
Ermənistan rəhbərliyi danışıqları müxtəlif bəyanatlarla uzatmağa cəhd göstərdiyi kimi, həmsədrlər də məsələnin həllini az qala “zamanın ixtiyarına” buraxmağa çalışırlar. Bəzi müşahidəçilər hesab edir ki, Qərb və Rusiya Qarabağ məsələsinin rahat həlli üçün nəsillərin dəyişməsini gözləyirlər. Hesab olunur ki, Qarabağı görməyən, orada yaşamayan, döyüşməyən nəsillərin olduğu şəraitdə tərəflər daha asan dil tapa bilərlər. Sözsüz ki, bu, daha çox Azərbaycanın təslimçiliyə sürüklənməsi, ermənilərin süni məskunlaşmasının stimulaşdırılması, həmçinin beynəlxalq aləmə işğalın geridönməzliyinin qəbul olunması layihəsidir. Ancaq ekspertlərimiz bu kimi niyyətlərin puç olduğuna şübhə etmirlər.
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu kimi cəhdlər cəfəngiyyatdır və heç nəyi dəyişməyəcək: “Nəsillər dəyişsə də, tarixi gerçəklər, ermənilərin təcavüzü və işğal faktı ortadadır. Onu unutdurmaq artıq mümkün olmayacaq, çünki zaman o deyil, bu işğalı unutduracaq sovet rejiminin bərpa olunması mümkün deyil. Qarabağı görən və orada yaşayan əhali həll etmir ki. Onlar bu gün də, gələcəkdə də vasitə olacaq. Orada yaşayan əhalinin münaqişə dövründə rolu vardı, həssaslığı vardı, indi həmin illərdən uzaqlaşsa da, bu torpağa bağlılıq hissi azalmır, əksinə, nəsillərə ötürülür. Mən o düşüncədəyəm ki, gələcək nəsil daha praqmatik baxış sərgiləyəcək, hətta Qarabağ həssaslığı indikindən daha çox olacaq. Deyirlər ki, Qarabağda 20-25 il əvvəl doğulan ermənilər Azərbaycanı tanımırlar. Daha pis, o zaman onların həmin torpaqlarda yaşamaq şansı da azalacaq. Və belə də deyirlər ki, bu illər ərzində Qarabağda doğulmayanlar bu məsələyə həssas yanaşmayacaqlar. Bunların heç birinin məsələnin həllinə dəxli olmayacaq”.
Q.Çaxmaqlı qeyd etdi ki, bu münaqişənin sülh yolu ilə həlli yoxdur: “Onu güclü tərəf özününkü edəcək. Sadəcə olaraq, güclü olmaq zorundayıq. Gələcək nəslin bir-biri ilə anlaşmasına gəlincə, bu da eyforik bir düşüncədir. Anlaşma o zaman ola bilər ki, biz ermənilərin işğalını qəbul edək. Bunu qəbul etmiriksə, demək, Qarabağla bağlı anlaşma da olmayacaq. Güclünün hakimiyyəti əsas rol oynayacaq”.
Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a dedi ki, nəsillərin dəyişməsi ilə bağlı məsələlər inandırıcı görünmür: “Əgər belə qeyri-adekvat bəyanatlara inanılsa, ümumiyyətlə, bu məsələ həll edilən deyil. Təsəvvür edin ki, nəsil dəyişməsi təxminən hər 33 ildən bir baş verir. Yəni hər ötən qərinə nəsil dəyişməsi deməkdir. Belə hesablansa, 1988-ci ildən bəri artıq 31 il ötür və hesablamalara görə artıq 2 ildən sonra bu məsələ öz həllinin sonuna çatmalıdır. Tarixi proseslər və faktlar da göstərir ki, normal dövlətlərdə tarixdə baş verənlər nəsildən-nəslə ötürülür. Biz bunun demək olar ki, hər gün şahidi oluruq. Çox uzağa getmək lazım deyil, bu, Gürcüstanda baş verən hadisələrdə də özünü göstərdi. Kataloniya hadisələri də buna bariz nümunə ola bilər”.
A.Nağıyevin sözlərinə görə, əgər Rusiya müşahidəçiləri bunu qabardırsa, unutmasınlar ki, federasiyanın subyektlərinin ondan çoxu müsəlman inanclı, bu və ya digər yollarla birləşdirilmiş ərazilərdir: “Məgər indiki nəsil Zəngəzur, Göyçə, Dərbənd və ya Təbrizi unudur? Əlbəttə, yox. Təbii ki, bunların hamısı Qarabağa da aiddir. Ümumiyyətlə, unutqanlıq, tələskənlik və qisas hissinin olmaması hər bir milləti məhvə aparan amillərin ən vacibləridir. Odur ki, belə bir planın mövcudluğu inandırıcı deyil və bununla bağlı hər hansı anlaşmadan da söhbət gedə bilməz”.
Amma bu da faktdır ki, həmsədr Rusiyanın baş naziri Dmitri Medvedyev aprel döyüşlərindən sonra məsələnin dondurulmasını çıxış yolu olaraq təklif etmişdi. Dondurulma həm də problemin gələcək nəsillərə ötürülməsidir. Üstəlik, bu yaxınlarda Rusiya rəsmilərindən biri etiraf etmişdi ki, ABŞ, Fransa və Rusiyanın Qarabağla bağlı mövqeyi üst-üstə düşür - baxmayaraq ki, bu ölkələrin bir çox məsələlərdə, həmçinin konfliktlərin həllində maraqları toqquşur. Amma Qarabağ onları birləşdirir. Deməli, təhlükə var...