İrana benzin, yoxsa siyasi islahatlar lazımdır?..


Əlbəttə, qonşu İrandakı son siyasi həyəcanlanmalar özünə diqqət çəkməyə bilməz. Etirazların təkcə coğrafiyası yox, onların həm də ədədi - riyazi göstəriciləri artıq çox şey deyir və təsadüfi deyil ki, yalnız siyasi analitiklər deyil, hətta böyük dövlətlərin böyük siyasətçiləri də bu konteksdə siyasi gözləntilər qurmağa başladılar - məsələn, ABŞ-ın dövlət katibi M.Pompeo dərhal bəyan etdi ki, prezident D.Tramp iranlı həmkarı ilə görüşməyə hazırdır.

Amma rəsmi Tehranın buna münasibəti heç də az dərəcədə “orijinal” olmadı, belə ki, İran hökumətinin sözçüsü bildirdi ki, qoy, M.Pompeo öz evsiz və yoxsul vətəndaşları haqqında düşünsün!..

Bəli, məşhur İran inqilabından qırx ildən bir qədər artıq vaxt keçibdir və bu illər ərzində qonşu ölkədə dəfələrlə hakimiyyət dəyişib, hakimiyyətə islahatçılar -mühafizəkarlar gəlib-gedibdir, amma siyasi rejimin prioritet   və hədəfləri dəyişməyibdir: bu da regionun bütün məsələlərində İsrailin, daha geniş miqyasda isə ABŞ-ın əleyhinə olmaqdan ibarətdir.

Amma dərhal da sual yaranır: Bundan sadə İran vətəndaşları nə qazandılar? Düşünürük ki, onlar özləri bu suala daha yaxşı cavab veriblər və elə bu günlərdə də bir daha onu necə var, cavablandırdılar: ilyarım, iki il bundan əvvəl İranda növbəti siyasi həyəcanlanmalar start götürərkən insanlar “Bizi Fələstinin deyil, özümüzün problemlərimiz daha çox maraqlandırır!” şüarları ilə küçəyə çıxdılar.

Mübaliğəsiz demək olardı ki, bütün bu illər ərzində İran rejimi demək olar ki, eyni siyasəti yürüdübdür, çünki cənub qonşumuzun siyasi düşərgəsinin islahatçılara və mühafizəkarlara bölünməsi adi şərtilikdən savayı bir şey olmayıbdır, belə ki, İran elektoratı prezidenti o namizədlərin sırasından seçir ki, onlar əvvəlcə yüksək ruhani elitasının süzgəcindən keçmiş olurlar.

Ona görə də hər dəfə “islahatçı prezident” H.Ruhani haqqında yazılanları oxuyanda və danışılanları dinləyəndə bizdə ixtiyarsız olaraq bir sual yaranır: axı görəsən, İranın prezidenti konkret olaraq nəyi islah etməyə çalışır?..

Xarici siyasət, regional siyasət eynidir, siyasi sistemin əsas-bazis prinsipləri də toxunulmazdır, İran cəmiyyətinin digər etnik kəsimlərinə də münasibət dəyişməzdir, İranın düşmənləri də dəyişməz olaraq qalır - bunlar da İsrail və ABŞ-dır. Rejimin regional hədəfləri də tamam-kamal  dəyizməzdir: bu da əsasən şiə ideologiyasının siyasi coğrafiyasını genişləndirməkdən ibarətdir...

Bəlkə də inanmazsınız, amma hətta İran ABŞ sanksiyalarının ağırlığı altında inildədiyi bir vaxtda belə ölkə yenə də özünün xarici siyasi və ideoloji məqsəd və hədəflərindən əl çəkmir və yenə də təbii sual yaranır: doğrudanmı bütün bunlar İran cəmiyyətinin maraqlarına uyğundur? Doğrudanmı cəmi müsəlmanlar şiə olandan və regionda İsrail kimi bir dövlət qalmayandan sonra müsəlmanlar tamam xoşbəxt olacaq, firavan həyat yaşayacaq, təhsilli, azad və inkişaf etmiş bir cəmiyyət quracaqlar?

Bilirsiniz, geopolitika mürəkkəb məsələdir və odur ki, biz İsrailin və ABŞ-ın regional siyasətini sadələşdirmirik - əlbəttə, burada da bir xeyli mübahisəli məqamlar var. Amma Yerusəlimin və Vaşinqtonun siyasəti daha çox Tehranın apardığı siyasətə adekvat reaksiyadır; əminik ki, əgər İran özünün “regional hədəf”lərindən imtina etsə, o halda, İsrail və ABŞ -ın Tehrana qarşı siyasəti tamam dəyişəcəkdir. 

Burada ən maraqlısı və hətta ən təəccüblüsü nədir? İranın apardığı “dini həmrəylik siyasəti”ndən hamı artıq cana yığılıbdır.

Müsəlman ərəb ölkələrinin İranla münasibətləri tamamilə gərgindir, çünki iranlı din və siyasət adamlarının hamısının bir arzusu var: cəmi müsəlmanları şiə kimi görmək. Məhz İranın dəstəyi sayəsində bir neçə ölkədə din-məzhəb savaşları və qarşıdurmaları səngimək bilmir.

Mümkündür ki, başqa bir şəraitdə Tehranın hətta nüvə proqramı bu qədər müqavimətlə qarşılaşmazdı. Hazırda hamını İrandan daha çox, məhz indiki İran rejiminin nüvə silahına sahib olması imkanı narahat edir, çünki silahı əldə etməmişdən iranlı siyasətçilər artıq onun birinci hədəfini göstərirlər: İsrail...

Ona görə də mübaliğəsiz demək olar ki, İranın hazırda yaşadığı probemlərin hamısı ilk növbədə bu ölkədə mövcud olan teokratik rejimə görə baş verir - rejim olmasa bugünkü problemlər də olmayacaq...

Amma rejimlə bağlı problemi də hansısa dövlətlər yox, İran cəmiyyəti özü həll etməlidir: bəli, İran cəmiyyəti imkan daxilində dinc aksiyalarla, demokratik seçkilərlə bu problemi həll etməlidir, çünki hazırki İran seçki sistemini demokratik adlandırmağa hətta adamın dili belə gəlmir, o səbəbdən ki, bir az əvvəldə qeyd etdik ki, prezidentliyə bütüm namizədlər əvvəlcə ruhani sisteminin süzgəcindən keçir. Ruhani sistemi isə yalnız elə “islahat”lara “hə” deyir ki, onlar teokratik rejimin əsaslarına toxunmamış olsunlar...

Hüseynbala Səlimov
Tarix: 21-11-2019, 10:08
Xəbəri paylaş





Xəbər lenti