Qoşulmama Hərəkatında yeni mərhələ: Azərbaycanın sədrliyi nələri dəyişə bilər? - TƏHLİL


Bəli, Bakı növbəti dəfə qütblərarası dialoqun paytaxtına çevrildi. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü məhz bu cür xarakterizə etmək olar.

Gəlin, əvvəlcə bu Hərəkatın tarixi mahiyyətini aydınlaşdıraq. Qoşulmama Hərəkatı (QH) nədir, hansı zəmində yaranıb, hansı siyasi şəraitdə onun formalaşması və genişlənməsi zərurəti meydana çıxıb?

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. QH BMT təşkilatı üzvlərinin təxminən 2/3, dünya əhalisinin 55 faizini təşkil edir.

Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl - 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir.
Bandunq konfransında prinsipləri işlənib hazırlanan QH-nin Birinci Sammitinin hazırlıq mərhələsi 1961-ci il 5-12 iyun tarixlərində Misirin Qahirə şəhərində keçirilib. Hazırda qurumun fəaliyyətində məhz bu prinsiplər əsas götürülür.

“Bandunq prinsipləri” hansılardır?

·        BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;

·        Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;

·        Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;

·        Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;

·        BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;

·        Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;

·        Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;

·        BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;

·        Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;

·        Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

 

Bali adasında tam hüquqlu üzv olmaq qərarı

Azərbaycanın həyata keçirdiyi çoxspektrli və xoşməramlı əməkdaşlıq prinsiplərinə söykənən xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirmə xətti QH-nin əsas prinsipləri ilə, şübhəsiz ki, birmənalı şəkildə uzlaşır.

Ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını almışdır. Hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər naziri 2011-ci ilin yanvar ayında təşkilatın sədri vəzifəsini icra edən Misirin Xarici İşlər nazirinə təşkilata üzvlüklə bağlı müraciət etmişdir. 16 mart 2011-ci il tarixində Nyu-Yorkda keçirilən QH Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılmış və QH üzv dövlətlərinin ilkin yekdil və müsbət tövsiyəsi əsasında məsələnin QH-nin nazirlər görüşünün gündəliyinə salınması razılaşdırılmışdır. Nəticədə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.

 

Niyə məhz Bakı?

BMT-dən sonra ən böyük beynəlxalq təşkilatın növbəti Zirvə Görüşünün məhz Bakıda keçirilməsi heç də təsadüfi xarakter daşımır.

Azərbaycan artıq uzun illərdir ki, müxtəlif siyasi qütblərdə dayanan ölkələrin dialoq məkanına çevrilir. Bakı opponentlərin, hətta qlobal miqyasda bəlkə də yumşaq desək, ən barışmaz rəqiblərin görüşdüyü, müzakirələr apardığı, o cümlədən bu məzmunda tədbirlərin təşkil olunduğu “dialoq şəhəri” statusuna yiyələnməkdədir. Belə halda, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi və ən əsası, sədrliyin Azərbaycana ötürülməsi də sadəcə, mexaniki proses deyil, rassional məntiqi ardıcıllığın davamı kimi qəbul edilə bilər.

QH platformasında olan ölkələr üçün də Azərbaycanın nüfuzu və mövqeyi aydın görünür: Rəsmi Bakı güc mərkəzlərindən bərabər məsafəni qorumaqla müstəqil, balanslaşdırılmış siyasət həyata keçirir, təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin olunmasına yönəlmiş bütün addımlara, tədbirlərə dəstək verir.

Bakı toplantısı bizə nə verir?

Belə bir mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi ölkəmiz üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bakı Zirvə görüşünün əhəmiyyətini tezləşdirsək, aşağıdakı punktlar üzərində xüsusilə dayana bilərik:

Birincisi, Zirvə Görüşü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm platformadır və rəsmi Bakı bu fürsətdən uğurla istifadə edir.

Beynəlxalq auditoriyaya çatdırmaq istədiyimiz başlıca həqiqətimiz şübhəsiz ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktlardır. Bu mənada artıq ikinci mühüm istiqamət barədə danışa bilərik – Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın üzləşdiyi işğal faktı!

Üçüncüsü, Zirvə Görüşü Azərbaycandakı mühit, aparılan islahatlar, təhlükəsizlik və sabitlik barədə beynəlxalq auditoriyaya müfəssəl məlumat vermək, real tanışlıq imkanı yaratmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu, həm də xarici investorların diqqətini ölkəmizə yönəltmək baxımından dünyaya açılan yeni pəncərədir.

Dördüncüsü, Azərbaycan beynəlxalq ictimaiyyətə konfliktlərin həlli, xalqların öz müqəddəratını həll etmək və dövlətlərin ərazi bütövlüyünün təmin olunması dilleması məsələsinə yanaşmasını tam olaraq ortaya qoyur.

Beşincisi, bu, Azərbaycan QH-nin şəbəkəsindən öz milli maraqlarına uyğun istifadə etmək, eyni zamanda öz inkişaf modeli, eləcə də balanslaşdırılmış siyasətini digər QH üzvləri ilə bölüşmək üçün imkan yaradır.

Beləliklə, Zirvə Görüşü və ümumiyyətlə bu QH platfoması siyasi dialoqu möhkəmləndirir, bütün iştirakçılar, eləcə də Azərbaycan üçün ikitərfli və çoxtərfli formatda siyasi və iqtisadi tərəfdaşlar qazandırır.

 

Azərbaycan Prezidentindən 8 tezis

Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi bundan sonra atacağı addımları ifadə etməklə həm də proqram xarakterli idi.

Dövlətimizin başçısının çıxışında bir çox tezislər öz əksini tapırdı, onlardan xüsusilə 8 istiqaməti fərqləndirə bilərik.

Dialoq masası

Azərbaycan beynəlxalq siyasətin aktiv iştirakçısı kimi funksionallığını artırır, olduqca məsuliyyətli, mühüm missiya həyata keçirir. Söhbət müxtəlif qütbləri təmsil edən siyasi güclərin dialoqunun təşkilindən gedir. Bakı qlobal siyasi portretdə neytral məkan kimi görünür. Məhz bu obraz müxtəlif siyasi yanaşmaları bölüşən güclərin ölkəmizin paytaxtında dialoq üçün bir araya gəlməsini şərtləndirir.

Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında bu məqama toxunaraq bildirdi ki, Azərbaycan müstəqil xarici siyasət yeridir və bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırıb. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. “Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir”, – deyə prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasəti və beynəlxalq siyasi dialoqdakı rolunu şərh etdi.

İkili standartlar, BMT-nin kağız üzərində qalan qətnamələri...

Azərbaycan Prezidentinin BMT-də islahatların aparılması zərurəti ilə bağlı fikri, şübhəsiz ki, ciddi arqumentlərə söykənir. “Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır”, – deyə prezident İlham Əliyev növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətini həm beynəlxalq qurumların hərəkətsizliyinə, həm də Azərbaycanın üzləşdiyi ədalətsizliyə yönəldir.

Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan olduğu kimi bu dəfə də Ermənistanın işğalçılıq faktı, münaqişənin acı nəticələri üzərində xüsusi olaraq dayandı: “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür”.

QH daha aktiv olacaq

Azərbaycanın sədrliyi dönəmində təşkilatın fəaliyyətinin daha aktiv fazaya keçəcəyi proqnozlaşdırılır. Azərbaycanın beynəlxalq siyasi və iqtisadi münasibətlərdəki hiperaktivliyi və dövlət başçısının çıxışında verdiyi mesajlar bu ehtimalı təbii olaraq gücləndirir. Sitat: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir”.

Qarşılıqlı yardımlaşma

Azərbaycan hərəkat üzvlərinin müəyyən olunmuş prinsiplər əsasında bir-birini dəstəkləməsini arzulayır. Bu vaxta qədər ölkəmizin siyasəti qarşılıqlı yardımlaşma, humanizm və müsbət dəyişiklikləri təşviq edən, xoşməramlı əməkdaşlığa söykənib. Prezident İlham Əliyevin üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb etməsi barədə çağırışı Azərbaycanın tərəfdaşlarına verdiyi dəstəyə təbii olaraq adekvat reaksiya gözləntisidir.

“Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.

Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır”, – deyə Prezident İlham Əliyev bu kontekstdəki fikrini konkret faktlarla bərkidib.

 

İqtisadi əməkdaşlıq platforması

Şübhəsiz, QH yalnız siyasi birlik və əməkdaşlıq platforması deyil. Siyasi cəhətdən eyni və ya yaxın mövqeləri bölüşən birlik üzvləri niyə də iqtisadi sahədə tərəfdaşlıq etməsinlər?!

Prezident İlham Əliyevin “Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir” - fikirləri həm də təşkilat üzvlərinə çağırış xarakteri daşıyır.

 

Tarixi demokratik ənənələr və multikultural dəyərlər

Dediyimiz kimi, Zirvə Görüşü Azərbaycanı dünyaya təqdim etmək baxımından növbəti mühüm fürsət idi. Azərbaycan Prezidentinin çıxışının mühüm bir hissəsi bu məqsədi özündə ehtiva edirdi.

Dövlətimizin başçısı Azərbaycanın tarixən mövcud olmuş və bu gün inkişaf etdirilən insan hüquqları və demokratik dəyərlərinə diqqət ayırdı: “Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.

Azərbaycan prezidenti çıxışının başqa bir hissəsində yenidən Azərbaycanın tarixi dəyərlərinə qayıdır və beynəlxalq miqyasda qiymətləndirilən multikulturalizm ənənələrini xatırladır: “Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir. BMT-nin Baş katibi Antonio Quterreş “Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. “Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır”.

İqtisadi inkişaf modeli və xarici investorlar üçün cəlbedici ölkə

Zirvə Görüşü Azərbaycanın sosial-iqtisadi inkişaf təcrübəsini bölüşməyə də imkan yaradırdı. Dövlətimizin başçısı ölkəmizin əldə etdiyi nailiyyətlər barədə də məlumat verərək bildirdi ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artmışdır. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır.

Burada olduqca mühüm detal ölkəmizə qoyulan xarici investisiya ilə bağlı məlumatın diqqətə çatdırılmasıdır. Bu informasiya çıxışa təsadüfən daxil edilməyib. Son 15 ildə Azərbaycana yatırılmış 270 milyard dollarlıq investisiyanın yarısının xarici sərmayə olması faktı özlüyündə ölkədəki investisiya mühiti barədə təsəvvür yaradır. Bu isə, şübhəsiz ki, xarici sərmayədarları təşviq edir. Prezident İlham Əliyevin ölkədə aparılan islahatlar barədə fikirləri və Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatına istinad etməsi isə ölkədəki iqtisadi mühit barədə aydın panoram açır. Sitat: Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir”.

Nəqliyyat dəhlizi funksiyası

Nəhayət, dövlət başçısının çıxışının mühüm tezislərindən biri də Azərbaycanın nəqliyyat dəhlizi kimi Şərq və Qərb, eləcə də Cənub və Şimal arasında oynadığı mühüm rolu ifadə edir.

Azərbaycanın bir sıra ölkələrin enerji təchizatçısı olduğunu xatırladan Prezident İlham Əliyev qeyd etdi ki, Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir”.

Şübhəsiz, bu dəhliz QH üzvləri üçün də cəlbedici ola bilər. Bu isə həm Azərbaycanın maraqlarına cavab verir, həm də təşkilat üzvlərinə yeni nəqliyyat dəhlizlərindən istifadə imkanı açır.//AzTV

http://www.aztv.az/az/news/2440/qosulmama-herekatinda-yeni-merhele-azerbaycanin-sedrliyi-neleri-deyise-biler-marktehlilmark

Tarix: 28-10-2019, 22:23
Xəbəri paylaş





Xəbər lenti