Hakimiyyət Milli Şuranın şəhərin mərkəzində piket keçirməsinə razılıq verdi. Milli Şuraya BŞİH-in yaxınlığında 50 nəfərdən ibarət heyətlə - qanunda nəzərdə tutulmuş qaydada piket keçirməyə etiraz edilmədi. Ancaq MŞ rəhbərliyi aksiyaya icazə verildiyi gündən təxribat xarakterli çağırışlar etdi. Belə ki, AXCP sədri Əli Kərimli partiya üzvlərini aksiyanı müşahidə etməyə çağırdı.
Nəticədə oktyabrın 8-də piketi mitinqə döndərmək cəhdləri edildi, bu ətrafa 100-ə yaxın tərəfdarlarını yığdılar, polislə qarşıdurmaya cəhd göstərdilər.
Bu, qanun pozuntusu olsa da, piketin keçirildiyi yerə yaxın küçələrin ətrafında insanların toplanmasını Milli Şura özünün “böyük uğuru”, “xalqın onlarla həmrəyliyi” kimi təqdim edir. Hakimiyyət düşərgəsi isə şəhərin mərkəzində etiraz aksiyasına şərait yaradılmasını demokratiya nümunəsi və sərbəst toplaşmaq azadlığının ölkədə təzahürü adlandırır.
Bəs Milli Şuranın dünən keçirdiyi piket və piket ətrafında yaşananlardan tərəflər - hakimiyyət və Milli Şura nə qazandı?
Əli Orucov: “Bundan sonra hər hansı bir etiraz aksiyasının yolu da bağlanmış oldu”
AMİP katibi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Milli Şuranın dünən keçirdiyi piketdə tərəflərin deyil, Azərbaycan xalqının qazanmasını istərdi. Təəssüf ki, bu qazanc əldə olunmadı: “Hakimiyyət piketə razılıq verməklə beynəlxalq ictimaiyyətə göstərmək istədi ki, sərbəst toplaşma azadlığı təmin olunur. Amma məncə, bundan sonra hər hansı bir etiraz aksiyalarının yolu da bağlanmış oldu. Çünki bəhanələr var. Milli Şuraya gəlincə isə belə bir tədbirin keçirilməsi ona lazım idi ki, Lökbatana gedilməmək barədə səsləndirilən iradları aradan qaldımış olsun. Sezdiyim və müşahidə elədiyim bir məqam da ondan ibarətdir ki, tərəflərdə qarşılıqlı qəzəb və nifrət, kin var. Bu isə çox təhlükəli tendensiyadır”.
Elçin Mirzəbəyli: “Onlar qazanmadılar, itirdilər”
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, hakimiyyət piketə icazə verməklə və aksiyanın təhlükəsizliyini qoruyan hüquq-mühafizə orqanlarının təmsilçiləri olduqca korrekt, təmkinli davranmaqla Azərbaycanda bütün digər fundamental hüquqlar kimi sərbəst toplaşmaq azadlığının da təmin edildiyini bir daha təsdiqlədi: “Digər tərəfdən “Milli Şura” adlanan qeyri rəsmi təsisatda təmsil olunan siyasilərin, o cümlədən Əli Kərimlinin öz öhdəliklərinə sadiq qala bilmədiyini, təşkilatçı kimi hətta 50 nəfərlik piketi idarə etmək gücündə və potensialında olmadığını növbəti dəfə sübuta yetirdi. Bu baxımdan onlar qazanmadılar, itirdilər.
Digər tərəfdən, insanları “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanunun tələblərini pozaraq insanları guya “müşahidəçi” kimi aksiyada iştirak edən şəxslərin qanunun aliliyinə münasibətini və təbii ki, cəsarətsiz biri olduqlarını ortaya qoydular. Əslində Əli Kərimli, Cəmil Həsənli və digərlərinin aksiyaya qatılmayacaqları gözlənilən idi. Bu adamlar qorxaqlığın, cəsarətsizliyin, məsuliyyətsizliyin klassik nümunələridir.
Doğrusu, normal düşünməyi bacaran insanlar bütün bu illər ərzində dəfələrlə ifşa olunduqlarını nəzərə alıb siyasətlə vidalaşmalıydılar. Amma göründüyü kimi şəxsi biznes vasitələrinə çevirdikləri təşkilatlardan ayrıla bilmirlər. Təbii ki, ilk növbədə korporativ maraqları, ayrı-ayrı qütblər qarşında götürdükləri öhdəliklər və sağlam düşünmək bacarıqlarını itirmələri buna imkan vermir”.