Avropa ilə saziş: Azərbaycana nə qazandıracaq?

Avropa ilə saziş: Azərbaycana nə qazandıracaq?


Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənən saziş ətrafında müzakirələr davam edir. 

Strateji tərəfdaşlıq haqqında sazişlə bağlı fikirlər isə birmənalı deyil. Siyasi arenada bu sazişin imzalanmasını istəyənlər də var, istəməyənlər də. Arqumentər də müxtəlifdir. Qeyd edək ki, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) (Sənəd 1999-cu ildə qüvvəyə minib-müəl.) əvəzləyəcək.

Bir müddət əvvəl isə sazişin bu ilin 13 mayında imzalanacağı deyilsə də, sonradan bu informasiya təkzib olundu. Sentyabr ayının əvvəlində isə Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş imzalanması məsələsi yenidən gündəmə gətirdi. Belə ki, o, Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqların davam etdiyini bildirmişdi. Maraqlıdır, Azərbaycanın bu sazişi imzalaması zəruridirmi? Xatırladaq ki, Avropa İttifaqı ilə saziş imzalayan dövlətlərdə fərqli siyasi proseslər cərəyan edib. Məsələn, Gürcüstan və Ukrayna Aİ ilə saziş imzalamaqla ərazi itkisi ilə üzləşdi. Ermənistan da Avropa İttifaqı ilə sənəd imzaladı və nəticədə Serj Sarkisyan hakimiyyəti Paşinyan iqtidarı ilə əvəzləndi.

“Avropa Birliyi istəyir ki...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə şərhində Azərbaycanın imzalamağı nəzərdə tutduğu sənədin digərlərindən fərqli olduğunu deyib:

“Asosiativ sazişi Gürcüstan və Moldova imzaladı. Daha sonra isə Ukraynada bu sənədi imzalamayan hakimiyyət devrildi. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç asosiativ saizişi imzalamadı və açıq şəkildə Almaniyanın kansleri Angela Merkelə dedi ki, Rusiya mənə təzyiq edir. Nəticədə isə Yanukoviç devrildi və “Maydan hadisələri” baş verdi. Amma “Maydan hadisələri”ndən sonra Petro Poroşenko asosiativ sazişi imzaladı. Ermənistan isə asosiativ sazişə deyil, daha sadə bir sənədə imza atdı. Azərbaycan imzalamaq istədiyi sənəd isə tam fərqlidir. Bu, strateji əməkdaşlıq haqqında sazişdir, asosiativ saziş deyil. Çünki Azərbaycan hakimiyyəti hesab etdi ki, bu dövlətlərin çoxundan fərqlənir, Avropa üçün daha faydalıdır, ernerji layihələrində iştirak edir və fərqli maddələrin əks olunduğu sənədə imza atmalıyıq. İlk dəfə olaraq Brüssel buna razılaşdı. Çünki digər dövlətlərin hamısı ilə eyni cür sənəd imzalayıb. Brüssel razılaşsa da, bir qədər ağır iş getdi. Çünki hər iki tərəf şərtləri dəqiqləşdirirdi. İndiyə qədər danışıqlar davam edir və hələ də nəticə yoxdur. Halbuki dövlət başçısı İlham Əliyev tapşırmışdı ki, bu proses sürətləndirin. 

Çünki hər tərəfin öz maraqları var. Avropa Birliyi bu anlaşmanın imzalanması üçün istəyir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olsun. Azərbaycan hakimiyyəti isə hesab edir ki, indiki şərtlərdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması doğru deyil. Çünki Azərbaycan gərək rəqabət qabiliyyətli məhsullar istehsal etsin ki, ondan sonra bu təşkilata üzv olaq. Digər insan haqları, demokratiya və digər mübahisə doğuran maddələr də ola bilsin ki, var”.

“Sazişin imzalanması vacibdir”

E.Şahinoğlu hesab edir ki, bu sazişin imzalanması Azərbaycan üçün vacibdir: 

“Əgər biz Avropa standartlarını mənimsəmək, iqtisadi inkişafı gücləndirmək, insan haqları və demokratiya məsələsində irəliləmək istəyiriksə bu sazişi mütləq imzalamalıyıq. Onu da nəzərə almaq lazımdır ki, gələn ildən başlayaraq Azərbaycan qazı Avropaya istiqamətlənəcək. Avropa Birliyi ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Məhz bu baxımdan strateji tərəfdaşlıq haqqında sazişin imzalanması Azərbaycan üçün çox faydalı olacaq”. /Cebhe.info/


Tarix: 2-10-2019, 20:57
Xəbəri paylaş





Xəbər lenti