Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ)



Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür

 

Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb.

Siam.az  həmin müsahibəni oxucularına təqdim edir:

- Rauf bəy, yaxın günlərdə "Yeni Müsavat”ın 30-illik yubileyini qeyd edəcəksiniz. Nəinki ölkə, region mediası üçün ciddi rəqəmdir. Çətin ki, bu yola başlayanda 30 il sonrası haqda düşünmüşdünüz, amma yenə də soruşmaq istəyirəm – gözlədiyiniz, arzuladığınız yerdəsiniz bu gün?

- Bu işə başlayanda – 1989-cu ildə jurnalistikanı özüm üçün gələcək kimi görmürdüm. Ona görə də xüsusi bir iddia və düşüncədən danışmaq mümkünsüzdür. O zaman Milli Azadlıq mübarizəsində idik, iki cəbhədə – SSRİ-yə və Ermənistana qarşı vuruşurduq, düşüncəmizin əsas amili fərqli idi. Amma bütün bunlarla yanaşı bir yaradıcılıq xətti də vardı. Yazılarımı, məqalələrimi broşur şəklində çap etdirib, yayırdım. Belə bir periodda Azərbaycan Milli Demokrat Yeni Müsavat partiyası təsis etməyə qərar verdik. Beş nəfər rəhbər heyəti ilə start verdik. Prosesdə məlum oldu ki, bizə bir qəzet, yayım orqanı lazımdır. Qərar verəndən sonra da məlum oldu ki, komandada bu işi məndən başqa görəcək kimsə yoxdur. Mən də bu missiyanı öz üzərimə götürdüm və uğurlu alındı. Çünki ondan əvvəl mən "Birlik” adlı qeyri-formal bir dərgini redaktə edirdim. Beləliklə, bu günə uzanan bir yol başladım, qəzetçilikdə…

- Deyəsən sizin "Dünya” adlı qəzetiniz də olmuşdu…

- Doğrudur, Elçibəy iqtidarı dövründə dostum Novruz Həsənovla birlikdə "Dünya” jurnalı nəşr edirdim, amma ondan başqa da nəşrlər vardı – "Yeni Turan” qəzeti, "Cümhuriyyət” qəzeti kimi. Və, əlbəttə "Yeni Müsavat” qəzeti. "Dünya” jurnalı və "Yeni Müsavat”ın hətta rusca versiyaları da var idi. 1992-93-cü illər də bu minvalla davam etdi, jurnalistika fəaliyyətindən heç aralanmadım; baxmayaraq ki, paralel olaraq Müsavatın və AXC-nin rəhbərliyində də təmsil olunurdum. Zamanla bu peşəyə isindim… Sonra çevriliş oldu, iqtidar dəyişdi, senzura sərtləşdi, qəzetlər bir-bir əlimdən çıxdı, bircə "Yeni Müsavat”ı qoruya bildim və yola onunla davam etdim. Mətbuatla bağlı konseptual fikirlərim və iddialarım Elçibəy iqtidarı dönəmində formalaşdı. Ard-arda media quruluşlarını yaratmamda da səbəb vardı. Elə bir zaman idi ki, Elçibəyin tapşırığı ilə Güney Azərbaycan üçün də əski əlifba ilə vərəqələr buraxırdıq. Bütün bunlara görə, mən media-qəzet bazarına çox geniş baxırdım o zamanlar. Bütün türk dünyasını əhatə edəcək bir media holdinq qurmaq istiqamətində düşünürdüm. Amma olmadı…

- Bir gerçək var ki, siz bütün jurnalistika fəaliyyətiniz boyunca həm də siyasi kimliyinizlə tanınmısınız. O kimlik heç vaxt sizdən ayrı olmayıb… Hər zaman gedib-qayıtmısınız.

- Mediaya siyasətdən gəlmişəm. Daha doğrusu, hərəkatdan. Mən gizli qəzet çıxardanda, bunu başlayanda, Azərbaycanda müstəqil mətbuat yox idi, hər yerdə kommunist qəzetləri idi. Bayaq da dediyim kimi, mətbuat orqanı yaratmağım siyasi bir prosesin gedişində ehtiyac kimi ortaya çıxdı. Siyasi proseslər, ictimai fəallıq azalanda, qəzetçilik kimliyim önə çıxırdı, çünki yaradıcılıq və ayaqda qalmaq üçün çalışmaq imkanları açılırdı. Belə mərhələlərdə qurucularından olduğum siyasi təşkilatı – partiyanı da qəzet və təbliğat vasitəsi ilə gündəmdə saxlamağı bacarırdım. Ölkədə siyasi fəallıq yüksələndə, ictimai həyat aktivləşəndə isə siyasətçi kimi ön cərgələrdə olurdum. Amma bəzən o qədər önə çıxırdım ki, tutub basırdılar türməyə… Mən hər zaman iddialarımın arxasınca sonuna qədər gedirəm: istər siyasi iddialar olsun, istərsə, mətbu iddialar.

2003-cü ildə, ölkədə prezident seçkiləri keçiriləndə qəzetçi-siyasətçi olaraq əsas və aparıcı sima mən idim. Prezident seçdirəcəyimiz liderdən belə önə çıxmışdım. Böyük risk idi, hər kəs özü üçün ehtiyat variant, sığınma zonası hazırlamışdı, məndə isə bu variant yox idi. Uduzacağımız təqdirdə iki seçimim vardı – ya ölmək, ya həbsxana…

Həbsxana qismət oldu, onu da getdik yatdıq. Lakin içəridə də boş dayanmadım. Məqalələr, reportajlar yazdım, yazılarımla çöldə məyus və başsız qalmış tərəfdarlara ruh verdim, özünü bazara çıxardan siyasi xadimlərə basqı yapdım… Bir sözlə, qəzet yenə əsas rupor idi… O zaman gördüm, media gücünə sahib olmaq ikinci can kimi bir şeymiş. Səni "öldürürlər”, amma sən sağ qalırsan… Elə o zaman, türmələrdə keçirtdiyim 17 ay ərzində qərar verdim: yavaş – yavaş siyasətdən çəkilmək və qəzetlə, media ilə qalmaq, onunla davam etmək…

- Həbsxanadan çıxdınız və bunu etdinizmi?

- Dərhal deyil. Həbsdən 17 ay sonra çıxdım və bir başa siyasi burulğanların içinə düşdüm. 20 mart 2005-ci ildi, Elmar Hüseynovu yenicə öldürmüşdülər. Bu, cəmiyyətdə böyük dalğalanmaya səbəb olmuşdu. Əfv çıxmış, siyasi açılım başlamışdı. Parlament seçkilərinə aylar qalırdı, bütün ölkə təkrar qaynayırdı, bizim çıxmağımız isə müxalifəti yenidən coşdurmuşdu, hər kəsdə ruh yüksəkliyi vardı. Seçkiyə girdik. Mən də girdim və nümunəvi bir kampaniya apardım. Seçkini uddum, amma mandatı Eldar Quliyev adlı bir mafioza verdilər. Hələ də parlamentdədi və MM-in ən susqun deputatlarındandır…

Elə həmin zamanlardan bir şeyi müşahidə etdim. Müxalifətin başını çəkən təkələr- liderlər bütün prosesi, sadəcə olaraq batırırlar. Hətta mənə elə gəldi ki, bunu qəsdən edirlər. 2005-in 26 noyabrındakı o meydan təlxəkliyini yada salın. O zaman Əli Kərimliyə şahidlərin yanında şəxsən dedim ki, bu avantüraya getmə. Dedi ki, xarici jurnalistlər 27 noyabrdan sonra gedirlər, o zamana kimi kadrlara düşəcək nələrsə etməliyik… Etdilər. Meydana toplaşan müxalif güclərə bəyan olundu ki, fasiləsiz mitinqlərə başlayırıq, gecələrə də qalacağıq, çadırlar quracağıq. Sivil cizgidən kənara çıxdıq, xarici ölkə jurnalistlərinin kameralarına düşəcək görüntülər oldu, müxalifəti 5-6 dəqiqəyə döyüb, sürüyüb, meydandan atdı hökumət. Bununla da "sürünən etirazlar” dayandı, proses tormozlandı…

- Siz nə etdiniz?

- Məyus oldum. Qəzetə daha çox bağlandım. Azərbaycandakı siyasi liderlərlə çox çətindi, bərabər iş görmək.

Etibarsızdırlar, çoxlu siqaret çəkir və boş-boş saatlarla danışırlar. Hamısı, az istisnalarla, erroziyaya uğrayıb, üstəlik, "paslanıb”. Onlara söykənmək də olmaz…

Onları əvəzləyəcək güc də yoxdur; ictimai proseslərin sanki partiya seqmentinə dəxli yoxdur, yenilənməyə səbəb olmur, nədənsə. Sadəcə, müxalifət funksionerlərinin və sadiq fəalların özlərinin və qohumlarının uşaqları böyüdülər, bu periodda. Ölkədə də iş güc olmadığından, o gənclər də müxalif düşərgəyə yönlənməyə məcbur oldular. Buradan heç olmasa, Avropaya, mühacirətə gedib, ölkəni və həyatı dəyişmək olur…

- Bəs, siz niyə çıxıb getmədiniz o düşərgədən. Bunu etməyə nə mane olurdu?

- Əslində heç nə. Burada çox ləngidim, gərək həbsdən çıxandan sonra, ən geci, 2006-cı ildə ayrılardım. Lakin, bayaq da dedim, iddialarımın arxasınca sonuna qədər, bütün şanslar bitənəcən gedirəm. Yanlış, ya doğru, belə də etdim. 2013-ə qədər müxalifətin bütün layihələrinə dəstək verdim. Fəallıq və peşəkarlıq nümunələri göstərdim. Ancaq onu da görürdüm ki, bunlarla heç nə etmək mümkün olmayacaq… Bu, qəzetçiliyə tam dönüş üçün qəti qərarımın verildiyi anlar idi…

- Hökumətlə keçmiş və bugünkü münasibətlərinizi müqayisə edən zaman ön planda xiffət durur, peşmanlıq, ya başqa bir şey? Özünüzlə harmoniya içindəsiniz?

- Yekunlar üçün hələ tezdir. Proses davam edir və mən hələ də ölkənin ictimai rəy institutlarının ən mühümünə sahib olan, üstəlik, 30 il media və siyasətçi təcrübəsi daşıyan birisiyəm. Lakin keçmişə nəzər salanda, görürəm ki, mərhum prezident Heydər Əliyevlə münasibətlərdə səhvlərə yol vermişəm. Sonrakı illər və indiki zaman da göstərir ki, mahiyyətcə Heydər Əliyev mənim iqtidara gətirmək istədiklərimdən daha ciddi demokrat imiş. "Çörəyi” demokratiya və söz azadlığından çıxan birisi kimi, belə bir siyasi lideri gücləndirmək əvəzinə, onun rəqiblərinin gücünü artırmışıq. Onunla qarşı tərəfdə olmaq, mübarizə aparmaq, ona qarşı fəaliyyət göstərməyin özü də çox maraqlı idi. Onun miqyası eləydi ki, çərçivələri geniş tuta bilirdi və bizdən, öz ölkəsinin müxalifətçi vətəndaşlarından çəkinmirdi. Bizə bütün imkanlar, şərait yaradılmışdı, yəni indiki ilə müqayisədə Heydər Əliyev dövrü ifrat demokratik dövr sayıla bilər. Efir canlı yayım konsepti ilə işləyirdi, xəbərlərdə senzlər az idi, ən əsası, efirdə tənqid vardı. Bu şəraitin, bu modelin müəllifi Heydər Əliyev idi…

- İndi bu model yoxmu? Azərbaycan Heydər Əliyev yolu ilə getmirmi?

- Mənə görə, ən azı, mediada bu model işləmir. Yoxsa mən belə nostaljik ifadələr işlətməzdim. Bugünkü Azərbaycanda qəzet idarə etmək, media rəhbəri olmaq çox çətindir. Heydər Əliyev dövrü ilə müqayisədə bu gün medianın sadəcə, imkanları genişlənib. İnternet sayəsində çox böyümüşük, multi-media seqmentinə aid layihələrimiz uğur qazanır. Arzularımızı, təxəyyüllərimizi ötüb keçən imkanlar açılıb – facebook, youtube platformalarında canlı yayınlar, verilişlər edirik, yüksək standartlarda saytlarımız var, xəbərlərimiz bütün dünyaya anındaca yayılır. Azərbaycanda internet azaddır, kim nə istəyir, yazır, çəkir, yayır…

- Yaxşı, o zaman problem nədir?

- Tənqid imkanları məhduddur. Ciddi çatışmazlıqdı. Rəsmi efirdə, ümumiyyətlə tənqid yoxdu. Bir az yazılı mətbuat və onun üzərində qurulmuş yayın orqanlarında, konkretləşdirsək, "Yeni Müsavat” media qrupunda qalıb. Lakin mən də çox ehtiyatlı davranıram. "Özünüsenzura” əhdimizi və yaradıcılığımızı kəsib, biçir. Mən özüm, köşə yazılarını minimuma endirmişəm. Doğrudur, məni heç kim sıxmır və hakimiyyət orqanları ilə çox mədəni münasibətlərim var. Lakin mən mövcud çərçivələri və sərhədləri görürəm – əhatə çox məhduddur. Belə bir durumda tiraj –IPsaxlamaq çox çətindir. Hazırda tənqid "xarici mala” çevrilib. Ölkədə qadağandı, buna görə də xaricdən gəlir – bizim yerimizi və efirdəki tənqidin yerini bir baxın, görün, kimlər nələrlə doldurub? Ölkənin siyasətdəki və ictimaiyyətdəki dələduzlarının hamısı "yutub”dadı; kanal açıb, söyürlər. Narazı elektorata çox səviyyəsiz məhsul təklif olunur. Lakin alternativi yoxdur və buna görə də hətta açıq söyüşlər söyən "yutuberlər” belə özünə auditoriya toplaya bilir.

- Müqayisə çox yerində, hətta maraqlı oldu, amma mən daha çox İlham Əliyevə münasibətinizin dəyişməsinin arxa planını nəzərdə tutmuşdum.

- Arxa plan-filan yoxdu. Hər şey çox şəffafdı və proses də şəffaf gedib. Bayaq sizə anlatdım – 2013-dən sonra çox şeyləri ölçdüm-biçdim. Bu düşərgə ilə davam edə bilməyəcəyim yəqin idi: gözümün qabağında, mənim birbaşa informasiya almaq imkanlarımın məsafəsindəcə onların bir qismi vətəni satmağa bərabər hərəkət etmişdi. Söhbət Milli Şura layihəsindən gedir.

Azərbaycan tarixində ilk dəfə idi ki, siyasi müxalifətə xarici ölkə paytaxtında – konkret olaraq, Moskvada hazırlanan bir model təklif olunurdu. Mən bütün prosesin içində olmuşam – məsələni dəqiqliyi ilə bilirəm.

Təklif olunan modelin başındakı yeni sima da Rusiya vətəndaşı idi. Və bunu müxalifətin o zamankı liderləri də bilirdilər. "Milyarderlər İttifaqı” şərti adı ilə adlanan bir oluşum qurulmuşdu, bu oluşum azərbaycan kökənli zənginlərdən ibarət idi; lakin təşkilat Moskvada yerləşirdi, məqsədi də Qarabağı qurtarmaq deyildi…

- Nə idi, bəs onların məqsədləri?

- Azərbaycan siyasətinə, o platforma vasitəsi ilə, Azərbaycana müdaxilə etmək. Moskvada yaradılan "Milyarderlər İttifaqı” Bakıda Milli Şura qurdu və onun da başına dünya şöhrətli yerlimiz – kinodramaturq Rüstəm İbrahimbəyovu təklif etdi. Lakin, Rüstəm bəy Bakıya kino çəkməyə gəlmirdi – dərhal da elan etdi: onun məqsədi prezident İlham Əliyevi devirmək imiş. Bakıdakı müxalif avtoritetlər həyəcanlandılar, tez, İbrahimbəyovun ətrafında sıx birləşdilər, onu tənqid edən hər kəsi, eləcə də məni, hədəfə aldılar, lənətlədilər və vətən xaini, iqtidar adamı və s. elan etdilər… Sonra məlum oldu ki, İbrahimbəyov Rusiya vətəndaşıdı, prezidentliyə namizəd ola bilməz; sonra ağsaqqal heç Bakıya da gəlmədi. Dedi, məni tuta bilərlər, gəlmirəm… Cəmi bir dəfə "ac hərifləri” Tiflisə yığdı, danışdılar, ayrıldılar…

- Bəs, sizdən başqa bu prosesə etiraz edən yox idi?

- Hamı atmosferə düşmüşdü. Durmadan belə bir propoqanda yayılırdı ki, Putin İlham Əliyevi devirir, hakimiyyət dəyişir, burada da əsas alət Milli Şuradır və s. Bunun təsirləri böyük idi. Çoxları olası hakimiyyət dəyişikliyindən kənarda qalmaq istəmirdi. Bilə-bilə, düzünə qəsdlə Rusiya xüsusi xidmət orqanlarının avantürasına gedirdilər: bəlkə də oldu, ümidi ilə… Bəzi dostlarımız isə, "Milli Şuraya gedək, orada çoxluğu və nəzarəti ələ götürək, Rusiya layihəsinə imkan verməyək”, devizi ilə oraya doğru yön almışdı. Milli Şuraya qədər biz İctimai Palata modeli ilə birləşmişdik və bu model Azərbaycanın demək olar ki, bütün müxalifət düşərgəsini əhatə edirdi. Son iclaslarda Əli Kərimli təklif etdi ki, İP-i buraxaq, Milli Şuraya gedək. İP-in Milli Şuraya çevrilməsi ilə bağlı müzakirələri kiminsə bağ evində, telefonlar söndürülərək, müzakirə etdik. Qızğın müzakirələr gedirdi, hətta söz davaları düşürdü…

- Kimin bağ evində toplaşmışdınız?

- Bu, o qədər də önəmli deyil.

- Milli Şura Azərbaycan üçün konkret hansı təhlükə yaradırdı?

- Bir qismini bayaq dedim. Bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı, bu açıq-aşkar vətənə xəyanət layihəsidir. Buna imkan vermək olmaz. Layihəyə "ok” deyənlərinsə arqumenti bu idi ki, biz Rusiya vasitəsi ilə İlham Əliyevi devirək, iki illik koalision hökuməti quraq, məhz bu zaman xalqla birlikdə İbrahimbəyovu və digər Rusiya adamlarını devirib, bütün təşəbbüsü özümüz ələ alarıq… O zamanlar sonradan "Ərəb baharı” adlanan proses də Azərbaycana çox təsir edirdi, müəyyən ictimai fəallaşmalar var idi; liderlər düşünürdülər ki, 1988-92-ci illərdə Azərbaycanda və 2010-cu illərdə Ərəbistan yarımadasında olduğu kimi, məhz xalq hərəkatları vasitəsi ilə, küçə rıçaqlarını işə salaraq, hər şeyi tənzimləyə biləcəklər."Rusiyanı Azərbaycandan biz qovmadıqmı, indi də onun adamlarını, Abbas Abbasovu qovarıq. Hələ bir İlham Əliyevi devirək…” Düşüncə, arqument və həm də təhlükə… bunlar idi.

- Və nəyə qərar verdiniz?

- Gördüm və əmin oldum ki, İlham Əliyev Əli Kərimlidən, hətta müxalifətin bir çoxundan daha vətənpərvər liderdir. Bunu öncə, Wikileaks təlatümü zamanı da- məxfi sənədlər açılarkən, faktoloji olaraq görmüşdüm… Əli Kərimli və tərəfdarları isə hakimiyyət naminə hər şeyi – ölkəmizi belə, qurban etməyə hazır, qorxulu və güvənilməz bir dəstədir. Milli Şura layihəsi Azərbaycana çox baha başa gəldi. Mən prosesin görünməyən tərəflərindən də xəbərdaram, lakin çox şeyləri də deyə bilmirəm, az qala dövlət sirridir. Onu deyə bilərəm ki, İlham Əliyev hakimiyyətini və ölkədəki sabitliyi, hətta böyütmədən deyirəm, Azərbaycanı qorumaq üçün 2013-cü ildə bəzi qurbanlar verdi. O zaman yazırdıq ha, Rusiya Bakıya Xəzərdən gəmilərlə gəldi (girdi)… Bax, ondan danışıram… İlham Əliyev bacardı, Rusiya Milli Şuranı istifadə edib, bir küncə atdı, bəlkə bir daha da lazım oldu, deyə…

- Ümumiyyətlə, sanki müxalifəti iqtidardan daha həvəslə qınayırsınız. Yoxsa səhv təəssüratdır?

- Elə deyil. Ya da hamısını deyil. Baş verənlərin sadəcə, bir qismini anlatdım. Bu gün məni hər hansı xəyanətdə suçlayanların başında gələnlərin özlərinin kim olduqlarını göstərməyə çalışdım. Amma müxalifət düşərgəsində mənim keçmiş və indiki dostlarım, çox hörmət etdiyim layiqli, fədakar insanlar var. Normal siyasi partiyalar, perspektivli gənclər də çoxdur. Əksinə, mən iqtidara deyirəm ki, müxalifətin nəfəsini kəsmək olmaz, onu sıradan çıxartmaq təhlükəlidir, müxalifət dövlətin strateji nöqtəsidir. Müxalifətə büdcədən maliyyə ayırmaq, qərargahla təmin etmək, qayğılarına qalmaq, müxalif liderləri protokola salmaq lazımdır.

Ölkədə sekulyar, sivil müxalifətin güclənməsini təmin etmək şərtdir. Hakimiyyətin efir və media siyasəti qədər də, daxili siyasətdə səhvləri var. YAP-çılar qürurla öyünür ki, ölkədə müxalifət yoxdur. Belədirsə, çox pis.

Belə deyilsə, bunu belə görməyi arzulayırlarsa, daha da pis. Buyur, ölkədəki müxalifəti, medianı sıxışdır, sənə Avropada müxalifət cəbhəsi açıb, üstünə təhdid və söyüşlər yağdıracaqlar. Avropada mövcud Azərbaycan iqtidarına qarşı qurulan aqressiv virtual müxalifətdən başqa, hər mənada xarici paytaxtlardan qidalanan başqa güclər də var. Və onlar ən müxtəlif dini-ideoloji cərəyanlar adı altında, icmalar şəklində Azərbaycanda təşkilatlanırlar.

İqtidar ölkənin daxilində ictimai-siyasi həyatın aktivləşməsində, narazı elektoratın baxış bucağının ölkə daxilinə yönlənməsində özü maraqlı olmalıdır. Müxalifətin tanınmış simaları televiziyalara çıxmalı, fikirlərini çəkinmədən söyləməli və Azərbaycan insanı, alternativ xəbər, fikir arayan hər kəs onları dinləməlidir. Nəinki Orduxanı, Vidadini və başqa söyüşlə, jarqonla xitab edən yeni "Avropa müxalifəti”ni. Parlament seçkiləri 6 ay qabağa çəkilməli, seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradılmalı, bunu da əsasında, Milli Məclis yenidən təşkil olunmalıdır. Növbəti parlament seçkisi ilə Ana müxalifətin lideri bəlirlənməlidir. Prezident qədər, ana müxalifət liderinin də kim olmasının, nə vəziyyətdə olmasının böyük əhəmiyyəti var dövlətimiz, müstəqilliyimizin təminatı baxımından.

- Müxalifətdən də, hökumətdən də müəyyən narazılığınız var. Hökuməti bildik, bəs müxalifəti niyə dəyişməyə çalışmadınız? Bəlkə özünüz lider olmalıydınız? Hətta belə xəbərlər dolaşır ki, Müsavat partiyasının deqradasiyası davam edərsə, onu ələ keçirmək üçün sizdə hüquqi zəminin olduğunu demisiniz. Müsavatı ələ keçirmək kimi planınız varmı?

- Bunu Facebookda bir dostumuzla yazışanda, qısa replika kimi yazıdım. Elə bir xüsusi bəyanım olmayıb. Amma Azərbaycanda Müsavat adına ilk təşkilat quranlardan və bugünkü Müsavat Partiyasının da qurucularından biri olaraq, hər zaman özümü bu partiya ilə bağlı məsuliyyət altında hiss edirəm.

- "Müsavat adına ilk təşkilat” deyəndə ki, bəyəm onu tək qurmuşdunuz?

- O mərhələdə, indiki Müsavat rəhbərlərindən heç kim yox idi. Bunu demək istəyirəm. Müsavat 1989-cu ilin oktyabr ayında yaradıldı. İlk rəhbər heyətdə bunlar var idi: Mənsur Əlisoy (vəfat edib), Əhməd Rza, mən, Bəxtiyar Tuncay və Niyazi İbrahimov. Sonradan mənim təşəbbüsümlə Nəsib Nəsibzadə (indi Nəsibli) partiyaya gətirildi. İsa Qəmbər başda olmaqla, indi rəhbərlikdə olanlardan bəzilərini biz Müsavat təşkilatına dəvət etdik. Konkret olaraq, mən və Nəsib Nəsibli.

- Yəni, İsa Qəmbəri siz dəvət etmisiniz Müsavata?

- 1990-cı ilin iyun ayındakı konfransda Nəsib bəyi təşkilata rəhbər gətirdik. Bu, mənim və Niyazi İbrahimovun (hazırda Almaniyada mühacirətdədi) təşəbbüsü idi. Düşündük ki, partiya daxilində konfliktlərə və parçalanmalara son qoymaq üçün araşdırmaçı alim, yaxın dostumuz Nəsib Nəsibzadə (Nəsibli) AMDP Yeni Müsavatın rəhbərliyinə gətirilsin. Üstəlik, bilirdik ki, Nəsib bəy Ankaradakı Milli Mərkəzlə – Müsavatın hüquqi varisləri ilə yaxındır. Bu əlaqə vasitəsi ilə Ankaradakı Rəsulzadə silahdaşlarının da dəstəyini almaq, daha da böyümək və Azərbaycanda Müsavatı həm də hüquqən bərpa etmək istədik. İndidən deyim ki, bu plan çox parlaq şəkildə baş tutdu. AXC sədri, milli hərəkatın lideri Elçibəylə görüşdüm, onun dəstəyini aldım, daha sonra Nəsib bəylə bərabər Elçibəylə görüşüb, ondan Müsavat Partiyasına rəhbərlik etməsi xahişində bulunduq…

- Görünən budur ki, Elçibəy bu təklifinizi qəbul etməyib.

- Etməyib. Əbülfəz bəy dedi ki, mən indiki halda AXC hərəkatını buraxa bilmərəm. Müsavata rəhbərliyi İsa Qəmbərə təklif edin, mən də öz razılığımı ona söyləyəcəm. Burada mütləq onu da deməliyəm ki, mənim Elçibəylə təmasım və onun məsləhətləri ilə partiyaya yön verməyim 1990-cı ilin ortalarından başlayır. 1991-ci ilin sonlarında isə, ona Müsavatın başına gəl, təklifini etdik…

- İsa Qəmbərin reaksiyası necə olmuşdu? Nə iş görürdü o vaxt İsa bəy?

- İsa Qəmbərlə üçümüz görüşdük – Nəsib bəy, mən və Niyazi İbrahimov. O zaman AXC içərisində elan olunmuş, amma fəaliyyətsiz bir partiya vardı- ŞADP. Ona da rəhbərliyi İsa Qəmbər edirdi. Bizim dəvətimizlə İsa bəy ŞADP-ni buraxıb, Müsavata gəldi və indiki Müsavat partiyası qurulmağa başlandı.

- Kimlər vardı prosesdə?

- Aradan çox illər keçib, hazırda əlimin altında sənədlər yoxdur. Amma bütün onların hamısı arxivimdə var. Yadıma düşənləri deyə bilərəm. Belə qərara gəldik ki, 5 nəfər "Yeni Müsavat”dan, 5 nəfər də ŞADP-dən olmaqla, bir ilkin heyət yaradılsın, bu heyət danışıqları və Müsavatın Azərbaycanda rəsmi bərpa prosesini hazırlasın. "Yeni Müsavat” tərəfdən heyəti dəqiq xatırlayıram: Nəsib Nəsibli, Rauf Arifoğlu, Niyazi İbrahimov, Sədrəddin Soltan (o zaman İsmayılov idi) və Rizvan Hüseynov. İsa Qəmbərin rəhbərlik etdiyi ŞADP-dən isə İsa bəy özü, Sabit Bağırov, Mirbaba Babayev və Vurğun Əyyub yadımdadır. Hikmət Hacızadə ilkin heyətə təklif olundu, lakin mənim etirazımla onun adı başqasına dəyişdirildi. Kimə, onu dəqiq xatırlaya bilmirəm…

- Hüquqi zəmin buna deyirsiniz? Bunlar kifayətdir ki, Müsavat Partiyasına əl qoyasınız?

- Heç bir zəminə iddia etmirəm. Müsavat Partiyasına da iddiam yoxdur. Mən siyasətə, yenidən partiyalaşmağa qərar versəm, bunu Müsavatı geri almaq davasına çevirməyəcəm.

"Yeni Müsavat” adı məndə qalır, müsavatçılıq missiyası da. Elan etsəm və bütün müsavatçıları, hərəkatçıları "Yeni Müsavat” çatısı altına dəvət etsəm, əminəm ki, bu dəfə də böyük uğur qazanacam və parlaq nəticələr olacaq.

Mənim əl qoyduğum layihələr birmənalı olaraq uğur qazanır və uzun ömürlü olur. Məsələn, elə "Yeni Müsavat” qəzeti…

- Bəs, nəyi gözləyirsiz, niyə etmirsiz?

Tarix: 27-09-2019, 17:31
Xəbəri paylaş





Xəbər lenti