“Mən ölkədə qanunların diktaturasına söykənən sərt idarəçiliyin qurulmasının tərəfdarıyam”-Müqəddəs Mehdiyev

    
Şimali Qafqaz üzrə ekspert, Xaçmazın sabiq icra başçısı Müqəddəs Mehdiyevdən SƏRT AÇIQLAMALAR
Dünyadakı böyük dövlətlər və güc mərkəzləri kiçik məmləkətlərdəki iqtidarlara öz maraqlarına uyğun müxtəlif adlar qoyurlar. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı və digər təşkilatlar da bu güc mərkəzlərinin istəklərinə uyğun davranış sərgiləyirlər. Elə xalqlar var ki, iqtidarlarının necə adlandırılmasının fərqində deyillər. Onilliklər boyu qanunlarla deyil, “dəmir əllə” idarə olunublar. Məsələn, ABŞ-la siyasi və iqtisadi müttəfiq olan Səud Krallığında demokratiya axtarmaq heç kimin yadına düşmür. Ağ ev rəsmilərinə bu barədə sual verəndə deyirlər ki, bütün rejimlərlə işləməyi bacarırlar. Deməli ABŞ-ın maraqları demokratik dəyərlərdən qat-qat üstündür. Dediklərim daha çox müsəlman ölkələrinə aiddir. Diqqətlə araşdırsaq görərik ki, bu dövlətlərdə uzunömürlü iqtidarlar dəyişdikdən sonra anarxiya yaranır. Götürək Liviyanı, Tunisi, İraqı, hələ də kim tərəfindən idarə olunduğu bilinməyən Suriyanı və başqa ölkələri. Qəddafini bəyənmədilər, heç bir mənəviyyata və əxlaqa sığmayan üsullarla məhv etdilər. Küçələrdə sürüyüb vəhşicəsinə ölürdülər. Fransa prezidenti Sarkoziyə verdiyi 20 milyard dollar da köməyinə çatmadı. İndi bu ölkənin yarısına marşal Xəlifə Xaftar rəhbərlik edir, xalq ikiyə bölünüb. Tunisdə hələ də qarışıqlıqdır, İraqda Səddamın boğazına keçirilən kəndir indi əhalinin boğazındadır. Partlayışlar, qətliamlar ara vermir. Suriyada isə lap mürəkkəb vəziyyət yaranıb. Dünyanın güc mərkəzləri ölkəni hərbi sınaq məntəqəsinə çeviriblər. ABŞ-da, Avropada, Rusiyada, İranda kim səhər yuxudan tez oyanırsa Suriyaya bomba yağdırır. Köhnə və təzə silahlar bədbəxt suriyalıların üzərində yoxlanılır. Fakt budur ki, narkotik tranziti, insan və orqan alveri, silah ticarəti və digər çirkin əməllər gəmidə gizləndiyi iddia olunan Bəşər Əsədin “qızıl dövrlərində” yox idi. Əfqanıstan parça-parçadır. Burada terror aktı baş verməyəndə əhali darıxır. ABŞ gah əyninə xalat geyinmiş Əşrəf Qəninin kürəklərini sığallayır, gah da Taliban liderlərini Ağ evdə qonaq edir. Müsəlman dövlətlərində baş verən siyasi oyunları saymaqla bitmir. Mən heç də bəzi ölkələrin keçmiş liderlərini birmənalı müdafiə etmirəm. Onlar istəsəydilər rəhbərlik etdikləri dövlətləri dinc yolla sivil dünyaya inteqrasiya etdirərdilər. Yeri gəlmişkən, Misiri də nümunə çəkmək istəyirəm. Əgər xatırlayırsınızsa, milyonlarla insan paytaxt Qahirənin Təhrir meydanına yığışıb 40 il hakimiyyətdə olan Mübarəki devirdi. Saqqallı aksiyaçılar onun yerinə mərhum Məhəmməd Mursini gətirdilər. Mübarəki isə xərəyə qoyub məhkəmə zallarını gəzdirdilər. Lakin ölkədə sabitlik bərpa olmadı. Hakimiyyəti ələ keçirən radikal dindarlar ağıllarına nə gəlirdisə edirdilər. Vəziyyəti belə görən fedmarşal Sisi Mursini devirib zindana ataraq hakimiyyəti ələ keçirdi. Bəs gününü ABŞ-da bu ölkənin rəhbərləri ilə yaxtalarda kofe içməklə keçirən Mübarəki niyə devirdilər? Əslində hamı gözləyirdi ki, inqilabdan sonra hakimiyyətə demokratik lider gələcək. Amma tərsinə oldu. Təhrir meydanındakılar prezident kürsüsünə Misiri şəriət qanunları ilə idarə etməyi üstün sayan adamı oturtdular. Sisinin sayəsində ABŞ-ın bu ölkədə vətəndaş müharibəsi planı baş tutmadı. Hazırda qardaş Türkiyədə də başqa küləklər əsir. Bu dövlətin dini cameəsi öndədir. Belə getsə, müsəlman aləmində dünyəvi dövlət kimi sadəcə Azərbaycan qalacaq. Qalacaqmı? İranın sonunu gözləyək...
Mən bu faktları təsadüfən sadalamıram. Hamınız bilirsiniz ki, ABŞ, Avropa və beynəlxalq təşkilatlar ərəb ölkələrində yaratdıqları xaos və qırğınları “ərəb baharı” və “demokratik inqilablar” kimi dünya ictimaiyyətinə sırıyırdılar. Əslində ərəb qətliamları adlandıra biləcəyimiz bu hadisələrin demokratiyaya heç bir aidiyyatı yox idi. Nəticələr göz qabağındadır. İndi dünyanın güc mərkəzləri və böyük dövlətləri yeni üsula əl atıblar. Keçmiş Sovetlər Birliyindəki respublikalarda ”süni dövlət doğuşlarına” başlayıblar. Rusiya da bu planda yer alır. Məqsəd keçmiş SSRİ-nin ərazisini xırıd etməkdir. Amma bu məsələdə ABŞ və Qərb Rusiya ilə üz-üzə gəliblər. Şimal qonşumuz da eyni üsulla imperiyanı bərpa etmək üçün münaqişə ocaqlarını leqallaşdırır. Hələlik Sovetlər Birliyi ərazisindəki qondarma dövlətciklərin kimin karına gələcəyi bilinmir. Proses davam edir.
İndi isə Azərbaycandan danışacağam. Yuxarıda yazdıqlarımın ölkəmizə nə dərəcədə aid olub-olmadığına özünüz qərar verin. Son vaxtlar yutub kanallarında çıxış edənlər xalqı inqilaba səsləyirlər. Əhatə dairəsi getdikcə böyüyür. Onların dedikləri eynən Məhəmməd Mursinin hakimiyyətə gəlməzdən öncəki müraciətlərinə bənzəyir. Hədəflərinə nəzər salaq.
1. Azərbaycanda diktaturadır, Əliyevlər hakimiyyətdən getməlidir. Azərbaycan tam feodal qanunlarla idarə edilən Türkmənistanla eyniləşdirilir. O dövlətlə ki, sıradan bir Azərbaycan vətəndaşı orada baş verənlərdən bixəbərdir.
2. Silahla, yaba və dəyənəklə yaraqlanıb küçələrə çıxmaq lazımdır.
3. Qarabağdan öncə Bakını kimlərinsə işğalından azad etmək vacibdir.
4. Hakimiyyəti ələ keçirmədən Dağlıq Qarabağ problemi həll edilməyəcək.
5. Paytaxtdakı bütün müxalifət liderləri satqın və xəyanətkardır, 26 ilin agentləridirlər.
6. Adını belə çəkmək istəmədiyim Əlikram Hümbətov və sadvalçılar, milli dövlətinə silah qaldıran Surət Hüseynov qəhrəman kimi təbliğ edilir(Bəs onda Əbülfəz Elçibəy kimdir)?
7. İnsanlara şüuraltı yeridilir ki, onlar dinimizin qoyduğu qaydalarla yaşasaydılar bu qədər murdarçılıq və fəlakət başımıza gəlməzdi.
8. İranın dövlət maraqlarına xidmət edilir və bu ölkənin siyasi mühacirlərinin mübarizəsi Azərbaycana yönəldilir. Ortalığa belə bir qorxunc şüar atılır ki, Cənubi Azərbaycanın taleyi Azərbaycandakı hakimiyyətin devrilməsindən asılıdır. Bununla da ölkəmizdəki qonşu dövlətin bütün əlaltıları və xəfiyyələri canlandırılır.
9. Əsas “stavka ” Rusiyada yaşayan azərbaycanlılara qoyulur. Onlara təlqin edilir ki, ölkəyə qayıdıb inqilaba qoşulsunlar. Rusiyaya imkan yaradılır ki, azərbaycanlılardan bir alət kimi istifadə edib mövcud iqtidarı təhdid altında saxlasınlar. Rusiya küçələrində o yana-bu yana şütüyən avtomobil karvanları ilə qonşu ölkədə belə bir ictimai rəy formalaşdırılır ki, azərbaycanlıların əsas məqsədi Dağlıq Qarabağı işğaldan azad etmək yox, hakimiyyəti devirməkdir.
10. Çox ustalıqla Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prerzident Əbülfəz Elçibəy aşağılanır. Onun yerinə Cənubi Azərbaycandan yeni lider ortaya çıxarılır.
11. Mərhum prezident Heydər Əliyev bütün istiqamətlərdən vurulur, Azərbaycanda sovet hakimiyyəti qurulanda baş verən faciələr belə onun ayağına yazılır.
12. Azərbaycanda süni şəkildə kürd problemi qabardılır. Azərbaycanlılar və digər etnik azlıqlar kürd xalqının nümayəndələri ilə üz-üzə qoyulur.
13. Yutub kanallarındakı çıxışları təhlil etdikdə məsələ tam aydınlaşır. Azərbaycan xalqına onun iqtidarının və müxalifətinin xəyanətkar olduğu aşılanır, Rusiya və İran xilaskar obrazında təqdim edilir və s.

Bütün bunların fonunda Azərbaycandakı ictimai-siyasi və sosial durum necədir? Bəs yutubdakı “inqilab rəhbərləri”nin radikal çıxışlarına rəvac verən kimlərdir? Diqqətlə araşdırsaq görərik ki, ölkəmizdə məmur özbaşınalığı, korrupsiya və rüşvət kimi hallar xalqın səbr kasasını daşdırır. İnsanlar haqlı olaraq bunların qarşısının alınmasını tələb edirlər. Bəs necə? Bu məsələdə fikir ayrılıqları da var. Bəzi siyasilər iddia edirlər ki, demokratiyanı daha da genişləndirmək, seçki islahatları aparmaq, qanunvericilik bazasını təkmilləşdirmək yolu ilə məmur təbəqəsini islah etmək mümkündür. Vaxtilə mən də bu fikirlərin tərəfdarı olmuşam. Lakin zaman keçdikcə, daha çox mütaliə etdikcə, başqa ölkələrin təcrübələrini öyrəndikcə indiki halda birinci yolun cəmiyyət həyatına ciddi dəyişikliklər gətirəcəyinə inanmıram. Əvvəla biz müharibə şəraitində və torpaqlarının iyirmi faizi işğal altında olan bir dövlətdə yaşayırıq. Bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Müharibə hər an alovlana bilər. Ona görə də Azərbaycanda çox ciddi dövlət intizamı yaratmağa ehtiyac duyulur. Ölkədə qanunların diktaturasına söykənən sərt idarəçilik qurulmalıdır. Sıravi vətəndaşdan tutmuş ən yüksək vəzifə sahibinədək hamı qanunların köləsinə çevrilməlidir. Yoxsa bu nədir? İnsanlar ərizə yazır, aylarla baxılmır. Məhkəmələr vətəndaşları illərlə süründürməçiliyə məruz qoyurlar. Təhsil və səhiyyə sahələrində islahatların ancaq adı çəkilir. Ölkədə bir məmur toxunulmazlığı mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, o, xalqın bir nömrəli xidmətçisidir. Onda bu bəzi nazirlər, icra başçıları, prokurorlar, polis rəisləri, hakimlər özlərini nə sayırlar? Xalqın əsəblərini nə qədər tarıma çəkmək olar? Baxın, hər gün rayonlardan mərkəzi icra hakimiyyətinə saysız-hesabsız şikayət ərizələri axır. Vətəndaşlar ən xırda məsələyə görə dövlət başçısına müraciət etməyə məhkumdurlar. Həmin məktublar baxılmaq üçün yenidən haqqında şikayət olunan qurumun özünə göndərilir. Başqa çarə də yoxdur... Ən pisi budur ki, qanunlara məhəl qoymayan məmurlara heç kim gözün üstə qaşın var demir. Korrupsiya və rüşvət ayaq tutub yeriyir. Biz niyə bu cür eybəcərlikləri həyat tərzimizə çevirməliyik? Nə vaxtadək dövlət qurumundan çıxan vətəndaş “filan qədər hörmət etdim, işim düzəldi” ifadəsini işlədəcək? Nə vaxtadək xəstəxanalara üz tutan insanlara dərman siyahıları veriləcək? Bəlkə bunlara son qoyaq, vaxt çatmayıbmı?
Biri Bakıda "Qarabağ" mahnısında rəqs edir, başqası isə Qarabağ cəbhəsindəki təmas xəttində şəhid olur. Paytaxtın mərkəzi küçələrində ərəb turistləri açıq-aşkar əxlaqsızlıq edərək bizə meydan oxuyurlar. Telekanallarımızda düşmənlə Sarı gəlin, dolma və lavaş davası aparırıq. Dövlət məmurlarının gözü qarşısında azyaşlı qızlar ərə verilir, narkomaniya gənclərimizi məhv edir. Ziyalılarımız küncə qısılıb səslərini çıxarmırlar, orden-medal yarışına giriblər. Hansını deyim? Elə götürək ölkədəki dini cərəyanları. Biri deyir ki, ələ silah götürmək olmaz. Digəri xilafət eşqindədir. Başqa birisi “biz ölərik Qarabağı vermərik” şüarı əvəzinə İranın “biz ölərik hicabı tərk etmərik” kimi geydirmə şüarını bağırır. Dünyəvi elmlərə qarşı cəbhə açılıb. Azyaşlı uşaqlar müxtəlif cərəyanlara cəlb olunublar. Xaçmazda məscidlər əhali arasında dini təriqətlərin adları ilə çağırılır. Vəhhabilərin məscidi, süleymançıların məscidi, nəqşibəndilərin məscidi və s. Rəzalətdir! Bütün bunlara son qoymaq vaxtı çatmayıbmı? Nə vaxtdan multikulturalizm dini bölücülüyə xidmət edib? Azərbaycan paytaxtında və bölgələrində fahişəliyi yayan xüsusi qruplar mövcuddur. Bəzi restoran və kafelərdə iyrənclik baş alıb gedir. Əxlaqsızlıq yuvası nədir? Nəyə görə daxili işlər nazirliyindən gəlib rayonlarda bu cür yerləri bağlamalıdırlar? Məgər əyalətlərdəki icra başçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri bunları görmürlərmi? Bəs ictimaiyyət? Axı müxtəlif xəstəliklər yayan, ailələrin dağılmasına səbəb olan əxlaqsızlıq yuvaları mənəviyyatımızı məhv edir! Cəmiyyət həyatını hörümçək toru kimi bürümüş belə biabırçılıqları sadalamaqla bitmir. Bu bəlalardan məhz sərt qanunlar və onların sistemli icrası ilə qurtulmaq mümkündür. Bu vəziyyətdə biz işğal edilmiş torpaqlarımızı necə azad edəcəyik? Düşmənlə savaşı təkcə Milli Ordunun üzərinə yıxmaq lazım deyil. Bütün cəmiyyət səfərbər olunmalıdır. Yoxsa müharibə İsrail-Fələstin münaqişəsinə dönərək onilliklərlə uzanacaq. Bəzi dövlətlərin məqsədi də elə budur.
Başa düşmürəm, bütün cəmiyyəti qanunlarla yaşamağa məcbur etmək nə vaxtdan diktatura sayılıb? Məgər Avropada hərə öz istədiyini edir? Əsla belə deyil. Necə olur ki, ABŞ-da yaşayan azərbaycanlı yaşam tərzini bu ölkənin qanunlarına uyğunlaşdıraraq tamam fərqli bir insana çevrilir. Niyə həmin vətəndaş bizdə bunu etməsin? Birinci növbədə ölkədəki məhkəmə sistemi çox ciddi islahatlara və kadr dəyişikliklərinə məruz qalmalıdır. Şikayətlərə baxılma müddətləri maksimum qısaldılmalıdır. Ən xırda məsələdən tutmuş böyük problemədək icra başçısına, nazirə, dövlət rəhbərinə şikayət olunmamalıdır. Keçmiş SSRİ-nin vərdişlərindən yaxa qurtarmalıyıq. Əgər dövlət məmuru vətəndaşın şikayətinə baxılmasını qanunla nəzərdə tutulmuş vaxtda həll etmirsə dərhal məhkəməyə verilməlidir. Əgər məhkəmə vətəndaşın xeyrinə qərar çıxararsa, məmur işdən azad edilməli, dövlət qulluğunda çalışmaq və ya hər hansı sahədə vəzifə tutmaq hüququndan ömürlük məhrum olunmalıdır. Azərbaycanda ölüm hökmü də bərpa edilməlidir. Hər gün insanlığa sığmayan cinayətlərin törədildiyinin şahidi oluruq. Ölüm hökmünü ləğv etməklə özümüzü kimə göstəririk? Vergidən yayınan hər bir sahibkar, sıravi vətəndaş belə ciddi məsliyyətə cəlb edilməlidir.
Bizdə Mətbuat Şurası adlı bir təşkilat var. Qurum reketliklə məşğul olan KİV-lərin adlarını qara siyahıya salır. Əgər jurnalist gedib kimdənsə rüşvət tələb edirsə artıq cinayətə yol vermiş sayılır. Nə ağ, nə qara, nə də qırmızı siyahıdan söhbət gedə bilməz. Əgər mətbu orqanın reketliklə məşğul olduğu sübuta yetirilərsə dərhal qapanmalıdır. Müharibə şəraitində Milli Orduda psixoloji gərginlik yaradan, əsgər və zabitləri, əhalini dezinformasiya ilə çaş-baş salan KİV-lər bağlanmalıdır. Bir sözlə, cəmiyyətin idarə edilməsində yalnız “VƏTƏNDAŞ VƏ QANUN” prinsipi əsas götürülməlidir. Hər bir kəs hiss etməlidir ki, dövlət və onun qanunları qarşısında qeyd-şərtsiz cavabdehdir.
Ardı olacaq.

Siam.az
  
Tarix: 22-09-2019, 22:12
Xəbəri paylaş





Xəbər lenti