Müxalifətin birliyini kim pozdu? - 16 il əvvəlki uğursuzluğun səbəbləri açıqlanır - Yenə Əli Kərimlinin adı hallanır

Müxalifətin birliyini kim pozdu? - 16 il əvvəlki uğursuzluğun səbəbləri açıqlanır - Yenə Əli Kərimlinin adı hallanır


Müxalifətin 2003-cü il prezident seçkilərindəki uğursuzluğunun səbəbləri yenidən müzakirəyə çıxarılıb. 

Son günlər məsələ ilə bağlı məlumatlı insanların açıqlamaları diqqəti yenidən 16 il əvvəl baş vermiş hadisələrə çəkib. Bəzi söylənilənlərdən belə aydın olur ki, müxalifət o zaman da hakimiyyətə hazır olmayıb. Məsələ uzun illərdən sonra ilk dəfə gündəmə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən iqtidar-müxalifət “Dəyirmi masa”sında çıxıb.

“Dəyirmi masa”da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev gətirib. Q.Həsənquliyev çıxışında deyib ki, seçkilərə xaricdən müdaxilələr əvvəllər də olub. O, bildirib ki, 2003-cü il  seçkilərində AMİP lideri Etibar Məmmədovun prezidentliyə namizəd olmasını xaricdən istəmişdilər. Deputat bu fikirləri hazırda xaricdə yaşayan keçmiş siyasi fəal Qorxmaz Əsgərovun bu yaxınlarda dediklərinə istinadən dilə gətirdiyini vurğulayıb. İddiaya görə, E.Məmmədovun namizəd olmasını ABŞ Milli Demokratiya İnstitutu istəyibmiş. Bu çıxışdan sonra 2003-cü il prezident seçkilərində müxalifət daxilində baş verən proses gündəmə gəlib və həmin prosesin iştirakçıları həmin vaxt baş verənlərlə bağlı müxtəlif fikirlər səsləndirib. Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov sözügedən məsələ ilə bağlı deyib ki, ölkənin müxalifət düşərgəsi Etibar Məmmədovun namizədliyi üzərində dayanmışdı:

“Hətta AXCP, Müsavat, ADP və AMİP liderlərinin Londonda keçirilən zirvə toplantısında müxalifətin vahid namizədi kimi Etibar Məmmədovun irəli sürülməsi barədə ilkin razılığa gəlinmişdi. Sonradan bu razılaşmaya Moskvada mühacirətdə olan sabiq prezident Ayaz Mütəllibov da qoşuldu. Lakin seçki dönəmində iqtidarın təhriki və daxili siyasi yanlışlıqlarla Müsavat başqanı İsa Qəmbər bu razılaşmanı pozdu”.

Qeyd edək ki, 2003-cü il seçkilərində müxalifətdə olan əksər partiya “Bizim Azərbaycan" seçki blokunun namizədi İsa Qəmbəri dəstəkləyib. O dövrdə proseslərin iştirakçıları olanların dediyinə görə, İsa Qəmbəri bir çox siyasətçi, hətta Amerikada yaşayan Rəsul Quliyev də dəstəkləyib. 2003-cü il prezident seçkilərində İsa Qəmbərin seçki qərargahının üzvü olmuş Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə Cebhe.info-ya açıqlamasında Etibar Məmmədovla bağlı səslənən iddialara inanmadığını deyib. Onun sözlərinə görə,  proses başladıqdan sonra İsa Qəmbərin kiminsə xeyrinə seçkidən çəkilməsi məsələsi onun yaxın  çevrəsində müzakirə predmeti olmayıb. P.Hüseyn həmçinin Rəsul Quliyevin 2003-cü il seçkilərində İsa Qəmbəri şərtsiz dəstəklədiyini bildirib.

2003-cü ildə Rəsul Qulyevin sədri olduğu Azərbaycan Demokrat Partiyasının (ADP) baş katibi olan, seçki prosesində iştirak edən Sərdar Cəlaloğlu (hazırda ADP-nin sədri - müəll.)deyib ki, Etibar Məmmədovun vahid namizədliyinə dair razılığın  əldə olunması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

“Seçki kampaniyasının bir müddəti arxada qaldıqdan sonra Əli Kərimli məni dəvət etdi və dedi ki, İsa Qəmbərin mitinqləri onun Etibar Məmmədovdan açıq-aşkar üstünlüyə, daha çox xalq dəstəyinə malik olduğunu göstərir, ona görə də London razılaşmamıza görə gəlin “İsa Qəmbəri vahid namizəd” elan edək. Əli Kərimli bildirdi ki, bu barədə Etibar Məmmədovla da danışacaq. Mən də Rəsul Quliyevlə bu barədə danışdım və Rəsul Quliyev də razılaşmaya əməl edərək İsa Qəmbəri dəstəkləməyə hazır olduğunu dedi. Getdim İsa Qəmbərin yanına, bütün bunlar barədə məlumat verdim. 

Sonra Əli Kərimli ilə Etibar Məmmədov İsa Qəmbərlə ”Kiyev" restoranında görüşmüşdülər. Orada İsa Qəmbəri aldatmışdılar ki, guya Rəsul Quliyev heç bir böyük vəzifə istəmədiyini deyib. Mənim bir səhvim oldu. Əli Kərimliyə dedim ki, Etibar Məmmədov Milli Məclisin sədri olacaq, sən də olacaqsan Konstitusiya Məhkəməsinin sədri. Əli Kərimli bu təklifin əslində, İsa Qəmbərin mövqeyi olduğunu bildiyindən bunu real təklif kimi qəbul edərək narazı qalıb. Əli Kərimli Etibar Məmmədovun baş nazir, özünün isə Milli Məclisin sədri olmasını istəyirdi. İsa Qəmbəri də buna görə dəstəkləmək istəyində idi. Rəsul Quliyevin baş nazir olacağı ilə bağlı məsələnin ortaya çıxmasından sonra Əli Kərimli Etibar Məmmədovu dəstəklədi”, - deyə Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında deyib.

Göründüyü kimi, müxalifət daxilindəki qarşıdurmalar, fikir ayrılıqları, zamanında birləşə bilməmək illər əvvəl həmin prosesin də iflası ilə nəticələnib. Kimlərin və niyə prosesi pozması isə hələlik açıq şəkildə ifadə olunmasa da, açıqlamalar əslində, vəziyyəti müəyyən qədər aydınlaşdırır. Vahid namizəd, lider olmaq, yüksək post tutmaq üçün razılaşmalar və bu kimi amillərə istinad etsək, müxalifət təmsilçiləri 2003-cü ildə xalqın maraqlarından başqa hər şey haqqında mübahisə və müzakirə aparıb. Nəticə də göz qabağındadır.

Vilayət Muxtar
Cebhe.info


Tarix: 17-09-2019, 16:33
Xəbəri paylaş





Xəbər lenti