Azərbaycanın müxalifət partiyaları zaman-zaman siyasi rəqibləri tərəfindən sədrlərinin illərdir, dəyişməməsində, müxalifət daxilində monarxiyanın olmasında ittiham edilir.
Hətta məhz bu faktora görə Azərbaycanın müxalifət partiya sədrləri ilə hakimiyyətin idarəetməsində heç bir fərq olmadığını iddia edən siyasi şərhçilər də var. Mənzərə gördüyümüz kimidir: bəzi siyasi liderlər illərdir, partiyanın rəhbərliyindədir, özlərini az qala müxalifət naziri kimi aparırlar, illərdir partiyada seçki keçirilmir və bununla da demokratik ənənələrə öncə özləri zərbə vururlar.
“Yeni Müsavat” bu günə qədər partiya sədrliyindən gedən, amma həmin partiyada qalan siyasətçilərlə bağlı kiçik bir arayış hazırlayıb.
İsa Qəmbər
Bu siyahıya heç şübhəsiz ki, Müsavatın sabiq başqanı İsa Qəmbər öncüllük edir. İ.Qəmbər partiyanın 2014-cü ildə keçirilən başqanlıq seçkilərinə qatılmayıb və partiyanın həmin dövrdəki mərkəzi aparat rəhbəri Arif Hacılı seçkilərdə qalib gələrək, başqan kreslosunda əyləşib.
Seçkidə partiya başqanlığına namizədlər arasında Qubad İbadoğlu və Tural Abbaslı da olub. Onların hər ikisi daha sonra Müsavatdan ayrılaraq, müstəqil siyasi qurum yaradıblar. İ.Qəmbər isə həm partiyada qalıb, həm də Milli Strateji Düşüncə Mərkəzinə rəhbərlik edir.
İ.Qəmbərin partiya başqanlığından gedişi isə zaman-zaman müzakirələrə səbəb olub. Hətta ADP sədri Sərdar Cəlaloğlu 2015-ci ildə partiyadan kütləvi istefalar olan zaman bu mövzuda fərqli açıqlama verib.
Sərdar Cəlaloğlu
ADP sədri bildirib ki, partiya yeniliyə meyilli olmadığı üçün rəhbər dəyişikliyi mənfi təsir göstərib: “Rəhbərlik dəyişiləndə partiyada situasiya iki cür dəyişə bilər, ya o güclənər, ya da dağılar. Müsavat Partiyası da ideloji yox, liderlik kultu üzərində qurulduğundan rəhbər dəyişikliyi belə nəticələndi. Biz vaxtında İsa Qəmbərə xəbərdarlıq etmişdik. Bilirdik ki, İsa Qəmbər getsə, Müsavat dağılacaq. Oxşar vəziyyətə Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Liberal Partiyasında da şahid olmuşuq. Etibar Məmmədov və Lalə Şövkət partiya sədrliyindən gedəndən sonra hər iki partiyanın hansı günə düşdüyü hamıya məlumdur”.
Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov 2004-cü ildə sədrlikdən istefa verib. İstefa zamanı bəyan edib ki, partiyada ab-havanı dəyişmək üçün başqa, yeni fikirli insanlara ehtiyac var.
Partiyada əvvəl Əli Əliyev, sonra Ayaz Rüstəmov sədr seçildi. Ayaz Rüstəmov səhhətinə görə istefa verdi, sonra sədrin səlahiyyətlərini baş katib Fuad Muxtarov icra elədi.
Etibar Məmmədov
E.Məmmədov AMİP-də qalsa da, aktiv siyasətlə məşğul olmur. O, bununla bağlı mövqeyini isə belə açıqlayıb: “Mənim aktiv siyasətdən çəkilməyimin əsas səbəbi yeni və gənc siyasətçilərin üzə çıxması, yeni siyasi güc mərkəzlərinin yaranmasına imkan verməklə bağlı olub. Lakin təəssüf ki, hələ də buna nail olunmayıb. Nə yeni güclər meydana çıxıb, nə də cəmiyyət buna hazır olduğunu göstərib. Mən siyasətdən kənarda deyiləm. Müşahidə də edirəm, fikirlərimi də bildirirəm, lazım olanda məsləhətlərimi də, təkliflərimi də verirəm. Üzərimə vəzifə qoyulacağı, hər hansı bir iş təklif olunacağı, fikirlərimə ehtiyac yaranacağı, hər hansı bir məsuliyyətin altına girməklə bağlı təkliflər olacağı halda mən həmişə hazıram. Və heç vaxt da bu cür məsuliyyətin altına girməkdən imtina etməmişəm. Bu günə qədər dövlət və millət üçün üzərimə vəzifə qoyulduqda mən bundan qaçmamışam və məndən tələb olunan hər şeyi etmişəm. Üzərimə qoyulan istənilən vəzifə isə uğurla nəticələnib”.
Azərbaycan Liberal Partiyasının lideri, sabiq dövlət katibi Lalə Şövkət Hacıyeva da 14 il bundan öncə siyasətdən gedib. Bir qisim düşünür ki, müxalifətdaxili intriqalar Lalə xanımı bir növ siyasətdən bezdirib və o, uzaqlaşmağa üstünlük verib.
Lalə Şövkət Hacıyeva
Dövlət katibi vəzifəsindən könüllü gedən, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən imtina edən, 2003-cü ilin prezident seçkilərində iştirak edərək, əsas namizədlərdən sayılan, bundan iki il sonra deputat mandatından imtina edən bir liderin siyasətdə görünməməsi təhlilini tələb edən məqamdır.
O, 1995-ci il iyunun 3-də Bərdə şəhərində təsis konfransı keçirilən Liberal Partiyasına sədr seçilib. 7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət prezident seçkilərinə qurumun lideri kimi qatılıb.
2005-ci ildəki parlament seçkilərinə Mili Birlik blokunun və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində qələbə qazanıb və onun mandatı rəsmən təsdiq edilib. Lakin seçki pozuntularına etiraz etdiyini səbəb göstərən Lalə Şövkət millət vəkili mandatından imtina edib.
Sonralar heç bir seçkiyə qatılmayıb.