Ölkədə seçki sisteminin dəyişdirilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi yenidən müzakirə predmetinə çevrilib.
Məlumdur ki, hazırda ölkədə parlament seçkiləri majoritar sistemlə keçirilir. Təklif edilir ki, proporsional-çoxpartiyalı seçki sistemi bərpa olunsun. Qeyd edək ki, Azərbaycanda 2002-ci ilə qədər həm majoritar, həm də proporsional seçki sistemi tətbiq olunub. 2002-ci ildə isə referendum keçirilərək proporsianal seçki sistemi tamamilə ləğv edilib.
Digər tərəfdən, Milli Məclisdə deputat yerlərinin artırılması təklifİ də var. Hesab edilir ki, Azərbaycan əhalisinin sayının artması deputat yerlərinin çoxaldılmasını zəruri edir. Qeyd edək ki, deputatların sayının 125 nəfər olması ölkə əhalisinin sayı 7.5 milyon olan zaman tətbiq edilib. Hazırda ölkə əhalisinin sayı 10 milyondan çoxdur. Bu da deputat yerlərinin sayının artırılmasını zəruri edir. Hər iki təklifin həyata keçirilməsi yalnız referendumla mümkündür.
Maraqlıdır, ölkədə proporsional seçki sistemi bərpa oluna və deputat yerlərinin sayı artırıla bilərmi?
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə şərhində proporsional seçki sisteminin bərpasının vacib olduğunu deyib. Ə.Əliyev deputat yerlərinin artırılmasını da məqsədəuyğun hesab edib:
“Ümumiyyətlə, hər şeydən çox siyasi iradə ortada olmalıdır.
Bu, olmadıqca nəticə olmayacaq. İstər proporsional seçki olsun, istər olmasın, istər deputat yerləri artırılsın, istər artırılmasın. Ona görə də ilk növbədə siyasi zərurətin duyulmasına ehtiyac var. Ondan sonra təbii ki, proporsional seçki sisteminin bərpası zəruridir. Fikrimcə, ən azından indiki məqamda parlament üzlərinin yarısı proporsional, yarısı isə majoritar sistemlə seçilə bilər.
Deputatların sayı da artırıla bilər. Dairələr bir qədər böyükdür, seçki dairələrinin əraziləri genişdir. Ola bilər ki, seçki dairələrinin hüdudları bir qədər məhdudlaşdırılsın. Başqa cür ifadə etsək, parlament üzvlərinin artırılması məqsədəuyğun ola bilər”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli isə hesab edir ki, proporsional seçki sisteminin bərpası və deputat yerlərinin artırılması inandırıcı deyil:
“Cəmiyyətdə siyasi mühit münbit deyil. Münbit şərait olmadıqda isə seçkiyə münasibət birmənalı olmur. Əvvəlki seçkilərdə proporsional sistem var idi. Sonradan seçki sisteminə dəyişiklik olundu. Partiyalar üçün proporsional sistem müsbətdir. Ancaq siyasətçi üçün hansı seçki sisteminin olması maraq kəsb etmir. Əsas odur ki, seçki şəffaf keçirilsin. Seçki komisiyalarının isə tərkibi çoxpartiyalı sistemlə formalaşsın. Ölkədə seçki mühitinə uyğun olaraq insanlar fəallaşsın, hüquqlarından istifadə edib seçkilərə qatılsınlar. O ki qaldı proporsional seçki sisteminin bərpasına, məncə, inandırıçı deyil”.
R.Daşdəmirli hesab edir ki, deputat sayının artırılması ideyası da inandırıcı deyil:
“Say nəyi həll edir ki? Xalqın seçdiyi, əhalinin maraqlarından çıxış edən, xalqın yanında olan, dövlətçiliyin möhkəmlənməsinə xidmət edən deputatların sayı çox olsa, yaxşıdır”. Rafiq Daşdəmirli deyib ki, seçki komisiyaların tərkibi də yenilənməlidir.
Ümid Partiyası sədrinin müavini Tamilla Qulami də hər iki təklifin indiki durumda reallaşma ehtimalının olmadığını deyib:
“İndiki dönəm üçün proporsional seçki sisteminin bərpası, deputat yerlərinin artırılması real görünmür. Gələn seçkilər üçün ola bilər”.
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli isə deyib ki, demokratik ölkə quruculuğunda mütləq proporsianal seçki sistemi bərpa olunmalıdır. N.Cəfərli deputat yerlərinin artırılmasının da zəruri olduğunu deyib:
“Majoritar sistemdə səs verən insanların səslərinin böyük bir hissəsi itir. Çünki bu sistemdə sadə səs çoxluğu qazanan namizəd deputat seçilir. Məsələn, hər bir dairədə orta hesabla 40 min seçici var. Bir seçkidə bu 30 min şəxsin 10 namizədə səs verdiyini düşünsək, 3500 səs alan namizəd deputat olacaq. Qalan 26 mindən çox səs heçə gedəcək. Majoritar sistemin ən böyük problemi məhz budur. Ona görə də proporsional seçki sisteminin bərpa olunması, partiyaların güclənməsinə, sivil qaydada mübarizə aparmasına səbəb olacaq. Bununla həm də ölkənin bütün siyasi spektrinin parlamentdə təmsil olunmasına imkan yarana bilər. Proporsional seçki sistemində səs limiti önəmlidir. Düşünmürəm ki, parlamentdə düşmək üçün böyük bir faiz limiti tətbiq olunmalıdır. Ən optimal variant 3-5 faiz civarında limitin tətbiq olunmasıdır. Bu, marginal və zərif qrupların parlamentə düşməsini müəyyən qədər əngəlləyər, koalisiyaların yaranmasına səbəb olar. Bu da demokratiyanın əsas prinsiplərindən biridir. Bu sistemin oturuşması üçün çox vacib amildir. Ona görə də düşünürəm ki, parlamentdə deputat yerlərinin sayının artırılması da doğru qərar olardı. Çünki 125 deputat Azərbaycanın əhalisinin 7.5 milyon nəfər olduğu zaman müəyyənləşdirilib. İndi əhali artıq 10 milyondan çoxdur. Ona görə də məntiqlə də deputat yerlərinin sayı artırılmalıdır. Hesab edirəm ki, ən optimal variant deputatların sayının 150-yə çatıdırılmasıdır. Tamamilə proporsional seçkinin bərpa olunması müxtəlif siyasi güclərin parlamentdə təmsil olunmasına, yeni təşkilatların yaranmasına səbəb ola bilər. Hazırda normal sistem qurulmayıb. Çox partiyalar tək adamdan ibarətdir. Proporsional seçki sistemində keçid Azərbaycanda partiyaların daxilində də demokratik mübarizənin əsasını qoya bilər”.
Ağ Partiyanın sədri Tural Abbaslı deputat sayının 150-yə çatdırılmasının, proporsional seçkinin bərpasının tərəfdarıdır:
“Biz Ağ Partiya olaraq Azərbaycanın tam proporsional seçki sisteminə keçməsinin və deputat sayının ən azı 125-dən 150-yə qaldırılmasının tərəfdarıyıq. Bunu da hər imkanda səsləndiririk. Lakin hazırda bu sistemə keçid və say artımı müxalifətin tələblərindən çox iqtidarın siyasi iradəsindən asılıdır. Əgər iqtidar son zamanlar hər məqamda səsləndirdiyi islahatlarda səmimidirsə, o zaman ilk olaraq bundan başlamalıdır. Mən belə bir dəyişiklikləri tam real və mümkün hesab edirəm. Qeyd etdiyim kimi, burada siyasi iradə əsas məsələdir. Digər bütün məsələlər demək olar ki, texniki xarakter daşıyır. Demokratik cəmiyyət quruculuğunda parlamentin rolu danılmazdır. Parlamentin tərkibinin isə siyasi spektrin bütün tərəflərindən təşkil olunması zəruridir. Proporsional seçki sistemi partiyaların rolunu və önəmini artıracaq, bu da öz növbəsində islahat yönümündə önəmli addım olacaq”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da bildirib ki, proporsional seçki sisteminin bərpasına ehtiyac var. Ə.Orucov deputat yerlərinin sayının o qədər də önəm daşımadığı qənaətindədir:
“2002-ci il referendumuna qədər Azərbaycanda bu sistem var idi. Proporsianal seçki sistemi ilə 25 deputat seçilirdi. Amma 2002-ci ildən sonra isə majoritar sistem tətbiq olundu. Əslində, proporsional sistemin bərpa olunması çox vacibdir. Bununla bağlı hökumətə dəfələrlə təkliflər vermişik. Çünki bu təcrübə demokratik dünyanın hər yerində tətbiq olunur. Bu, həm partiyaların, həm də cəmiyyətin inkişafı baxımından müsbət stimul yaradır. Partiyaların daxilində də rəqabət yaranır ki, bu da siyasi institutların inkişafı deməkdir. Amma çox təəssüflər olsun ki, Azərbaycanda dəfələrlə təklif olunmasına, zərurət yaranmasına baxmayaraq, proporsional seçki sistemi bərpa olunmur. Regionda olan ölkələrin də əksəriyyətində bu sistem tətbiq olunur. Deputatların sayının artırılması isə o qədər də önəmli deyil. Çünki deputatların sayının artırılması heç nəyi dəyişmir, əsas kəmiyyət yox, keyfiyyətdir. Siyasi sistemin təkminləşdirilməsinə, daha da demokratikləşdirilməsinə ehtiyac var ki, parlamentin iş rejiminin, onun tərkibinin keyfiyyətinə gətirib çıxara bilər. Amma region ölkələrinə baxsaq, Gürcüstanda 150, Ermənistanda 131 deputat var. Hər bir baxımdan-həm ərazi, həm də əhali baxımından Azərbaycan daha üstündür, amma deputatlarının sayı 125-dir. Buna görə Azərbaycanda da deputat yerlərinin artırılması yaxşı olardı”.