Qarabağ üçün yeni “Yol xəritəsi”


Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Krımın ilhaqını tanıdığını iddia edib. Dediyinə görə, 2014-cü ildə ABŞ-ın o vaxtkı dövlət katibi Con Kerri səsvermənin nəticələrinin krımlıların arzusunu əks etdirdiyini etiraf edib, ancaq beynəlxalq normalara uyğun təkrar seçki tələb edib.

Kerrinin belə bir ifadə işlədib-işlətmədiyi, Krımdakı referendumun beynəlxalq standartlara, Ukrayna konstitusiyasına uyğun olmadığı ilə işimiz yox. Adama deyərlər, referendum yolu ilə başqa suveren ölkədən torpaq qoparmaq belə yaxşı şeydirsə, onu özünüzə də rəva bilin də! Rusiyanın milli-muxtar qurumlarında keçirilmiş referendumları nəzərdə tuturuq.

Ötən əsrin 90-cı illərinin əvvəllərində, Yeltsin dönəmində Tatarıstanda müstəqillik referendumu olub. Ərazisində xeyli sayda rusun yaşamasına rəğmən, o zaman səsvermə hüququ olanların 50%-dən bir qədər çoxu Tatarıstanın müstəqilliyinə səs vermişdi. Çeçenistanda da ayrılma referendumu olmuşdu. Amma Putin hakimiyyətə gələn kimi çeçen xalqını qan gölündə boğdu, orada öz marionetini oturtdu. Ancaq bu gün yeni referendum keçirilsə, çeçenlərin 90%-i yenə müstəqilliyə səs verər.

İndi belə çıxır, digər ölkələrin ərazisində (Krım, Donbas, Dnestryanı bölgə) yaşayan ruslar öz müqəddəratını təyinetmə haqqına sahib xalq sayılır, ancaq öz tarixi vətənlərində min illərdir kök salmış çeçenlər, tatarlar isə yox? Demək, harada ki, referendum Moskvanın imperiya maraqlarına cavab verir (Abxaziya, Cənubi Osetiya, Krım), həmin referendum beynəlxalq hüquqa uyğundur və insan haqlarının təcəssümüdür, harada ki, əksinə, imperiyanın varlığına təhlükə yaradır (Çeçenistan, Tatarıstan), o zaman bu separatçılıqdır?! Rusiya hələ federativ dövlətdir - unitar Ukrayna, Gürcüstan və Azərbaycandan fərqli olaraq.

Gəldik özümüzə. İşğal altındakı Qarabağda da separatçılar vaxtilə “müstəqillik” referendumu keçiriblər - köklü azərbaycanlı əhalini axırıncı nəfərinədək qovandan, Dağlıq Qarabağ və ətraf 7 rayonu etnik təmizlənməyə məruz qoyandan sonra. Üstəgəl, konstitusiyamız belə plebissiti qadağan edir. Yəni azərbaycanlılar Qarabağa qayıtsa belə, yerli ermənilərə bu haqq tanına, hansısa “Madrid prinsipləri” ilə onlara referendum vədi verilə bilməz.

Politoloq Eldar Namazov qəzetimizə son müsahibəsində bir neçə məqam bu xüsusda diqqət çəkir. Sitat 1: “Bu günədək Dağlıq Qarabağ məsələsində bizim o qədər yanşılıqlarımız olub ki - Minsk Qrupunun yaradılmasından tutmuş, ”Madrid prinsipləri"ndə referendum məsələsinə kimi. Bu səhvlərdən nəticə çıxarıb ortalığa yeni gündəlik, “Yol xəritəsi” qoymalıyıq". Sitat 2: “Biz nəyin bahasına olur-olsun, torpağımızı azad etməliyik! Risklər, təhlükələr olacaq. Ancaq belə şeylərdən çəkinib torpaqlarımızı azad etməkdə tərəddüd etsək, onda bizi Qarabağı qaytarmaq yox, Naxçıvanı itirməmək haqqında düşünməyə məcbur edəcəklər”.

Təbii ki, Dağlıq Qarabağda referendum milli maraqlarımıza cavab vermir. Əgər Ermənistandan qovulmuş azərbaycanlıların sonuncu hissəsi - 250 minlik köklü əhali öz yurdlarına qayıdıb orada simmetrik referendum keçirilsəydi, o ayrı məsələ. Hər dövlətin öz maraq-mənafeyi yəni. O zaman biz niyə öz marağımızı gözardı edib risk altına qoymalıyıq? Öz müqəddəratı təyinetmə hansısa konfliktin həlli üçün belə yaxşı vasitədirsə, qoy Ermənistan, Rusiya onu özünə də tətbiq eləsin.

Qarabağa dair doğrudan da yeni, konseptual, barıt qoxulu təzə milli “Yol xəritəsi” hazırlayıb dünyaya bəyan eləmək zamanı deyilmi? Hansı sənəddə ki, referendum söhbəti yerli-dibli ola bilməz. Çünki erməni xalqı öz müqəddəratını çoxdan müəyyən edib. Yalnız yüksək muxtariyyət. Qoy hamı qəmişini bizdən birdəfəlik çəksin və boşuna ümidlənməsin...   

25 illik atəşkəsdən, 2016-cı ildəki 4 günlük müharibədən sonra artıq gün kimi aydındır ki, “dua ilə donuz darıdan çıxmayacaq”, danışıqlarla, yürüş-mitinqlərlə torpağımızı işğaldan azad edə bilməyəcəyik. Demək, “Yol xəritəsi”ndə işğalçıya son möhləti də göstərməliyik. Risk, təhlükə həmişə var. Onları əsas götürsək, gərək heç nə etməyək. Qarabağı qaytarmasaq, gerçəkdən də Naxçıvanı itirməmək haqda düşünməli olacağıq. Hələlik “addım-addım” taktikasına üstünlük verməliyik.

Yeni Lələtəpələrə doğru, ya Allah, bismillah!..

Zahid SƏFƏROĞLU
Tarix: 8-06-2019, 09:21
Xəbəri paylaş





Xəbər lenti