“İkili standart” - Qarabağ nizamlanması önündə 30 illik gizli əngəl


Həmsədr dövlətləri birləşdirən bu ortaq cəhət sülhü yox, müharibəni yaxınlaşdırır; rusiyalı politoloq: “Qarabağ məsələsində Moskva üçün əsas öz dövlət maraqlarıdır...”

2019-cu ilin 5-ci ayı yekunlaşmaq üzrədir. Təəssüf ki, bu il də Qarabağ konfliktinin dinc həlli prosesinə hələ ki, güclü dinamika gətirə bilməyib. Azərbaycan və Ermənistan rəhbərləri və XİN başçıları arasında bir neçə görüş reallaşsa da, danışıqları dalandan çıxarmaq mümkün olmayıb. Çünki erməni tərəf belə təmaslara müstəsna olaraq, vaxt uzatmaq vasitəsi kimi baxmaqda, vasitəçi dövlətlərin diplomatları isə öz səfər planlarında “quş qoymaq” üçün istifadə eləməkdədir.

Aydındır ki, münaqişə tərəfləri öz adı ilə (“işğalçı” və “işğala məruz qalan ölkə”) adlandırılmayınca, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi nizamlama üçün əsas götürülməyincə, problemin həllində müsbətə doğru dönüş yaratmaq mümkün olmayacaq və hərb variantı gec-tez bütün ciddiliyi ilə gündəmə gələcək.

*****

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ötən həftə müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində deyib.

“Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq. Əfsus ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşüb. Ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır”, - deyə dövlət başçısı qeyd edib.

İlgili resim

Prezident konfliktin dinc və ədalətli həllinə mane olan “ikili standart” məsələsinə də toxunub: “Hər kəs görür ki, münaqişə ilə bağlı ”ikili standartlar" mövcuddur. Necə ola bilər ki, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır və bu qətnamələr icra olunmur? Ona görə hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir".

*****

Təəssüf ki, belə “İkili standartlar” Qarabağ ixtilafının dinc həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri səviyyəsində də özünü zaman-zaman büruzə verir və konfliktin nizamlanmasında ən ciddi faktor, gizli əngəl olaraq qalır. Dağlıq Qarabağdakı separatçı rejimin cinayətkar rəhbərlərinə ABŞ, Fransa və Rusiyanı sərbəst gəzib dolaşmasına izn verilməsi bunun bariz təzahürü sayıla bilər. Halbuki dünyadakı, postsovet məkanındakı başqa separatçı rejimlərə tam fərqli, sərt və prinsipial bir münasibət mövcuddur.

Söhbət ilk növbədə Rusiyadan gedir. O Rusiya ki, Dağlıq Qarabağ probleminin həlli üçün onun əlində həqiqətən unikal imkanlar ola-ola, lakin bundan istifadə eləmir. Faktiki, işğalçı Ermənistanın əsas müttəfiqi kimi çıxış edir, onu işğalçı adlandırmaqdan çəkinir - baxmayaraq ki, Moskva sözdə ərazi bütövlüyümüzü dəstəklədiyini bəyan edir. Eləcə də ABŞ və Fransa.

Doğrudur, Rusiyada Azərbaycanın dostları da var və gerçəyi təbliğ edir, rəsmilərdən fərqli olaraq, daha obyektiv yanaşma sərgiləyirlər. Onlardan biri də Rusiya-Azərbaycan Parlamentlərarası Qrupun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevdir.

karabakh osce ile ilgili görsel sonucu

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq, bütün bu illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək, Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” portalına açıqlamasında deyib.

Rusiyalı deputatın sözlərinə görə, hazırda iki ölkə arasında möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri mövcuddur. “Moskva Cənubi Qafqazda Azərbaycanı təhlükəsizlik qarantı, regionda siyasi ab-havanı müəyyən edən faktor sayır”, - deyə o qeyd edib.

Bununla belə o, Rusiya KİV-lərində vaxtaşırı Qarabağ məsələsində Azərbaycan əleyhinə çıxışların olmasını da təəssüflə qeyd edib: “Azərbaycanın pozitiv inkişaf kursuna, həmçinin Rusiya ilə Azərbaycan arasında sayğılı və mehriban qonşuluq münasibətlərinə rəğmən, yenə KİV vasitəsi ilə hücumlat olur, Rusiya KİV-də dünyada heç bir dövlət tərəfindən tanınmayan ”arsax"ın pozitiv obrazını yaratmağa cəhdlər edilir. Ancaq yadda saxlamaq lazımdır ki, bu qəbildən çıxışlar iki ölkənin arasını vurmaq və Dağıq Qarabağ məsələsinin həllini qəlizləşdirmək cəhdindən başqa bir şey deyil. Hazırkı dövrdə belə səylər əbəsdir və gələcəkdə də belə olacaq".

*****

Stanislav Tarasov ile ilgili görsel sonucu

Erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov isə başqa cür düşünür və əslində Qarabağla bağlı Moskvanın gerçək hədəfini ortaya qoyur.

“Dağlıq Qarabağ konflikti Rusiyanın milli maraqlarına toxunur və bu konflikt ətrafında istənilən qeyri-sabitlik Rusiyanın da milli təhlükəsizliyinə təhdid yaradır”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə o, 1in.am erməni portalına Dağlıq Qarabağa növbəti qanunsuz səfərindən sonra (Tarasov Azərbaycan XİN-in “qara siyahısı”ndadır) İrəvanda bildirib.

“Biz orada (Dağlıq Qarabağ konflikti zonasında - red.) olmalı, hər şeyi görməliyik. Ancaq bu, heç də o demək deyil ki, biz bir tərəflə oynayırıq. Biz ilk növbədə öz dövlət maraqlarımızı qoruyuruq”, - deyə o bildirib.

Qarabağ münaqişəsinin nizamlamasına gəlincə, rusiyalı politoloq prosesdə müəyyən aktivlik olduğunu deyir: “Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş verən təmaslar, fikrimcə, perspektivlidir. Bu dialoq davam etməlidir. Hazırda xarici işlər nazirlərinin görüşü ilı bağlı müzakirələr gedir”.

Problemin həlli ilə bağlı müxtəlif ssenarilərin ola biləciyini deyən Tarasov konkret olaraq, Rusiyanın əlində həll planının mövcud olmadığını vurğulayıb. “Hələlik belə bir həll planı yoxdur. İrəvanda ”Lavrov planı" haqda çox danışırlar. Ancaq belə bir plan mövcud deyil. Burada yeganə məsələ odur ki, Bakı və İrəvan öz üzərilərinə məsuliyyət götürmək, müstəqil addımlar atmaq istəmirlər", - deyə Tarasov əlavə edib.

Ancaq problem ondadır ki, Rusiyanın vassalı olan işğalçı Ermənistan Dağlıq Qarabağ məsələsində müstəqil addım atmaq, öz üzərinə məsuliyyət götürmək kimi iradəyə sahib deyil. Yəni yenə Moskvanın “ikili standart” yanaşması...

Siyasət şöbəsi

Tarix: 27-05-2019, 09:37
Xəbəri paylaş





Xəbər lenti